AZ

Atalara ödənişli məzuniyyət necə veriləcək? - Komitə sədri detallı danışdı

"Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. Biz güclü ailə deyəndə ailədə uşaqlara verilən tərbiyəni nəzərə almalıyıq. 44 günlük Vətən Müharibəsində döyüşən, öz torpağını qoruyan, kənd və şəhərlər, hətta hər bir qarış torpaq üçün şəhid olan gənclərimiz əsl vətənpərvərlik ruhunda böyümüşdülər. Onların bir çoxu atalarını, doğmalarını, yaxınlarını Birinci Qarabağ müharibəsində itiriblər. Qarabağı heç vaxt görməyən, lakin şəhid olan atasına və digər qohumlarına görə bu müqəddəs mübarizəyə qalxan gənc işğala son qoydu, bütün şəhidlərin ruhunu şad etdi".
 
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
 
O qeyd edib ki, ailədə uşağın qayğısına ana ilə yanaşı ata da qalmalıdır: “Ata yalnız ailənin, uşağın maddi ehtiyaclarını deyil, həm də mənəvi, psixoloji, sosial-mədəni ehtiyaclarını qarşılamalıdır. Kişilərin uşağın qayğısında və onun təlim-tərbiyəsində iştirakına maneə yaradan gender sterotiplərinin aradan qaldırılması həm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərəcək”.
 
 
Komitə sədri hesab edir ki, ataların daha fəal emosional iştirakı uşaqların inkişaf və rifahına müsbət təsir göstərir:
 
“Təcrübə göstərir ki, hamiləlik və hamiləlikdən sonrakı dövrdə bir çox qadınlar müəyyən stresslərə məruz qalır, güclü emosional hal keçirir. Əlbəttə, çox vacibdir ki, yaxın adam ona kömək etsin, mənəvi dəstək göstərsin. Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir. Lakin bu, ödənişsiz olduğu üçün təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır”.
 
Millət vəkilinə görə, ödənişli məzuniyyətin tətbiqi çox müsbət nəticə verir: “Son 20 ildə dünyada atalıq məzuniyyətinin tətbiqi 21 faizdən 52 faizə yüksəlib. Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsi olaraq biz bununla bağlı bir neçə dəfə təkliflər vermişik. Fikrimizcə, qanunvericilikdə atalıq məzuniyyətinin ödənişli olması ilə dəyişikliyin edilməsinə ehtiyac var. Burada beynəlxalq təcrübənin öyrənilməsi də çox vacibdir”.
 
Hicran Hüseynova hesab edir ki, ödənişli atalıq məzuniyyəti qadınların məşğulluq səviyyəsinə də müsbət təsir göstərir: “Ona görə də gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviq olunması aktuallıq kəsb edir. Biz stereotipləri aradan qaldırmağa çalışmalıyıq, cəmiyyətə belə bir mesaj ötürməliyik ki, ailədə qadınla kişinin sosial rolları var və bu, qarşılıqlı hörmətə əsaslanmalıdır”.
 
Qeyd edək ki, həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi ilə təkliflər var. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda bu məsələ əksini tapıb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
14
moderator.az

10Mənbələr