AZ

Azərbaycan-Çin: qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslanan əməkdaşlıq TƏHLİL

Böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan beynəlxalq münasibətləri, diplomatik əlaqələri də uğurla inkişaf etdirir. Tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada Cənubi Qafqazın lider ölkəsi kimi tanınır və beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Bir çox dünya ölkələri ilə yanaşı, Çin Xalq Respublikası ilə əməkdaşlığa da xüsusi əhəmiyyət verir. Hazırda iki ölkə arasında münasibətlər dostluq və tərəfdaşlıq ruhuna söykənərək inkişaf edir, bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə dövlətlər qarşılıqlı dəstək göstəriblər.

Qarşılıqlı etimada əsaslanan münasibətlər, sıx təmaslar və səylər sayəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafla keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi müasir dünyamızda mövcud əlaqələrin inkişafının təzahürüdür. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığınlı qeyd edib. Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirib və Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini diqqətə çatdırıb.

DİPLOMATİK MÜNASİBƏTLƏRİN YARADILMASINDA İKİTƏRƏFLİ ƏLAQƏLƏR

Dövlətlərarası əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini bildirən dövlətimizin başçısı son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını bildirərək, bunun da əlaqələrimizin möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayıb.

Dünyanın ən böyük dövlətlərindən olan Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılmasını qərarlaşdırıb.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişaf və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Belə ki, 1994-cü il 7-10 mart tarixində Ulu Öndər Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdır. Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılmışdır. Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. 1994-cü ildə Ümummilli Liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Birgə səylər nəticəsində müəyyən olunmuş möhkəm əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edib. Ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. 2005 və 2008-i illərdə Prezident İlham Əliyev ÇXR-ə rəsmi səfəri, 2004-cü ildə ÇXR-in xarici işlər naziri Li Çjaosinq Azərbaycana rəsmi səfəri, daha sonra 2010-cu il 16-17 may – ÇXR-in xarici işlər naziri Yanq Cieçı Azərbaycana səfəri Çin-Azərbaycan əlaqələrinin sürətli inkişaf mərhələsinin davamı idi. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması ölkələr arasında münasibətləri daha da gücləndirmiş oldu.

ƏMƏKDAŞLIĞIN ARTAN DİNAMİKASI

Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir.

Prezident İlham Əliyev iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artımın olduğunu deyərək, insanların qarşılıqlı gediş-gəlişinin artdığını da məmnunluqla ifadə edib. Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan Şen Yueyue dövlətimizin başçısının bu seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq təbriklərini çatdırıb və bunu Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətinə olan böyük dəstəyinin nümayişi kimi dəyərləndirib. O, Si Cinpin ilə Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gələcək inkişafı ilə bağlı planları müəyyənləşdirdiklərini qeyd edərək iki dövlət başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətlərinin yeni mərhələyə qalxacağına və xalqlarımızın rifahına xidmət edəcəyinə əminliyini bildirib.

"AZƏRBAYCAN ÇİNİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ "VAHİD ÇİN" SİYASƏTİNİ DAİM DƏSTƏKLƏYİB"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və "Vahid Çin" siyasətini daim dəstəkləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş açıqlamada Tayvanda keçirilən seçkilərin pislənilməsi və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, dünyada hələ də separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyaları özünü büruzə verməkdədir.

Azərbaycanın öz milli maraqları əsasında siyasət həyata keçirdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, Si Cinpinin rəhbərliyi ilə Çin Xalq Respublikasının, o cümlədən Çin iqtisadiyyatının əldə etdiyi nailiyyətlər Azərbaycanı dost və tərəfdaş kimi sevindirir. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlətimizin başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu deyib.

Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir.

Ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində daha geniş əməkdaşlığı üçün böyük imkanları var, Azərbaycanın və Çinin regionları və şəhərləri arasında iqtisadi-ticari, mədəni əməkdaşlıq əhəmiyyət kəsb edir.

ÖLKƏMİZ COP29 ÇƏRÇİVƏSİNDƏ ÇİN XALQ RESPUBLİKASI İLƏ ƏMƏKDAŞLIĞA HAZIRDIR

Qonaq COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. Söhbət zamanı vurğulanıb ki, Azərbaycan Qlobal Cənubun tərkib hissəsidir və bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində bu ölkələrin maraqlarını müdafiə edib.

Məlumdur ki, Azərbaycan COP-29 kimi tədbirə ev sahibliyi edəcək. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir inam və ehtiramın göstəricisidir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir.

Həmçinin COP29 çərçivəsində də Azərbaycan Qlobal Cənub ölkələrinin maraqlarının təmsil olunmasına öz səylərini əsirgəməyəcək. Ölkəmiz COP29 çərçivəsində də Çin Xalq Respublikası ilə əməkdaşlığa hazırdır və Azərbaycanın COP29 nümayəndə heyəti Çinə səfər edərək müzakirələr aparıb.

Görüşdə hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Çin nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələri qeyd edərək xalq diplomatiyası çərçivəsində Çinin aidiyyəti təşkilatları ilə əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıblar.

Prezident İlham Əliyev hakim partiyalar arasında əməkdaşlığa toxunaraq, Çin Xalq Respublikasının müxtəlif təşkilatları ilə Heydər Əliyev Fondu arasında xalq diplomatiyası əsasında həyata keçirilən mədəni-humanitar tədbirlərin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdikləri bildirilib, Azərbaycanda elektroavtobusların və elektroavtomobillərin, həmçinin bərpaolunan enerji vasitələrinin istehsalının təşkili və bu istiqamətdə Çin şirkətləri tərəfindən investisiyaların qoyulması məsələsi müzakirə olunub.

Görüşdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatdığı bildirilib. Ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir. Bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur.

Çin ilə Azərbaycanın coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, dövlətlərarası münasibətlər qarşılıqlı etimad və inam əsasında yüksələn xətlə inkişafdadır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
50
sesqazeti.az

10Mənbələr