AZ

Arzuman Muradlı “Azərbaycan bölgədə yeni reallıqlar yaradıb”

Tarixi zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin başlamasından 4 il ötür. Düz 4 il əvvəl, məhz bu gün Ermənistan yenidən ərazi iddiası, yeni-yeni şəhər, kənd və qəsəbələr işğal etmək iddiasına düşərək Azərbaycana qarşı növbəti müharibəyə başladı. Aprel döyüşləri, Tovuz hadisələri, eləcə də bu illər ərzində müntəzəm olaraq cəbhə xəttində baş verən lokal xarakterli əməliyyatlarda üstünlüyümüzü nəzərə almadan öz qəsbkarlıq siyasətini davam etdirməkdə israrlı görünən Ermənistan nəticənin belə olacağını bilsəydi, heç müharibə istəyinə düşməzdi.

Bəli, bu cür nəticəni nəinki Ermənistanda, eləcə də dünyada, uzağa getmədən Azərbaycanda belə çoxları gözləmirdi. Çünki yaxın tariximizdə Ermənistanın Xocalı daxil olmaqla bir sıra yaşayış məntəqələrimizdə həyata keçirdiyi soyqırım siyasəti, torpaqlarımızın 20 faizini işğal etməsi Azərbaycan cəmiyyətində xof yaratmışdı. Dünyada da belə bir mənfi fikir formalaşmışdı ki, Azərbaycan güclü Ermənistan ordusu qarşısında heç nəyə nail ola bilməz. Ona görə də yalnız adı olub, reallıqda isə heç bir fəaliyyəti gözə dəyməyən Minsk qrupundan tutmuş, əksər beynəlxalq təşkilatlar Azərbaycanı məğlubiyyətlə barışmağa, torpaqlarımızın Ermənistana ilhaq edilməsinə çalışırdı. Lakin həm Ümummilli lider Heydər Əliyev, həm də Cənab Prezident İlham Əliyevin dediyi kimi “Biz torpaqlarımızın işğalı ilə barışmayacağıq” fikrini nə Ermənistan, nə də ona havadarlıq edən qüvvələr nəzərə aldı.

Beləliklə, 27 sentyabr, 2020-ci ildə, səhər saatlarında Ermənistan tərəfindən başlayan hücum özü ilə bir neçə gerçəkliyi ortaya çıxardı. Döyüşlərin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əkshücum əməliyyatı ilə güclü Ermənistan ordusu mifi darmadağın oldu. Tarixdə nadir hallarda rastlanan işğal edilmiş ərazilərin qısa müddətdə, cəmi 44 günə azad edilməsi baş verdi. Ən əsası yenə tarixdə nadir hallarda rast gəlinən, əks hücumla düşmənə zərbə vuran tərəfin ondan daha az itki ilə döyüşlərdən qalib ayrıldığı reallaşdı.

44 günlük Vətən Müharibəsində Azərbaycan tarixi qələbə əldə etməklə yanaşı, eyni zamanda dünya üçün bir sıra vacib məqamları da sərgilədi, sübuta yetirdi. Bunlardan ən başlıcası xalq-prezident birlik və həmrəyliyi idi. 44 günlük Vətən Müharibəsində qələbəmizi şərtləndirən ən başlıca amillərdən biri məhz xalq-iqtidar, xalq-prezident birliyi oldu. Azərbaycan xalqı dəmir yumruq kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Tarixi Zəfərə imza atdı. Bu birlik, bu həmrəylik dünyaya həm də onun mesajını vermiş oldu ki, xalq-iqtidar birliyi Azərbaycanda daimidir, sarsılmazdır.

44 günlük Vətən Müharibəsi eyni zamanda dünyaya bir daha Azərbaycan-Türkiyə dostluq, qardaşlığının əbədi, sarsılmaz olduğunu nümayiş etdirdi. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini əsirgəmədilər. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, növbəti dəfə də sınaqdan çox uğurla çıxdı.

Arzuman Muradlı, “Milli İnkişaf” İctimai Birliyinin sədri

Seçilən
18
xalq.az

1Mənbələr