AZ

27 sentyabr - Anım Günü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Binə qəsəbəsindəki Şəhidlər xiyabanında geniş tərkibdə anım tədbiri keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri, idarə  və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, İctimai birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
          Tədbir başlamazdan öncə şəhid ailələri ilə görüş keçirilib, daha sonra Respublikanın Əməkdar artisti Ağalar Bayramov tərəfindən 27 Sentyabr Anım Gününün qeyd olunması ilə bağlı keçirilən tədbir açıq elan edilib və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
            İlk olaraq Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulayıb, həmçinin ordumuz tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün antiterror əməliyyətlarında qazanılan uğurlardan söhbət açıb.
          E.Salahov çıxışında bildirib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir. E.Salahov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edərək Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq problemləri ilə daim yaxından maraqlanıldığını bildirib. 
          Tədbirdə Milli Məclisin deputatı Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatın sədri Namiq Əhmədov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov və 149 №-li tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb, həmçinin qalib Azərbaycan ordusunun keçdiyi tarixi yolundan və Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıblar. 
          Tədbirdə Vətən Müharibəsi Qəhramanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova və şəhid Tural Abdullayevin atası Şakir Abdullayev çıxış edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
          Çıxışlardan sonra Binə qəsəbəsi, 136 nömrəli tam orta məktəbin şağirdləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şeirlər səsləndirilib və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 
         Daha sonra Respublikanın Əməkdar artisti Ağalar Bayramov tərəfindən milli vətənpərvərlik ruhunda şeirlər səsləndirilib 
        Sonda respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları ziyarət edilərək gülqoyma mərasimi keçirilib.
        Tədbirlərin davamı olaraq Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.
        Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, şəhid ailələri, qazilər, din xadimləri və rayon ağsaqqaları iştirak ediblər.
 

Seçilən
0
50
unikal.az

10Mənbələr