AZ

Səhm bazarına maraq niyə azdır? 

Yazını böyüt
Yazını kiçilt

Dünyada fərqli sahələrdə fəaliyyət göstərən müxtəlif şirkətlərin səhmləri bir çox investorlar üçün gəlirli maliyyə aləti hesab olunur. Belə ki, sadə vətəndaşlara da açıq olan şirkətlərin satışa çıxardığı qiymətli kağız olan səhmlər investisiya portfelini genişləndirmək üçün ən yaxşı seçim sayılır. Təbii ki, səhmlərin alqı-satqısı fiziki olaraq həyata keçirilmir. Bu istiqamətdə əməliyyatlar bank və ya broker şirkətinin vasitəçiliyi ilə aparılır. Qeyd edək ki, son illər Azərbaycanda bu sahəyə maraq artıb. Necə deyərlər, artıq pulu olanlar vəsaitlərini brokerlər vasitəsilə səhm bazarına yatırmağa çalışırlar. Mütəxəssislər isə fərqli investisiya alətləri arasında seçim edərkən diqqətli olmağı tövsiyə edirlər.

Bəs, görəsən, Azərbaycanda bu fəaliyyət növü necə tənzimlənir? Sadə vətəndaşların brokerlərə vəsaitlərini etibar etməsi risk yaradırmı?

Bazar yox dərəcəsindədir

Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanda bazar olduqca zəifdir: “Hətta deyərdim ki, yox dərəcəsindədir. Ayrı-ayrı iri şirkətlərin dövriyyəyə qiymətli kağızlar buraxması bazarın formalaşması demək deyil. Demək olar ki, bazar iştirakçılarının sayı da azdır və sadə vətəndaşların bu prosesdə iştirakına rast gəlmirik. Düzdür, sovet dövründə bazarda “zayom’’ deyilən qiymətli kağız var idi. İndi də SOCAR tərəfindən istiqrazlar buraxılır. Vətəndaşların həmin səhmlərin alqı-satqısında iştirakı, hətta brokerlərin vasitəçiliyindən istifadə etməsi məhdud xarakter daşıyır. Hansısa müəssisələrin səhmləri məhdud bir çərçivədə dövr edir. Onun alqı-satqısında sadə vətəndaşların iştirakı gözə dəymir. Heç bunun mexanizmi də bizə bəlli deyil. Bu baxımdan hesab edirəm, bizdə brokerlik fəaliyyəti yox dərəcəsindədir’’.

Bu halda vətəndaş pulunu yastıq altında saxlamaz

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirir ki, inkişaf etmiş ölkələrdə istiqrazları, qiymətli kağızları təkcə dövlət buraxmır, bu kağızları həm də özəl şirkətlər buraxır: “Dövlət, adətən, ona pul lazım olanda istiqrazlar buraxır, vətəndaşlardan pul alır. Dövlət istiqrazları dövlətin pula olan ehtiyacını vətəndaşın ehtiyata yığdığı vəsaitlər hesabına ödənilməsidir. Həmin o istiqrazlar müəyyən müddətdən sonra sahibinə müəyyən dividendlər, faizlər qazandırır. Digər tərəfdən, özəl şirkətlərin, yəni səhmdar cəmiyyətlərinin buraxdığı qiymətli kağızlar müəssisənin maliyyələşməsi üçün, onun fəaliyyətini genişləndirmək məqsədilə istifadə olunur. Həmin vəsaitlər hesabına gələn gəlirin mənfəət hissəsi ilin sonunda səhmlər arasında bölünür. Bütün bunlar ölkədə səhm bazarını yaradır. İnsanlar bu səhmləri əldə etməklə müəyyən gəlir qazanırlar. Məsələn, pandemiya dönəmində Amerikanın qiymətli kağızlar bazarında güclü canlanma getdi. Bu canlanmaya da səbəb var idi. Belə ki, dövlət vətəndaşlara kompensasiya olaraq vəsait verirdi. Hər yer bağlı olduğuna görə, vətəndaşlar o pulları xərcləyə bilmirdilər. Kütləvi olaraq hər kəs pulunu qiymətli kağızlar bazarına qoyurdu. Buna görə də dünyada iqtisadiyyat sahələri donduğu halda, ABŞ-də səhm bazarında canlanma qeydə alınmışdı. Ölkəmizdə bu bazar işləmir. Hələ ki, Azərbaycanda vətəndaşların belə bazara çıxış imkanları yoxdur. Bir qrup insan bu bazara çıxış imkanı var, o da məhdud çevrədə həyata keçirilən əqdlərdir. Azərbaycanda qiymətli kağızlar bazarı normal işləsə, pulu olan vətəndaşlar vəsaitini yastığın altında, banklarda saxlamaz, qiymətli kağızlara yatırar”.

Mərkəzi Bankdan lisenziya olmalıdır

Məsələnin hüquqi tərəflərinə toxunan hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanda səhm bazarının, brokerlik fəaliyyətinin işləməsi üçün qanunvericilik, infrastruktur mövcuddur: “Səhm bazarı ilə bağlı qanunvericilik, infrastruktur formalaşıb və onlar işləyir. Milli Depozit Mərkəzi, Bakı Fond Birjası 2000-ci illərdə yaranıb. Ölkəmizdə kifayət qədər açıq səhmdar cəmiyyətləri var. Onlar açıq səhmdar cəmiyyətləri olduqları üçün səhmləri alınıb-satıla bilər. Təəssüf ki, ölkəmizdə açıq səhmdar cəmiyyətlərinin səhmlərinin böyük hissəsi məhdud insanların əlindədir. Onlar isə əllərində olan səhmləri alğı-satqıya çıxarmır, qapalı şəkildə saxlayırlar”.

Onun sözlərinə görə, dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi ilə bazara daha çox səhm daxil oldu. İnvestorlar o müəssisələrin səhmlərini almaqda maraqlı deyillər: "Azərbaycanda dövlət müəssisələrinin bir hissəsinin özəlləşdirilməsi prosesi getdi və onlar açıq cəmiyyətə çevrilmişdir, bu zaman həmin müəssisələr Milli Depozit Mərkəzində qeydiyyatdan keçdi və Bakı Fond Birjasında alğı-satqının aparılması mümkün oldu. Köhnə dövrdən qalan, müasir standartlara cavab verməyən həmin müəssisələrin çoxunda korporativ idarəetmə standartlarının tətbiqi aşağı səviyyədə olduğu üçün maliyyə hesabatlılıqları qaneedici deyil. Maliyyə hesabatlılığı şəffaf olmayan strukturların səhmlərinin investorlar tərəfindən alınması isə bu bazarın ruhuna uyğun deyil. Vətəndaş, şirkətin parametrlərini, vəziyyətini görmədən o şirkətə investisiya etməz. Səhmdar cəmiyyətlərin böyük əksəriyyəti ölü vəziyyətində işləyir’’.

Ekspert deyir ki, Azərbaycanda qiymətli kağızlar bazarı real olaraq yoxdur: “Yəni, bizdə heç kim heç kimin qiymətli kağızını elə-belə almır. Bilinmir ki, onun arxasında nə durur, gəlir gətirəcəkmi, aldadacaqlarmı və s. Düzdür, ölkədə bu fəaliyyət növü qanunvericiliklə tənzimlənir və vətəndaşların brokerlərə etibar etməsində problem yoxdur. Brokerliklə məşğul olmaq üçün Mərkəzi Bankdan lisenziya əldə olunmalıdır. Həmin qurumlar Mərkəzi Bankın nəzarəti altında fəaliyyət göstərirlər. Yenə də qeyd edirəm, bu bazar özü bizdə sərfəli və təhlükəsiz alət hesab edilmir. Bazar inkişaf etməyib, səhmdar cəmiyyətlərin fəaliyyəti şəffaf deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
hafta.az

10Mənbələr