AZ

BDU-da Anım Günü qeyd olunub -Fotolar



Bakı Dövlət Universitetində (BDU) 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Vətən müharibəsinin başlandığı bu gün tariximizin dönüş nöqtəsi, xalqımızın misilsiz qəhrəmanlığı, fədakarlığı və birliyinin göstəricisidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun şücaəti ilə illər boyu həsrətində olduğumuz qələbə əldə olundu, torpaqlarımız azad edildi: “Bu qələbə yalnız döyüş meydanında qazanılmadı, bu, həm də xalqımızın birliyinin, iradəsinin və əzminin parlaq təntənəsi oldu. Şəhidlərimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda edərək, tarixi ədalətin bərqərar olmasına nail oldular. Şəhidlərimizin qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmağı, onların əziz xatirəsini daim uca tutmağı özümüzə borc bilirik. BDU-da şəhidlərimizin adına yaradılmış guşələr, xüsusi tədbirlər və təhsil layihələri bu ruhun yaşadılmasına xidmət edir. Biz əminik ki, gələcək nəsillər də onların qəhrəmanlıq yolunu hər zaman hörmətlə anacaq və ölkəmizin müstəqilliyinə sahib çıxacaqlar”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramının uğurla icra edildiyini deyən rektor Qarabağın, Şərqi Zəngəzurun artıq cənnət məkana çevrildiyini qeyd edib: “Azad edilən torpaqlarımızda salınan yollar, körpülər, tikilən şəhər və qəsəbələr həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Bu gün Qarabağa mədəni mühit qayıdır. Beynəlxalq forumlar, festivallar keçirilir. Məktəblər, sanatoriyalar tikilir. İnfrastruktur yaradılır. Bu il Qarabağ Universiteti fəaliyyətə başladı, ilk tələbələrini qəbul etdi. Tamamilə dağıdılmış kənd və şəhərlərimizin yenidən tikilməsi, müqəddəs torpaqlarımızda aparılan geniş quruculuq işləri, dədə-baba torpaqlarına öz sahiblərinin qayıtması - bütün bunlar bizim şəhidlərimiz qarşısında vəfa borcumuzdur”.
Rektor qeyd edib ki, Vətən sevgisi, milli ruh, vətəndaşlıq şüuru da təhsilin bir parçası olmalıdır. Tələbələrimiz xalqa, Vətənə dərin bağlılıq hissi ilə öz sahələrində ən yaxşı olmalı, ölkəmizin gücünü, inkişafını və azadlığını təmin etməlidirlər: “Şəhidlərimizin ruhu bizdən daha güclü, savadlı, vətənpərvər olmağı tələb edir. Onların bizə qoyub getdiyi azadlığı qorumaq və onu gücləndirmək hər birimizin borcudur”.
Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı, Təhsilin İnkişafı Fondunun əməkdaşı Ofeliya Salmanova, BDU-nun Şərqşünaslıq fakültəsinin dosenti Əsmətxanım Məmmədova, Filologiya fakültəsinin dosenti Etibar Talıblı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi, Vətən müharibəsi şəhidi, gizir Mayis Səmədovun qızı Məleykə Səmədova, Beynəlxalq münasibələr və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi, “Füzuli, Xocavənd və Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Vasif Qəhrəmanov xalqın eyni amal uğrunda mücadiləyə qalxdığı və qəhrəmanlıq tarixinin başlanğıcı olan bu günün yaddaşlarda əbədi iz buraxdığını bildiriblər. Çıxışlarda xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyi, müqəddəs şəhidlərimizin xatirəsinin əbədi yaşayacağı bildirilib.



Seçilən
10
aia.az

1Mənbələr