AZ

“XARKOVDA VƏZİYYƏT KRİTİK HƏDDƏ YAXINLAŞIR” – “Şəhərin süqutu ehtimalı çox aşağıdır, amma...”

“Vəziyyət hər saat kritik həddə yaxınlaşır. Bütün qüvvələrimiz ya burada, ya da Çasov Yardadır. Təəssüf ki, bizim ehtiyatda heç kimimiz yoxdur..."

“AzPolitika” xəbər verir ki, bunu Xarkovda olan Ukrayna hərbi kəşfiyyatının rəisi, general Kirill Budanov “The New York Times”-a açıqlamasında deyib.

Ukraynanın əksər rəsmiləri və hərbi ekspertləri kimi, Ukrayna kəşfiyyatının rəhbəri də hesab edir ki, Rusiyanın Xarkov istiqamətindəki hücumları Ukrayna qüvvələrini Donbassın qaynar nöqtələrindən həmin istiqamətə çəkmək məqsədi daşıyır.

Onun sözlərinə görə, Ukrayna ordusu şimal-şərqdə müdafiəni gücləndirmək üçün cəbhə xəttinin digər hissələrindən qoşun köçürməyə çalışsa da, əlavə canlı qüvvə tapmaq çətindir. Budanov əlavə edib ki, Rusiya həmçinin, Sumı vilayəti istiqaməıtində güclü hücuma hazırlaşır.

“Ukraynada tammiqyaslı müharibə kritik mərhələyə daxil olur və Xarkov Rusiya diktatoru Vladimir Putinin hədəfindədir”. Bunu isə ABŞ-nin “Politico” nəşri yazıb. Yazıda qeyd olunur ki, söhbət təkcə Ukrayna dövlətinin ən böyük şəhərlərindən birinə nəzarətdən getmir: “ Ortada ölkənin potensial olaraq döyüşü davam etdirmək qabiliyyəti durur. Xarkov süqut edərsə, Qərbin qətiyyəti tezliklə ortaya çıxa bilər. Görünür, Putin Ukrayna ordusuna daha çox Qərb silah-sursatı gəlməzdən öncə mövcud olan “pəncərədən” yararlanmaq istəyir”.

“Washington Post” isə yazır ki, beş Rusiya batalyonu bir neçə gün ərzində Ukraynanın demək olar, 8 km dərinliyinə qədər irəliləyərək bir sıra kəndləri ələ keçirə bilib: “Bu, Rusiyanın müharibə başlayandan bəri ən sürətli hücumu sayıla bilər. Ruslar hücumlarını davam etdirsələr, yenə artilleriya ilə Xarkovu vura biləcəklər. Rusiya artilleriyasının 2022-ci ildə Xarkova endirdiyi zərbələrin izləri hələ də milyonlarla insanın yaşadığı şəhərdə görünür. Ən pis ssenari Xarkovun süqutu olardı, lakin bu ehtimal hələ ki, olduqca aşağıdır. Ancaq Ukrayna bu şəhəri xilas etmək üçün qoşunlarını Donbassdan çəkmək məcburiyyətindədir”.

Qəzet hesab edir ki, Rusiyanın uğurunu onun hərbi gücü və Ukrayna ilə ABŞ-nin kobud səhvləri ilə əlaqələndirmək olar: “Rus qoşunları müharibənin ilk günlərindən öz döyüş keyfiyyətlərini təkmilləşdirərək döyüş meydanındakı şəraitə uyğunlaşdılar. Ən əsası, Ukrayna xətlərini dağıtmaq üçün ağır aviasiya bombalarından istifadə etdilər. Bu arada, Ukrayna silahlı qüvvələri, ABŞ öz yardımını uzun müddət gecikdirdiyinə görə çox zərər çəkib. Rusiya artilleriya döyüş sursatında 10-un 1-ə üstünlüyə malik idi. Son 6 ayda Ukrayna Rusiya raketlərinin təxminən 46%-ni məhv edə bilib. Əvvəlki 6 ayda bu göstərici 73%-dən çox idi. Keçən ay isə bu rəqəm hətta 30%-ə düşüb. Ukraynanın cəbhə bölgəsindəki qoşunlarını lazımi dərəcədə hava hücumundan müdafiə ilə təmin etməməsi o deməkdir ki, Rusiya ilk dəfə olaraq aviasiya gücündən əhəmiyyətli dərəcədə istifadə edə bilib. Amerika sursatları və silahları, nəhayət, Ukraynaya daxil olur, lakin bütün Ukrayna qüvvələrini lazımi şəkildə təchiz etmək aylar çəkəcək. Ruslar həmçinin ABŞ-nin Rusiya ərazisindəki qanuni hərbi hədəflərə hücum etmək üçün istənilən Amerika silahından istifadəyə qoyduğu məhdudiyyətlərdən istifadə edir. Bu məhdudiyyətlər Rusiyanın irəliləməsinə töhfə verib. Britaniya öz silahlarına olan analoji məhdudiyyəti aradan qaldırsa da, ABŞ-nin məhdudiyyətləri qüvvədə qalır....

Ukrayna hökuməti təəssüf ki, hərbi qüvvələrini çox ləng genişləndirir və istehkamları tikməkdə gecikir ki, bu da Rusiyanın irəliləyişini asanlaşdırdı. Rusiya Ukraynada və onun ətrafında qoşunlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Cəbhədə iki ildən artıqdır ki, fasiləsiz döyüşən bir çox Ukrayna bölmələri ciddi şəkildə tükənib. Ukraynada uzun müddətdir canlı qüvvə çatışmazlığı var idi, lakin yalnız keçən ay parlament, nəhayət ki, səfərbərlik haqqında yeni qanun qəbul etdi. Ukrayna indi əlavə 10 briqada yaratmağı planlaşdırır, lakin bu proses, təlim və silahlanma aylar çəkəcək”.

Daha sonra yazıda Zelenski hökuməti tənqid olunur: “Ukraynada sərhədlərin və cəbhə xəttinin möhkəmləndirilməsi ləng gedir. Keçən ilki Ukrayna əks-hücumu ona görə dayandı ki, Rusiyanın mina sahələri, səngərləri və maneələri keçilməz idi. Ukraynanın adekvat istehkamlarının olmaması indi Rusiyanın irəliləyişini mümkün edir. Bu gecikmə Zelenskinin Ukrayna cəmiyyətini müharibəyə səfərbər etmək üçün daha çox iş görməməsini əks etdirir. Kiyevdə və Ukraynanın qərbində dəbdəbəli yaşayış binalarının tikintisi davam edir, baxmayaraq ki, ölkədə yaşamaq uğrunda müharibə gedir. Bütün inşaatçılar və onların bütün texnikası çoxdan istehkamların tikintisinə göndərilməli idi”.

Bununla yanaşı, vəziyyətin ümidsiz olmadığı da qeyd edilir: “Yaxşı xəbər odur ki, Ukraynanın bu uğursuzluqlardan qurtulmaq üçün hələ vaxtı var. Yeni istehkamların tikintisi və daha çox Ukrayna əsgərinin səfərbər edilməsi təmin olunmalı, Amerika silah və sursatlarının kütləvi axını ilə birlikdə Rusiyanın irəliləyişi dayandırılmalı və döyüş xətləri sabitləşdirilməlidir. Prezident Bayden Rusiya daxilindəki hərbi hədəflərə zərbələr endirmək üçün Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırsa, çox faydalı olardı”.

Qeyd edək ki, Rusiya ordusu mayın 10-dan başlayaraq, Xarkov vilayətində hücum əməliyyatlarını gücləndiriblər. Artıq bir sıra yaşayış məntəqələri işğal olunub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, sərhəd yaxınlığında yerləşən Volçansk şəhəri uğrunda gedən döyüşlər zamanı düşmən taktiki uğurlar əldə edə bilib.

Prezident Vladimir Zelenski isə deyib ki, Xarkov istiqamətində, o cümlədən Volçansk yaxınlığında Ukrayna əsgərləri əks-hücumlara başlayır və artıq orada müdafiə gücləndirilib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenkonun sözlərinə görə, Rusiya Federasiyası Xarkov vilayəti ilə sərhəddə 50 minlik qoşun toplayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
14
azpolitika.info

10Mənbələr