AZ

Ukrayna da döyüşə məhbusları aparır - niyə indi...

Politoloq: “Geopolitik savaş öz hədəfinə çatmayanadək Rusiya-Ukrayna savaşı davam edəcək”

Ukrayna Rusiyanın hərbi təcavüzünə qarşı yeni canlı resurslar axtarmağa davam edir. Bura təbii ki, ordu üçün əlavə canlı qüvvə səfərbər edilməsi də daxildir. Heç şübhəsiz, bu məqsədlə də Ukrayna Ali Radası təzəlikcə müəyyən kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına göndərilməsinə icazə verib.

“Təxminən 15-20 min məhbus Ukrayna Silahlı Qüvvələrinə səfərbərlik meyarlarına cavab verə bilər”.

Bunu Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiya bildirib.

“Bu, uyğun ola biləcək məhbuslar üçün paylaşılan mənbədir. Onlardan neçəsinin müqavilə imzalayacağını bilmirik, çünki bu, tərəflərin razılığı ilə baş verəcək. Hesab edirik ki, bu, təxminən bir neçə min nəfər olacaq”, - fraksiya rəhbəri vurğulayıb.

Məlumdur ki, eyni təcrübədən Rusiya çoxdan istifadə edir. Ukrayna niyə məhz indi buna qərar verir? Məhbusların səfərbər edilməsi Ukrayna ordusuna nə dərəcədə faydalı olacaq? 

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada birtərəfli sülh təşəbbüslərinin uğur qazanma şansı azdır. “Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olunmasında heç bir irəliləyiş yoxdur. Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur şansı azdır”, - dövlət başçısı qeyd edib.

Bəs tərəflərdən hansı sülhə daha çox hazırdır - Rusiya, yoxsa Ukrayna?  

İran

Siyasi təhlilçi Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, Rusiya-Ukrayna müharibəsi geopolitik hədəfi olan strateji xarakterli müharibədir: “İlk gündən bu fikirdəyəm Rusiya-Ukrayna müharibəsi geopolitik hədəfi olan strateji xarakterli müharibə olduğundan uzun müddət davam edəcək. Bu müharibə strateji resursların tükənməsinə hesablanmış müharibədir”.

Sülhəddin Əkbər deyir ki, operativ taktiki yanaşma ilə strateji yanaşma arasında fərqlər var: “Taktiki operativ səviyyədə gedən proseslər müvəqqəti və keçicidir. Yeni dünya nizamı yaranmayana qədər, geopolitik savaş öz hədəfinə çatmayanadək Rusiya-Ukrayna savaşı davam edəcək”.

Sülhəddin Əkbər deyir ki, geopolitik qarşıdurmada üz-üzə dayanmış hər iki tərəf - Rusiya və ABŞ başda olmaqla kollektiv Qərb üçün Ukrayna olmazsa, olmazdır: “ABŞ və kollektiv Qərb üçün Ukrayna təhlükəsizlik sisteminin məhəng daşıdır. Rusiya üçünsə imperiyanın yeni şərtlərdə və şəraitdə bərpası üçün - buna SSR-2 də deyilə bilər -tarixi legitimlik mərkəzidir, əsasdır. Tərəflər bu savaşdan uzun müddət qaçmaq istədi, amma mümkün olmadı”.

Sülhəddin Əkbər deyir ki, dünyada ekspertlər iki qrupa bölünür. Bir qrup yeni dünya düzəninin savaş olmadan mümkünlüyünü qəbul edir, digər qrup ekspertlər isə savaşsız bunun mümkün olmadığını deyir. Sülhəddin Əkbər özünü 2-ci qrupa aid edir: “Böyük savaş olmadan yeni dünya düzəninin qurulması mümkün deyil. Tarixdə bunun nümunəsi yoxdur. Sülhdən danışanlar qeyri-peşəkarlardır”.

Sülhəddin Əkbər Rusiya-Ukrayna müharibəsinin irimiqyaslı geopolitik bir savaş olduğunu və uzun müddət davam edəcəyini deyir: “Tərəflərdən heç biri hədəfinə çatmayıb. Zaman-zaman sülh danışıqları gündəmə gəlsə də, bu savaş uzun müddət davam edəcək. Azərbaycanla Ermənistan arasında savaş 36 ildir ki, davam edir və sülh sazişi bu günə qədər də bağlanmayıb. Çünki Azərbyacan ərazisində aparılan savaş da geopolitik savaşın bir elementidir”.

Sülhəddin Əkbər deyir ki, Yeni Dünya düzəni qurulur və bu düzəndə Ukraynanın hansı tərəfdə olması məsələsi həll olunur: “Cənubi Qafqazda, xüsusən də bu gün Gürcüstanda və Ermənistanda gedən proseslər də geopolitik savaşın ayrı-ayrı həlqələridir”.

 Sülhəddin Əkbər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi kontekstində tez-tez eşidilən nüvə müharibəsinə keçid ehtimalı azdır: “Dünyada strateji sülh və sabitliklə məşğul olanlar ciddi insanlardır. O cümlədən də Rusiyada belədir. Baxmayaraq ki, Rusiyanın siyasi-hərbi rəhbərliyi barəsində müxtəlif fikirlər səsləndirilir. Amma onlar da məsələnin nə qədər ciddi olduğunu anlayırlar. Ona görə də nüvə doktorinaları ilə həmin ölkələrin ən ciddi, ən məsuliyyətli adamları məşğul olurlar. Hətta o şəxslərin tibbi ekspertizası da ən ciddi şəkildə keçirilir. Nüvə doktorinasına aidiyyatı olan şəxslər sırasında təsadüfi insanlar yoxdur”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
49

1Mənbələr

Şərh ()
Bağla