AZ

Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTO

Riqada
15 may 2024-cü il tarixində Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Latviyadakı Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində Azərbaycan xalçalarından ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərginin açılış mərasimi təşkil olunub. “Azərxalça”dan 1news.az-a verilən məlumata görə, sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bildirib ki, 2024-cü il ərzində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu əlamətdar hadisə münasibətlə Azərbaycan xalqı tərəfindən əsrlər boyu qorunub saxlanılmış milli xalçaçılıq sənətinin gözəl nümunələrinin bu gün Riqada ilk dəfə nümayişi sevindirici haldır. Səfir hazırkı sərginin keçirilməsinin ölkələrimiz arasında qurulmuş fəal mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. O, sərgidə qonaqlara təqdim olunan Azərbaycan tar ifasını tədbirə xüsusi rəng qatdığını və Azərbaycan xalçaçılıq və tarın hazırlanma və ifaçılıq sənətlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib. E.Sultanov Azərbaycanın xalçaçılıq sənətini Latviyada daimi əsasda nümayiş etdirilməsi məqsədilə “PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə "Azərxalça" tərəfindən müasir üslubda toxunulmuş üç xalçanın Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilməsini Azərbaycan mədəniyyətinin Latviyada təbliğinə vacib töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin yaradıcı qrupu və İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək öz mədəniyyətini bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və xalqımızın rəmzinə çevrilmiş sənətlərdən biridir. E.Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərindən söz açıb və “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb. Sərgidə həmçinin Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalar üzrə direktor müavini İveta Derkusova geniş nitqlə çıxış ediblər. Çıxış edənlər unikal xalça kolleksiyasının sərgidə nümayişini Latviyanın mədəni həyatında vacib hadisə olduğunu qeyd edib və “PAŞA Holdinq” MMC və “PAŞA Bank” ASC tərəfindən Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilən üç xalçaya təşəkkür ifadə ediblər. Çıxışlar zamanı həmçinin bildirilib ki, Azərbaycan və Latviya ornamentləri arasında rast gəlinən oxşarlıqlar diqqəti cəlb edir və bu oxşarlıqlar Azərbaycan və Latviya mədəniyyətlərinə təsir göstərmiş qarşılıqlı mədəni əlaqəni əks etdirir. Latviyanın görkəmli rəssamı və etnoqrafı Yuliy Straumenin anadan olmasının bu il 150 illiyi qeyd olunduğunu və ölkəmizdə səyahət edərkən Y.Straume tərəfindən toplanılmış unikal xalça naxışlarından ibarət əl işlərinin sərgidə nümayişini ölkələrimiz arasındakı dərin mədəni əlaqələri təcəssüm etdiyi qeyd olunub. Çıxış edənlər sərginin Latviya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağı və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inam ifadə ediblər. Tədbirdə Latviya Hökuməti və Parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və mətbuat dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Xalçalarla yanaşı sərgidə böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub və Azərbaycan xalça toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib. Qeyd edək ki, sərgidən öncə may ayının 14-də “Azərxalça” ASC-nin İdarə heyəti sədri Emin Məmmədov və yaradıcı direktor Əsmər Babayeva Latviya Rəssamlıq Akademiyasında Azərbaycan xalçaçılığı üzrə təqdimat keçirilib. Təqdimatda Azərbaycan xalçaçılıq sənəti və məktəblərindən söz açılıb. Tədbir zamanı, həmçinin Cəmiyyətin toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib. Sərgi 15 sentyabr 2024-cü il tarixinə qədər davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
50
1news.az

10Mənbələr