AZ

“Meydanda ayaq üstə durmaqda çətinlik çəkirdik”

II Liqada çıxış edən “Şahdağ Qusar” klubunun təcrübəli müdafiəçisi Nodar Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsüm I Liqada “İmişli” klubunda çıxış edirdiniz. Bu sezondan isə II Liqada “Şahdağ Qusar”ın formasını geyinirsiniz. Bu keçid necə baş tutdu? Nəyə görə “İmişli”də və ya I Liqada qalmadınız?

– “İmişli” ilə müqaviləmin müddəti bitdi. Yeni gələn baş məşqçi isə komandaya öz istədiyi oyunçuları yığdı. “Şahdağ Qusar”a keçidə gəlincə, komandanın futbolçusu Tural Qürbətov zəng edib dedi ki, rəhbərlik və məşqçilər səninlə görüşmək istəyir. Görüşdük, razılaşdıq və keçidim alındı.

– II Liqanın 4-cü turunda səfərdə “Saatlı-Araz” üzərində 2:0 hesablı qələbə qazandınız. Bu görüşlə bağlı nə deyə bilərsiniz?

– Çox ağır oyun oldu. Əsas da meydançanın vəziyyətinə görə çətinlik yaşadıq. Epizodlar var idi ki, uşaqların ayaqları sürüşürdü, meydanda ayaq üstə durmaqda çətinlik çəkirdik. Buna baxmayaraq, qələbə qazana bildik. Allaha şükürlər olsun ki, matçı zədəsiz başa çatdırdıq.

– “Şahdağ Qusar” cari mövsümə əla başlayıb. 4 görüşün hamısında qələbə qazanaraq, xal itkisi olmadan irəliləyirsiniz. Bu cür başlanğıcı gözləyirdiniz?

– Komandanın heyətinə nəzər salanda yaxşı oynayacağımızı gözləyirdim. “Şahdağ Qusar”a çox təcrübəli və keyfiyyətli futbolçular yığıblar. Amma 4 görüşün hamısında qələbə gözləmirdim. Çox şükür ki, hazırda turnir cədvəlində liderik. İnşallah, mövsümün sonunadək belə davam edər.

– Növbəti turda “Şəmkir”i qəbul edəcəksiniz. “Şəmkir” ötən mövsümdən fərqli olaraq, bu sezon yaxşı təsir bağışlayır, 4 oyunun 3-də qələbə qazanıb. Şansları necə dəyərləndirirsiniz?

– “Şəmkir”in də çox yaxşı heyəti var. Bu mənada, bizi çətin oyun gözləyir. Əvvəlki 4 tura necə hazırlaşmışdıqsa, bu görüşə də eyni ciddiyyətlə yanaşmalıyıq. Kimin güclü olduğunu matç göstərəcək.

– “Şahdağ Qusar”ın qarşısına I Liqaya yüksəlmək tapşırığı qoyulub. Məqsədinizə çata biləcəksiniz?

– Hansı komandanın məqsədi yoxdursa, orada inkişaf getməz. Digər komandalar kimi, bizim də qarşımıza çempionluq missiyası qoyulub. Necə olacağını mövsümün sonunda biləcəyik. Çempionluqdan danışmaq üçün hələ tezdir.

– I və II Liqa arasında nə kimi fərqlər var?

– Fərq ancaq maliyyə məsələsində və stadionlardadır. II Liqada meydançaların vəziyyəti çox pisdir. Amma bu, hamısına aid deyil.

– Deməli, II Liqada ilk növbədə meydançaların durumunun yaxşılaşdırılmasını istərdiniz…

– Əlbəttə. Təsəvvür edin ki, oyundan sonra bel, diz ağrılarından yatmaq olmur. 3 gün lazım olur ki, özünə gələsən. Əvvəlcə elə bildim qocalmışam (gülür). Sonra gördüm ki, gənc futbolçularda da matçlardan sonra eyni ağrılar olur.

FƏRİD

Seçilən
9
futbolinfo.az

1Mənbələr