AZ

Azərbaycan-Belarus əlaqələrinin tarixində daha bir səhifə yazılmaqdadır

Azərbaycan-Belarus əlaqələrinin tarixində daha bir səhifə yazılmaqdadır. Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri və səfər zamanı imzalanan bir çox əhəmiyyətli sənədlər bunun təsdiqi oldu.

Belarus Prezidentinin cari ilin 16 may tarixində Azərbaycana etdiyi dövlət səfəri ölkələrimiz arasında əlaqələrin keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçidinə güclü təkan olacaq. Belarus və Azərbaycan arasında əlaqələr kifayət qədər geniş spektoru əhatə edir. Bura təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək kimi strateji əhəmiyyət kəsb edən sahələr də aiddir.  Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana etdiyi növbəti dövlət səfəri mövcud əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səbəb olacaq. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulayıb  ki, çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Dövlət başçısı  Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etdiyini bildirdi və qeyd etdi ki, bu istiqamətdə həyata keçiriləcək  işlərin miqyası çox genişdir.

Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyini elan etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.

İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və ölkələr arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və hərbi sahədə ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur.

Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. “Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə,  ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir.

Belarus o dost dövlətlərdəndir ki, daim Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək verib. Ümumiyyətlə, Azərbaycan və Belarus təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Müşahidə edilən dostluq münasibətləri, keçirilən görüşlər bu gün Cənubi Qafqazda sülh və davamlı inkişafın təmin olunmasına, habelə hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir. Mövcud geosiyasi təlatümlər fonunda isə Belarus Azərbaycanla əməkdaşlığa, müttəfiqliyə çox böyük diqqət göstərir.

Bütün bunlarla yanaşı, əlaqələrimizin dərinləşməsində hökumətlərarası və humanitar komissiyaların rolunu xüsusilə qeyd etmək lazımdır. Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək. Qeyd etmək lazımdır ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri zamanı 9 adda sənəd imzalanmışdır. Şübhəsiz ki, imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək.

 

Fuad Hüseynzadə

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
50
azerforum.com

10Mənbələr