AZ

Fransa Yeni Kaledoniyada daha qəddar müstəmləkəçilik üsullarına keçdi...

Image

Sakit okeanın cənubunda Fransanın müstəmləkə altında saxlamaqda davam etdiyi Yeni Kaledoniyada vəziyyət getdikcə daha gərgin xarakter alır. Belə görünür ki, Fransa hakimiyyəti burada əhalinin bütün əsas hüquqlarını əlindən almaq niyyətindədir. Elə bu da ciddi etirazlara yol açıb. Amma Fransa güc strukturları ən qəddar üsullarla bu etirazları yatırmağa çalışır.

Yeni Kaledoniyanın paytaxtı Numeada tətbiq olunan komendant saatına baxmayaraq, baş verən iğtişaşlar Fransa parlamentində müzakirə edilən konstitusiya islahatı layihəsi ilə bağlıdır. Onun məqsədi Yeni Kaledoniyada ən azı 10 il yaşayan fransızlara yerli seçkilərdə səsvermə hüququnun verilməsidir. Yerli liderlərin bir neçəsi bu addımın köklü kanakların səsvermə hüququnu zəiflədəcəyindən ehtiyat edir. Yeni Kaledoniyanın müstəqilliyi uğrunda çıxış edən sosialistlərin əsas siyasi qrupu – Kanakların Azadlığı Milli Cəbhəsi yaydığı bəyanatda bildirir ki, Fransa onları tam assimlyasiya etmək üçün belə addımlar atır. Bu fonda etirazlar başlayıb. Amma Fransa güc strukturları ən sərt formada etirazlara müdaxilə edir.  Davam edən etirazlar fonunda baş nazir Qabriel Attal bildirib ki, Fransa hakimiyyəti fövqəladə vəziyyətin tətbiq olunduğu Yeni Kaledoniyada etirazlara görə ordunu cəlb etmək qərarına gəlib.  Fransa üçün Yeni Kaledoniyada vəziyyətin mümkün qədər tez nəzarət altına almaq vacibdir, çünki arxipelaq nikel istehsalına görə dünyada beşinci yeri tutur. Illərdir ki, Fransa bu ehtiyatı istismar edir. Baş verən etirazlar fonunda Türkiyənin “Haber Global” televiziyasının yayımladığı materialda isə qeyd olunur ki, Yeni Kaledoniyanı vətəndaş müharibəsinin kabusu təqib edir. Fransa prezidenti Emmanuel Makron Parisdən 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırıb. Süjetdə xatırladılır ki, mayın 13-də Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniyada şiddətli iğtişaşlar başlayıb. Makronun əmri ilə getdikcə şiddətlənən iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan edilib. Yerli media hadisələrdə azı 5 nəfərin öldüyünü açıqlayıb. Yerli əhali olan kanaklar Parisin adalardakı rolunu daha da artırmaq istədiyinə inanır və bu islahata qarşı çıxırlar. Qeyd edək ki, Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Əhalinin 40 faizini yerli əhali, kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il Numea müqaviləsinə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə və əyalət və parlament seçkilərində səsverməni yalnız ovaxtkı sakinlərlə məhdudlaşdırmağa razılaşıb. Amma vədinə əməl etmir və yeni qanun layihəsinin hazırlanması da bunun təsdiqidir. Aprelin əvvəlində qanun layihəsini Fransa Senatı, mayın 14-də isə Milli Assambleya təsdiqləyib. Yekun təsdiq iyunun əvvəlinə planlaşdırılır. Arxipelaqda buna etiraz edən nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq, bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.

Fransanın müdaxiləsi nəticəsində Yeni Kaledoniya sakinləri ərzaq çatışmazlığı ilə də üzləşib. Son bilgilərə görə, bəzi supermarketlər məhdudiyyətlər tətbiq ediblər: bir dəfəyə 10-dan çox adamı içəri buraxmırlar, eyni kateqoriyadan ikidən artıq məhsulun alınmasına icazə vermirlər. Bundan əlavə, spirtli içki və siqaret satışı yasaqlanıb. İnsanlar bir neçə saat növbə gözləmək məcburiyyətində qalır, bununla belə piştaxtalarda süd, çörək və digər ərzaq məhsulları, demək olar, yoxdur. Bunlar fonunda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun çağırışı ilə Fransanın qanunazidd addmları yenidən dünya gündəminin diqqətinə gətirilib. Qrupun təşkil etdiyi videokonfransda Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numea və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər. Çıxış edənlər Kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini qaldırmağa, BMT üzv dövlətlərini Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daim dəstəkləyəcəyini bəyan edib. Bütün bunlar Fransanı hiddətləndirir və ölkəmizə qarşı şər-böhtan kampaniyası aparmağa sövq edir. Bu fonda heç bir əsas olmadan Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edib. Jurnalistin Azərbaycanın, Rusiyanın və ya Çinin Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqəsinin olub-olmaması ilə bağlı sualını cavablandıran nazir belə deyib: “Azərbaycana münasibətdə bu, fantaziya deyil, reallıqdır”. O, Kaledoniyanın müstəqilliyinin tərəfdarlarından bəzilərinin Azərbaycanla sövdələşməsini də iddia edib. Rəsmi Bakı müdaxilə ittihamlarına cavab verib, onları əsassız adlandırıb və təhqiredici bəyanatlar kimi qiymətləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında bildirilir: “Fransanın daxili işlər naziri Jerald Darmanenin  “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarının liderləri arasında iddia olunan münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik”. Xatırladaq ki, bu il aprelin 18-də Azərbaycan və Yeni Kaledoniya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fransanın daxili işlər naziri Jerald Darmanen Bakını buna görə tənqid edib. Amma yenə də heç bir əsas olmadan. Bunlar fonunda Fransa Yeni Kaledoniyada müstəmləkəçilik siyasətini ən qəddar üsullarla davam etdirir.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
baki-xeber.com

10Mənbələr