AZ

Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər

Astana, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Astanada səfərdə olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyində 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, anim mərasimində Azərbaycan nümayəndə heyəti və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları səfirliyin binasında Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra şəhidlərimizlə bağlı yaradılmış xatirə guşəsinin qarşısına çiçəklər düzülüb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu tarix Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təzahürüdür. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddət ərzində 30 il Ermənistanın işğalı altında olan ərazilərimizi azad edərək şanlı Qələbə qazanıb.

“Xalqımıza əbədi Zəfər ruhu bəxş edən şəhidlərimizi rəhmətlə anırıq. Qəhrəman Vətən övladlarının fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün xaricdə yaşayan bütün soydaşlarımız şəhidlərin xatirəsini böyük ehtiramla anırlar. 27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”, – deyə nazir qeyd edib.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxış edərək Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbənin bölgədəki reallıqları dəyişdiyini və beynəlxalq ədaləti bərqərar etdiyini vurğulayıb. O, Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasətinə son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını bərpa etdiyini vurğulayıb. Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini qeyd edib.

Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
0
12
azertag.az

10Mənbələr