AZ

Şəhriyar Məmmədyarovun bacısı: "İstənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur"

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun "qadınlar hər sahədə kişilərdən geridədirlər" fikrinə münasibət bildirib.
"Qafqazinfo"ya açıqlama verən Zeynəb Məmmədyarova qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:
"Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanırlar. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər. Şəhriyarla niyə eyni düşüncədə olduğuma aydınlıq gətirim. Belə ki, uğurlarımızda atamın rolu böyük olub, onun düşüncələri önəmli yerə sahibdir. Onun qurduğu planlar, cızdığı yol bizə təsir edib. Amma atam bunları qətiyyən təkbaşına həyata keçirə bilməzdi. Onun fikirlərini diqqətlə, hörmətlə, qayğıyla dəstəkləyən anam olub. Əgər anamın fikri başqa cür olsaydı, atamın dedikləri ilə razılaşmasaydı, desəydi ki, gəl uşaqları başqa sahəyə yönləndirək, narazılıq olsaydı, hər gün valideynlərimiz arasında fikir ayrılığı olsaydı, ikisi də bizi şahmatda dəstəkləməsəydi, belə nəticələr olmazdı.
Biz həyatda mübarizə aparmışıq, şahmatda yaxşı olmaq üçün saatlarla məşq etmişik. Bizim başımızın üstündə rəhbər olaraq atam dayanıb, anam isə ona dəstək olub. Məsələn, anamız qoymazdı ki, atamdan icazəsiz nəsə edək. Heç vaxt belə bir şey olmayıb. Atamla anam işlərini elə qurublar ki, nəticədə biz də düzgün yolda olmuşuq. Əgər biz məşqlərdən yorulanda anamıza deyib həyətə düşsəydik, filmə baxsaydıq, uğurumuz da olmazdı. Uğur qazanmaq üçün valideynlərim sərt üzlərini göstərə bilib. Düşünürəm ki, atamın uğurları bizlərik, Şəhriyardır və bizik. Şəhriyar böyük hörmətə sahibdir, bir çox ölkələrdə tanınır.
Şəhriyarın fikirlərinə gəlincə, o, çox gözəl sual verdi ki, "hansı sahədə qadınlar kişilərdən üstündür?" Yəni, şahmatda güclü bir qadın olub – Yudit Polqar. Başqa kimin adını çəkə bilərik? Çoxluq kişilərdir. Qadınlar var, amma üstünlük kişilərdədir.
Mən bir xanım olaraq 3 övlad böyüdürəm. Kişilərin işi isə tamam başqadır. Onlar bir istiqamətə tam köklənə bilirlər. İdeologiyalarını həyata keçirmək üçün diqqətlərini cəmləyən varlıqdırlar. Kişiləri bu zaman nə uşaqları, nə həyat yoldaşları narahat edə bilərlər. Amma qadın bir iş görəndə fikrini tam ona cəmləyə bilmir. Versə də, hər şeyi yenə düşünür. Uşağı düşünür, ailəni düşünür. Ana övladını unuda bilməz, məişət problemlərini unuda bilməz. Qadının fikri tam bir şeyə cəmlənə bilmir. Əvvəlcə bunu qəbul etmək lazımdır. Allah qadını başqa, kişini başqa cür yaradıb. Qadının beynində müxtəlif düşüncələr olur. Çünki onlar daha çox şey düşünür və istəyir, daha tez başa gəlməsi üçün çalışırlar. Kişilər isə işinə köklənirlər. Bu gün dünyada güclü qadınlar barmaqla sayılacaq qədərdir, kişilər isə daha çox və hətta qat-qat çoxdur. Məsələn, siz hansısa sahədə güclü qadın göstərə bilərsiniz, mütləq ondan daha güclü kişi var. Bu cür düşünürəm. Mənim fikrim qardaşımın sözlərini tamamlayar".
Qeyd edək ki, ötən gün İTV-də yayımlanan "Persona" verilişində qonaq olan qrosmeyster Şəhriyar Məmmədyarov qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib. Bu fikir sosial şəbəkələrdə narazılıqla qarşılanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
20
oxu.az

10Mənbələr