AZ

“Darvazanı üzümüzə çırpıb, tacik dilində söydü” – Rus jurnalist terrorçuların evində necə qarşılandı?

Rusiya mediası “Crocus City Hall” konsert zalında terror törətməkdə şübhəli bilinən taciklərin vətənindən reportajlarını davam etdirir.

KONKRET.az xəbər verir ki, rusiyalı jurnalist bu dəfə Fəridun Şəmsiddinin, Məhəmmədsobir Fayzovun,  Dalerjon Mirzoyevin vaxtilə yaşadıqları Loyob, Mamadşoi Bolo və Qalaxon kəndlərində olub.

Fəridun Şəmsiddinin Rusiyaya getməzdən öncə Gissar şəhərində çörək sexlərindən birində işlədiyi məlum olub. Yoxsul həyat tərzi sürən Fəridun valideynləri, gənc həyat yoldaşı və 8 aylıq övladı ilə birlikdə yaşayıb. Onun öz maşını olmadığından iş yerinə avtostopla gedirmiş. 6 ay əvvəl Rusiyaya qazanc dalınca yollanıb.

Araşdırma nəticəsində məlum olub ki, Fəridun 2014-cü ildə, yəni 16 yaşı olduqda azyaşlı uşağa təcavüz edib və buna görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. 5,5 il cəza çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılıb və evlənib. Maraqlıdır ki, pedofiliyaya görə məhkum olunmasına baxmayaraq, Rusiyaya buraxılıb və onun tərcümeyi-halı kimsəni narahat etməyib.

Hərçənd Fəridunun atası ərazidə hörmətli ağsaqqal və tanınmış idmançı hesab olunur. Hazırda vaideynlər artıq ailəni ikinci dəfə biabır edən övladları barədə heç kimlə danışmaq istəmir və qapılarını heç kimin üzünə açmırlar.

Əvvəlcə hasarın arxasından qadın səsi “heç kim yoxdur, Fəridunun valideynləri xəstəxanadadır” cavabını verib. Amma yerli jurnalistlərlə məmurların gəlməsi və darvazanı israrla döyməsi nəticəsində qapıya Fəridunun qohumu Gülbahar Conova çıxıb. O, jurnalistlərin ünvanına tacik dilində söyüş söyüb və bunu Fəridunun anasının müsahibəsinin “Tacik anası terrorçuya haqq qazandırır” başlığı ilə verilməsi ilə izah edib.

Qohum qadın darvazanı bağlayana qədər bildirib ki, məhbəsdən sonra heç kimlə dostluq etməyən Fəridunda dini fanatizm hiss olunmayıb, o, evə dini ədəbiyyat gətirməyib, heç kimə şəriət üzrə yaşamağı öyrətməyib. Hətta arvadı da başıaçıq gəzir.

“Özünə qapanıb?” sualına qadın “Xeyr. Şən idi”, qohumunun məhkumluq çəkməsinə “Nə olsun həbsdə olub?” cavablarını verib.

Bəxtiyar adlı taksi sürücüsü isə kənddə heç kimin onunla dostluq etmədiyini belə izah edib: “Kim pedofillə dostluq edər ki? Hətta salamlaşmayacaqlar belə. Biz taciklər, ümumiyyətlə, normalıq. Lakin istənilən ailədə bir naqis tapılır”.

Mamadşon Bolo kəndində isə bildiriblər ki, 19 yaşlı Məhəmmədsobir Fayzov vətənində də bərbər işləyib. Birmərtəbəli beton evin tünd qırmızı qapısını uşağın əlindən tutan gənc qadın açıb. O, Fayzovun qardaşlarından birinin həyat yoldaşı olub. Ailənin ağsaqqalının evdə olmadığını əsas gətirən qadın jurnalistlə danışa bilməyəcəyini deyib. O, Məhəmmədsobir barədə suala darvazanı çırpmaqla cavab verib.

12 yaşlı qonşu uşaq isə bildirib ki, Məhəmmədsobirin böyük qardaşı Məhəmməd Rəhim həbsdə olub.

“Sosial şəbəkələrdə ekstremist qruplara abunəçi olub. Təkcə onların statuslarını bəyənməyib, həm də islamçı radikallarla ünsiyyət saxlayıb. Ona sosial şəbəkədə “bəyənmə” qoyduğu üçün 7 il iş verdilər. Türmədən çıxandan sonra həyat yoldaşını və uşaqlarını götürüb Türkiyəyə köçdü”.

Dalercon Mirzoyevin Qalaxon kəndindəki ata evinin qapısını anası Gülrəkət Mirzoyeva açıb. Onun avtobus sürücüsü olan atası evdə olmayıb.

Yerli prokurorluqda dindiridiyini söyləyən anası hər şeydə Rusiyanın günahlandırıb, oğlunun günahsız olduğuna inandığını, terroru başqasının törətdiyini bildirib: “Videoda sağlam oğlanlar çəkilib! Bizimkilər isə çox arıqdırlar!”.

O deyib ki, Dalerjon xaraktercə zəifdir və dindar deyil: “Hətta qorxaqdır, qandan qorxurdu. Orduda xidmət etməyib. Amma təsərrüfatcıl idi. Heç dua oxumurdu. Bir gün oxuyur, 10 gün buraxırdı”.

Dalerjonun yaxın dostlarının olmadığı, 4 uşağı – 1 oğlu və 3 qızı olduğu vurğulanıb. Tacikistanda da çox işləyirmiş. Taksidə Düşənbəyə sərnişin aparıb-gətirirmiş. Anası onun gündəlik 1000–1500 rubl pul qazancını “Həyatımıza kifayət edirdi” kimi dəyərləndirib.

Anası nəzərə çatdırıb ki, oğlu ona Novosibirskdən zəng edərək deyib ki, 17 martda Rusiyadakı qeydiyyatı sona çatır və martın 25-də evə dönəcək.

Bir il əvvəl Dalerjon Mirzoevin ata evindən köçdüyü və ailəsi ilə yaxınlıqdakı küçədə ayrıca evdə yaşadığı bildirilib. Onun kiçik qardaşları həmin evi rus jurnalistinə göstəriblər. Jurnalist yazıb ki, bu təsərrüfatcıl adamın evinə bənzəməyən acınacaqlı daxma olub.

“Dalerjon fəlakətli dərəcədə yoxsul idi və yəqin ki, işlərini yaxşılaşdırmaq üçün hər şeyi etməyə hazır olub”.

Rusiyalı jurnalist onu da əlavə edib ki, Tacikistanda Rusiyanı sevənlər olsa da, əksəriyyət 4 tacikin teraktda iştirakına inanmır.

“Videodakılar onlar deyil Özün baxın, “krossvka”ları fərqlidir! Bəs eyni mavi köynək və cins şalvarda “qapıları bağlayın” deyə qışqıran insanlar necə? Bu, elə belə deyil? Bu dünyada həqiqət yoxdur!”, – deyə taksi sürücülərindən biri jurnalistə söyləyib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla