AZ

Polkovnik: Paşinyan Makrondan tapşırıqlar alır

Fransa dünən də Ermənistanın yanında idi, bu gün də yanındadır, sabah da birlikdə olacaqlarFransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. İki lider görüşdən əvvəl birgə mətbuata bəyanatla çıxış ediblər. Makron deyib ki, Ermənistan Fransanın dəstəyinə arxalana bilər. Fransa rəhbəri Paşinyanı sülh prosesində "əzminə və cəsarətinə" görə təbrik edib. Bildirib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra Paşinyanın “qətiyyəti” daha da konkretləşib. Makron Azərbaycanın Qarabağı tərk edən və geri qayıtmaq istəyənlərin təhlükəsiz və tez zamanda geri qayıtmasını təmin etmək öhdəliyi olduğunu bildirib. Əlavə edib ki, onlar Ermənistanı hərbi texnika ilə təmin etməyə davam edəcəklər. Paşinyan da bəyan edib ki, Fransa ilə Ermənistan arasında münasibətlər təkcə tarixi və iqtisadi deyil, iki ölkəni “daha ​​dərin emosional bağlar” birləşdirir. Baş nazir iddia edib ki, Fransanın köməyi ilə ölkəsinin müdafiə qabiliyyətini gücləndirmək narahatlıq doğurmamalıdır və onların məqsədi regionda "tarazlıq" yaratmaqdır. Paşinyan Fransa prezidentini Ermənistana dəvət edib. Fransanın müdafiə naziri Sebastyan Lekornu da Ermənistana gəlib. Lekornu parlamentarilər və istehsalçılardan ibarət böyük bir nümayəndə heyəti ilə Ermənistanda olduğunu söyləyib: "Tarixdə ilk dəfədir ki, Fransa müdafiə naziri Ermənistana gedir. İrəvan hazırda ciddi təhlükəsizlik problemləri, həmçinin Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzə qalıb. Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır​. Burada söhbət sırf müdafiə məqsədləri üçün yer-hava müdafiə texnikası və zirehli maşınlardan gedir". Qeyd edək ki, Lekornunun səfəri iki gün davam edəcək. Fransanın “Le Figaro” nəşri Ermənistana yeni silah partiyasının göndəriləcəyini yazıb. Nəşr qeyd edib ki, Fransanın "Ground Master" (GM200) radarları və gecəgörmə cihazları Ermənistana gətiriləcək. Xatırladaq ki, ötən ilin oktyabr ayında iki ölkə hava hücumundan müdafiə sənayesi sahəsində anlaşma memorandumu imzalayıb. Memorandumda 3 ədəd "Ground Master" radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqavilələr əlavə edilib. Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına imkan verir. Həmçinin məlum olub ki, Fransa ordusunda erməni hərbçilərinə dağ şəraitində döyüş kursları keçiriləcək. Rəsmi Bakı Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyib. Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir.Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın hansı dövlətə hesabat verdiyi, kimlərin tapşırığını yerinə yetirdiyi aydındır. Ekspert vurğulayıb ki, Fransa Prezidenti E.Makron 2020-ci ildən Ermənistanı aktiv şəkildə siyasi-iqtisadi və hərbi cəhətdən tam dəstəkləyir və bunu gizlətmir: "Son günlər Fransanın ermənipərəst mövqe tutması, erməniləri haqsız müdafiə etməsi qabardılır. Amma bu, yeni hal deyil. 44 günlük müharibə dövründə E.Makron ötən gün qucaqlaşıb-öpüşdüyü Nikol Paşinyanın uydurmalarına aldanaraq özünü gülünc vəziyyətinə salırdı. Azərbaycan tərəfindən "terrorçuların" döyüşdüyünü, başqa ölkələrin iştirak etdiyini və s. iddia edirdilər. Təbii ki, ortada heç bir dəlil-sübut yox idi, çünki həqiqəti əks etdirmirdi. Fransa 4-cü ildir ki, İrəvanın ən yaxın tərəfdaşı, dəstəkçisi rolunda çıxış edir. Makron-Paşinyan görüşündə bəyan edildi ki, Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib. Aydın məsələdir ki, indiki məqamda Ermənistana silah-sursat verilməsinin səbəbi Cənubi Qafqazda vəziyyəti qarışdırmaq, İrəvanı təhrik etməkdir. Ermənilərə silah verilməsində yaxşı məqsəd ola bilməz. Onu bilməliyik ki, Fransa dünən də Ermənistanın yanında idi, bu gün də yanındadır, sabah da birlikdə olacaqlar. Paşinyan mütəmadi olaraq Makronla görüşür və ondan tapşırıqlar alır, birgə işləri planlaşdırırlar. Problem isə ondadır ki, bütün bunlar Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına maneçilik törədir. Belə gedişlər bölgələrə sülhün reallaşması, qonşularla normal əməkdaşlıq qeyri-mümkün görünür". Polkovnik bəyan edib ki, Ermənistanı silahlandıran təkcə Fransa deyil, bu işdə Hindistan, Yunanıstan, Rusiya və İran da mühüm rol oynayır: "Hətta üzdə bir-biri ilə didişən, boğuşan ölkələr belə reallıqda bir məqsədə xidmət edə bilirlər. O məqsəd də Cənubi Qafqazda stabilliyin yaranmasına imkan verməməkdir. Fransa Qarabağdan könüllü çıxmış ermənilərin yenidən torpaqlarımıza qaytarılmasından danışır, bunun Bakı üzərində "öhdəlik" olduğunu söyləyir. Bundan öncə həmin fikirlər Rusiya XİN başçısının müavini Mixail Qaluzin tərəfindən səsləndirilmişdi. Sabah ABŞ-nin hansısa rəsmisi də bənzər fikir səsləndirsə, heç təəccüblənmərəm. Buradan bir daha aydın olur ki, niyə 30 il ərzində ATƏT-in Minsk qrupu keçmiş Qarabağ münaqişəsini həll etmirdi. Həmsədrlik institutunda təmsil olunan dövlətlər, o cümlədən Fransa nəinki münaqişənin həllində maraqlı olub, tam əksinə, qarşıdurmanın qalmasını, regionun daim gərgin müstəvidə çalxalanmasını istəyib. Bütün həmsədr ölkələr öz merkantil maraqlarından çıxış ediblər".

Seçilən
195
50
Mənbələr
Şərh ()
Bağla