AZ

REVANŞİSTLƏRİN NÖVBƏTİ ÜSYAN CƏHDİ... - 4 kəndlə bağlı aksiyalar nə ilə bitəcək?

Xəbər verildiyi kimi, Ermənistanda Qazaxın 4 kəndinin qarşılıqlı razılaşma əsasında azad edilməsilə bağlı gərginlik davam edir. Revanşist və qatı millətçi qüvvələr Qazaxın kəndlərinin qaytarılmasına qarşı çıxan və qonşu kəndlərdə yaşayan ermənilərin etirazlarını Paşinyan hakimiyyətinə qarşı üsyana çevirməyə çalışırlar.Ötən günlər ərzində paytaxt İrəvan da daxil olmaqla, ölkənin bir neçə yerində avtomobil yolları həmin qüvvələr tərəfindən bağlanıb. Həmçinin, bir qrup erməni sözügedən kəndlərin çevrəsindəki mina sahələrinin təmizlənməsinin qarşısını almağa çalışıblar.“AzPolitika” xəbər verir ki, etirazların böyüməsi üçün əlindən gələni edənlərin sırasına erməni kilsəsi də fəal şəkildə qoşulmaqdadır. “Etiraz dalğasının bütün Ermənistana yayılaraq geniş vüsət alması üçün ilkin şərtlər var. İtaətsizlik hərəkətləri hər yerdə baş verməli, dalğa böyüməlidir. Ümid var ki, nəticə istədiyimiz kimi olacaq. İnsanlar qərarlıdır”. Bunu hazırda Xeyrimli kəndi ətrafında etirazlara qoşulan Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Adjapaxyan erməni mətbuatına açıqlamasında deyib.


Onun sözlərinə görə, Şirak rayonunda da etiraz aksiyaları gözlənilir. Bundan öncə də erməni kilsəsinin bir çox təmsilçiləri etirazlara açıq dəstək mesajları ilə çıxış ediblər.Lakin revanşist, şovinist və rusiyapərəst mətbuatın, siyasi qüvvələrin və erməni kilsəsinin səylərinə, şişirtmələrinə rəğmən, sözügedən etirazlar heç də kütləvi xarakter almır. Bu aksiyaların əsas təşkilatçısı “Ermənistan” blokudur ki, bu da çoxdan ermənilərin gözündən düşmüş keçmiş hakimiyyətin nəzarətində olan siyasi qüvvədir. Bütünlükdə erməni müxalifəti bu aksiyalara qoşulmur. “Hraparak” qəzeti yazır ki, müxalifətin bu məsələ ilə bağlı vahid proqramı olmadığından aksiyalar o qədər də güc qazanmayıb: “Parlamentin ikinci müxalifət qanadı hələ birləşməyib. Onlar bizə dedilər ki, “bəzi məsələlərə aydınlıq gətirilməlidir”. Məsələ ondadır ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi bu kəndlərin qaytarılmasına biganə yanaşır və aksiyaların da gözlənilən nəticəni verməyəcəyi, növbəti üsyan cəhdinin fiaskoya uğrayacağı ehtimalı daha yüksəkdir. Hakimiyyətin təbliğatı da bu məsələdə az rol oynamır. Çünki ən yüksək səviyyədə bu kəndlərin heç zaman Ermənistan ərazisi olmadığı dəfələrlə bildirilib.Üstəgəl, etirazlara münasibət bildirən Ermənistan parlamentinin spikeri Alen Simonyan bu aksiyaların təşkilatçılarını ifşa edən bəyanatla çıxış edib: “İndi mən başa düşmək istəyirəm ki, onların hamısı (mitinq iştirakçıları - red.) müharibə zamanı nə edirdilər? Heç nə, amma indi boşboğazlıqla məşğuldurlar. İndi onlar üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldurlar ki, bu məsələləri həll edənlər ortaya çıxsın, sülhməramlılar peyda olsun. Bizə sülhməramlılar lazım deyil, sərhəd nəzarəti lazımdır.Mənim zəmanətim qanuni sərhəddir ki, Azərbaycan sərhədin bu hissəsini tanıyıb. Dünyada heç kim daha etibarlı zəmanət yaratmayıb”.Bununla da Simonyan bu aksiyaların arxasında Rusiyanın və onun Ermənistandakı qulbeçələrinin durduğuna işarə edib. Bu arada sözügedən aksiyalara ərazidə xidmət edən 20-dək erməni hərbçisinin də qoşulduğu məlum olub.“Onlar ilk gündən bizimlədirlər, biz birlikdə xidmət etmişik və uzun bir yol keçmişik. Onlar mənə güvənir və xalqa yaxındırlar”, - deyə ehtiyatda olan polkovnik Mihran Mahsudyan etirazlara qoşulan hərbi qulluqçuları dəstəkləyib. Lakin Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, kəndlərin Azərbaycana qaytarılması və sərhədin delimitasiyası ilə bağlı etiraz aksiyasına qoşulan hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər görüləcək: “İnternetdə Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi mitinqə hərbi geyimli şəxslərin qoşulması ilə bağlı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimdə olan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür. Ermənistan Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, ölkə ordusunu siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək”.Ermənistan ordusunda Rusiya səsus şəbəkəsinin və ümumilikdə Rusiyaya xidmət edən güclərin hələ də üstünlük təşkil etdiyi heç kimə sirr deyil. Bu aksiyalara qoşulanlar və onları yönəldənlərin də məhz həmin qüvvələri təmsil etdikləri ehtimalı olduqca yüksəkdir. Maraqlı olan isə həm də odur ki, həmin bu hərbçilər 44 günlük müharibədə və ötən ilin sentyabrındakı əməliyyat zamanı harda idilər və Azərbaycan Qazaxın məlum kəndlərini güc yolu ilə almaq məcburiyyətində qalsa, belələri yenə hansı deşiyə girəcəklər...C.Məmmədov“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
48
Mənbələr
Şərh ()
Bağla