AZ

Ermənistan hakimiyyəti Azərbaycanla əməkdaşlığa görə təhdidlə üzləşib...

Image

Rusiya-Ermənistan münasibətlərində mövcud durum getdikcə daha kəskin xarakter alır. Proseslər göstərir ki, indi Ermənistan üçün əsas məqsəd Rusiya hərbi qüvvələrinin ölkə ərazisindən tamamilə çıxarılmasına nail olmaqdır. Bunu dolayısı ilə  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində təsdiq edib.

O qeyd edir ki, İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmasını xahiş etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir: “Rusiya tərəfi bizdən soruşdu ki, rus sərhədçilərin Ermənistanın Türkiyə və İranla sərhədindən çıxmasını istəyirikmi? Biz cavab verdik ki, yalnız 3 istiqamətdən onların çıxmasını xahiş edirik: “Zvartnots” hava limanından, Azərbaycanla sərhəddəki 17 sərhəd məntəqəsindən və Qarabağdakı sülhməramlıların Qarakilsə və Gorusda yerləşən iki bazasından. Həmin bazaların bağlanmasını istədik”. Ermənistanın İran və Türkiyə ilə sərhədi məsələsinə gəlincə, Qriqoryan vurğulayıb ki, orada rus sərhədçilərin yerləşdirilməsi müqavilə ilə tənzimlənir və Rusiya tərəfinə izah edilib ki, bu məsələ hazırda müzakirə olunmur: “Bizim rus sərhədçilərin Türkiyə və İranla sərhəddə qalmaları barədə heç bir xahişimiz olmayıb”. “Qraparak” qəzeti yazır ki, Qriqoryan sərhədçilərin hələlik çıxarılmadığını deyir və bu o anlama gəlir ki, yaxın tezlikdə bu məsələ müzakirə olunacaq. Hakimiyyət dairələrində artıq bununla bağlı müzakirələr gedir. Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın xahişi ilə Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlarını bildirmişdi. Qərbi Zəngəzurdan isə rus sərhədçiləri 12 maydan çıxmağa və bazaları bağlamağa başlayıb. Bununla yanaşı, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə də yollarını ayırmağa çalışır. Bu xüsüsda  “Eurasia” portalı yazır: “Rusiya Ermənistanın Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa cəsarət edəcəyini düşünərək, Ermənistanın baş naziri Nikol Paşinyana təzyiqləri artırır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın Ermənistanın KTMT-dən tamamilə çıxması ilə bağlı son açıqlamalarına cavab olaraq  bildirib ki, İrəvan təhlükəsizlik təşkilatındakı “üzvlüyünü ləğv etməkdə azaddır”.  Zaxarova deyib: “Biz hələ də erməni tərəfdaşlarımızın öz xarici siyasət kursunu, o cümlədən təşkilatda gələcək iş kontekstində, müstəqil şəkildə müəyyən etmək üçün suveren hüququnu şübhə altına almırıq”. Qarabağ münaqişəsində məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti ardıcıl olaraq Rusiyadan uzaqlaşır,  ABŞ və Avropa İttifaqı ilə münasibətləri gücləndirmək üçün addımlar atır. Bir çox ermənilər hesab edir ki, Rusiya münaqişənin sonunda öz təhlükəsizliyini təmin etmək üçün Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Orientasiya prosesində İrəvan artıq Kremlin NATO-ya əks çəkisi kimi yaratdığı KTMT üzvlüyünü dondurub. 2024-cü ilin əvvəlində Rusiya sülhməramlıları da bölgəni tərk edib və Ermənistan hakimiyyəti Rusiya hərbçilərinin Ermənistanda artıq qəbul edilmədiyini bildirib. Bundan əlavə, İrəvan rəsmi olaraq rus sərhədçilərinin ərazisində bəzi yerlərdən çıxarılmasını tələb edib.

Ötən ilin sentyabrında ermənilərin  Qarabağı tərk etməsinə görə Ermənistan Bakı ilə uzunmüddətli sülh sazişinin əldə edilməsinə yönəlmiş danışıqlarda az təsir rıçaqına malikdir. Ermənistan hakimiyyəti üçün aşkar rıçaqlardan biri KTMT-dən tam çıxmaq təhlükəsi idi. Lakin Moskva, görünür, Paşinyanın blef edib-etmədiyini yoxlamağa hazırdır. Diplomatik poker Paşinyanın Ermənistanın mövcud sərhədlərini qorumaq səylərinin bir hissəsidir. O, mövcud sərhədlərin KTMT tərəfindən tanınmasına çalışır. Daha əvvəl Paşinyan deyib ki, ermənilər niyə ölkənin hələ də KTMT-nin üzvü olduğunu soruşurlar və onun “cavab verəcəyi heç nə yoxdur”. Paşinyan daha sonra bəyan edib ki, əgər KTMT və onun rəhbərliyi “ölkənin suveren ərazisinin sərhədlərini necə gördüyünü göstərməsə” ölkə təşkilatı tərk edəcək. “Biz xahiş edirik, gözləyin, tələb edirik ki, hörmətli KTMT tərəfdaşlarımızdan KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir sualına cavab versinlər. Bunu etməsələr, Ermənistan təşkilatdan çıxacaq. Nə vaxt? Mən deyə bilmərəm”, -  Paşinyan bildirib. Rusiya hazırda Ermənistan sərhədinin KTMT tərəfindən tanınmasına razılıq verməyəcəyinə işarə edib və bu, Paşinyan üçün başqa problem yaradır, onun hökuməti də daxildə artan narazılıqla üzləşir. Bu narazılığın təzahürlərindən biri  hökumətin son ərazi müəyyənləşməsinin əleyhdarlarının təşkil etdiyi etiraz yürüşü oldu”. Amma erməni mediasının yazdığından o da bəlli olur ki, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə sülh şəraitində üzləşdiyi bütün problemləri, o cümlədən də xarici təhdidləri aradan qaldırmaq arzusundadır. “Qraparak” qəzeti yazır ki, məhz bu fonda da Nikol Paşinyan hökumətin iclasında “Azərbaycanın bütün tələblərini yerinə yetirəcəm” deyib. Nəşr iddia edir ki, hökumətin son iclasında baş nazir delimitasiya prosesini və imzalanan protokolu böyük uğur adlandırıb: “Sonra da əlavə edib ki, “ biz bu prinsipdən kənara çıxsaq və yeni sərhəd xətti yaratsaq, bu, hərbi toqquşmalar üçün daimi mənbə yaratmağımız demək olardı. Əslində onun sözlərinin izahı aydındır: Paşinyan deyir ki, “biz sərhədi mövcud reallıqlar əsasında çəkirik, yəni kimin ordusu hardadırsa, orada dayanır. Bu o deməkdir ki, Azərbaycanın Qaragöldən, Cermuxdan (İstisu), Sotkdan (Söyüdlü) geri çəkilməsinə ümid etmək lazım deyil. Erməni baş nazir açıq şəkildə mesaj verir ki, “hazır olun, Azərbaycanın bütün tələblərini yerinə yetirəcəm”. Bununla da Ermənistan hakimiyyəti Azərbaycanla əməkdaşılığı prioritet hesab etdiyini göstərir.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
baki-xeber.com

10Mənbələr