AZ

Ağdamda Anım Günü qeyd edilib - Fotolar

Ağdamda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Şəhidlər Abidə Kompleksində baş tutan tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etməsindən, 44 günlük şanlı Vətən Müharibəsində xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək tarixi Zəfərə imza atmasından, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan ordusunun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərksilah edilməsindən bəhs edib.

Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları anıblar. Daha sonra RİH başçısı və tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib.

Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.








Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr