AZ

“Saatlıq əməkhaqqının minimum tətbiqi işə götürənlər qarşısında yeni öhdəliklər qoyacaq” - İqtisadçı ekspert

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi reallaşacağı təqdirdə müsbət cəhətləri nə ola bilər?

İqtisadçı ekspert, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov Herbiand.az-a bildirib ki, saatlıq minimum əməkhaqqının tətbiqi ölkə üzrə əsasən iki istiqamətdə əməkhaqqı fondunun formalaşmasına təkan verə bilər:

“Bir tərəfdən, ümumən bu, əməkhaqqının artımına xidmət göstərə bilər. Çünki saatlıq əməkhaqqının minimum tətbiqi şübhəsiz ki, işə götürənlər qarşısında yeni öhdəliklər qoyacaq. Bu da tədricən əməkhaqqı fondunun artımına təsir göstərə bilər. Digər tərəfdən isə məlumdur ki, bu gün ölkəmizdə və dünya təcrübəsində də belə meyllər və trendlər formalaşıb ki, qısa müddətli işə götürmə təcrübələri geniş yayılmaqdadır. Belə olan halda, konkret olaraq günlük, bir həftəlik hansısa işlərin yerinə yetirilməsi üçün əmək müqavilələri bağlana bilər. Burada isə artıq aylıq deyil, saatlıq minimum əməkhaqqının tətbiqi daha effektiv və məntiqlidir. Ona görə də düşünürəm ki, bu yanaşmaların tətbiqi müsbət nəticələr verə bilər”.

Elşad Məmmədovun sözlərinə görə, son illər ölkə rəhbərliyinin bilavasitə səyləri nəticəsində və sosial müdafiə sahəsindəki şəffaflığın təminatı baxımından müsbət nəticələrin əldə olunması onu deməyə əsas verdi ki, biz artıq işə götürmə prosesinin, əmək münasibətlərinin leqallaşmasında müsbət nəticələr əldə etdik:

“Eyni zamanda, şübhəsiz ki, ölkəmizdə əməkhaqqı fondunun artımı, minimum əməkhaqqlarının artırılması kimi müsbət göstəricilər əldə olundu. Bu baxımdan hesab edirəm ki, saatlıq minimum əməkhaqqının tətbiqi də müsbət dəyişikliklərə əlavə impuls verə bilər. Bütövlükdə götürdükdə bu addımı müsbət dəyərləndirərdim”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
50
herbiand.az

10Mənbələr