AZ

Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir

"Rusiya raketləri, dronları və bombalarının zərbələri altında Ukraynada azad seçkilər keçirilə bilməz..."
 
"Bu, Rusiyanın "Maydan-3" adlanan xüsusi informasiya təbliğatı əməliyyatıdır..."
 
Avropa İttifaqı Vladimir Zelenskinin Ukrayna prezidenti postunda legitimliyinə şübhə etmir.
 
Moderator.az xəbər verir ki, bu barədə Birliyin diplomatik xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə brifinqdə bəyan edib. Məlumatı "Yevropeyskaya pravda" nəşri yayıb.
 
O, xatırladıb ki, Ukrayna azad seçkilər keçirə bilməz, çünki Rusiya raketləri, dronları və bombalarının zərbələri altındadır, milyonlarla insan isə ölkə daxilində və onun hüdudlarından kənarda məcburi köçkünə çevrilib.
 
"Belə şəraitdə seçkiləri təşkil etmək mümkün deyil. Belə şəraitdə insanları seçki məntəqələrinə toplamaq olarmı? Onlar Putin üçün hədəfə çevriləcək", - Stano deyib.
 
O, vurğulayıb ki, Ukrayna dövlətində "Rusiya ordusu və Kremlin siyasi rəhbərliyinin bütün kobud və iyrənc əlamətləri olan" Rusiya təcavüzü səbəbindən azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yoxdur.
 
Avropa Komissiyasının nümayəndəsi həmçinin deyib ki, Ukrayna Konstitusiyasına görə hazırkı prezident yeni prezident vəzifəsinə başlayanadək onun səlahiyyətlərini icra edir. 
 
Eyni zamanda hakimiyyətin davamlılığı Ukrayna Konstitusiyasının başlıca prinsiplərindən biridir, Ukrayna cəmiyyətində və siyasi partiyalar arasında isə kimin legitim prezident olması heç bir şübhə doğurmur.
 
"Biz də Avropa İttifaqı olaraq Ukrayna prezidentinin Vladimir Zelenski olduğuna şübhə etmirik", - Stano deyib.
 
Ukrayna prezidentinin "qeyri-legitimliyi" barədə mövzunu Rusiya qaldırır. Məsələ bundadır ki, Zelenskinin prezident səlahiyyətləri formal olaraq mayın 20-də, onun 20 may 2019-cu ildə prezident vəzifəsinə başlamasından düz beş il sonra başa çatır.
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, rusiyalılar Zelenskinin prezidentliyinin qanuniliyini şübhə altına almağa cəhd göstərəcək. Bu, Rusiyanın "Maydan-3" adlanan xüsusi  informasiya təbliğatı əməliyyatıdır.
 
Zelenskinin özü qeyd edib ki, seçkilərin keçirilməsi üçün əvvəlcə hərbi vəziyyətin qüvvədə olduğu zaman onların keçirilməsini qadağan edən qanunvericiliyi dəyişmək lazımdır.
 
O, vurğulayıb ki, hətta belə qadağa olmasaydı, müharibə şəraitində keçirilən seçkilərin dünya tərəfindən tanınması çox çətin olardı. Ukraynalıların əksəriyyəti belə fikirdədir və Zelenskini öz prezidentləri hesab edir.
 
CNN telekanalı qeyd edib ki, ABŞ Rusiyanın dezinformasiyasının Ukraynaya deyil, onun müttəfiqlərinə təsirindən narahatdır, çünki bu, Kiyevə dəstəyi sarsıda bilər.
 
Bu səylər çərçivəsində Vaşinqton həmçinin Rusiyada dezinformasiya ilə bağlı şəxslərə qarşı sanksiyalar tətbiq edib.
 
Amerika xüsusi xidmət orqanları hesab edir ki, sonuncu kampaniyanın arxasında Rusiyanın kəşfiyyat xidmətləri dayanır, dezinformasiya isə dövlət KİV-ləri, saxta saytlar və sosial şəbəkələr vasitəsilə yayılır.
 
"Biz buna Rusiya taktikasının təbii təkamülü və ya məntiqi inkişafı kimi baxırıq. Biz bu dezinformasiya səylərinin artmasını nəinki görürük, həm də artmaqda davam edəcəyini gözləyirik", - CNN qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
moderator.az

10Mənbələr