AZ

Sülh sazişi üçün PRİNSİPİAL MÜDDƏALAR: Bakının İrəvandan ƏSAS TƏLƏBLƏRİ – MÜSAHİBƏ + FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu növbəti dəfə bəyan edib. O deyib ki, Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir. Baş nazir söyləyib ki, məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır. Bundan öncəki açıqlamasında isə N.Paşinyan vurğulayıb ki, İrəvan razılaşdırılmış maddələr əsasında Azərbaycanla sülh sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır.
COP29 iqlim konfransına qədər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ehtimalı, tərəflər arasında razılaşdırılan və razılaşdırılmayan məqamlar, Ermənistanın silahlanması və digər məsələlərlə bağlı Medianews.az-ın suallarını politoloq Xəyal Bəşirov cavablandırıb.

– Xəyal müəllim, Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu tez-tez bəyan edir. Erməni hökumət başçısı bu bəyanatlarda nə dərəcədə səmimidir?
– Ermənistan tərəfi baş nazir səviyyəsində, xarici işlər nazirliyinin simasında və yaxud digər rəsmi şəxslər vasitəsilə zaman-zaman belə mövqelər sərgiləyir. Əslində bu, heç də sülhdən yana olmağın təzahürü deyil. Bu, sülh gündəliyinin dövlətin prioriteti olması görüntüsünü yaratmaq, Ermənistanın Cənubi Qafqazda sülhdən yana olduğunu göstərməyə çalışmaq, Azərbaycan tərəfinin atdığı addımları öz adına yazmaq cəhdləridir. Sülh sazişinin bəndlərinin razılaşdırılmış və razılaşdırılmamış hissəsi var. Bununla bağlı detallı şəkildə cəmiyyətdə, mətbuatda məlumat olmasa da ümumi olaraq biz bilirik ki, Azərbaycan üçün prinsipial məsələlər və Ermənistanın boyun qaçırmağa çalışdığı məqamlar hansılardır. Bu gün sülh sazişini imzalamağa tələsdiyi görüntüsünü yaradan Ermənistanın razılaşdırlmayan müddəaların razşılardırmağa kifayət qədər vaxtı var idi. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsindən bir necə ay sonra, yəni 2021-ci ilin yanvarından başlayaraq Azərbaycan tərəfi sülh təşəbüslərini ortaya qoyub. O zamandan bizimlə Ermənistan arasında sülh sazişinin mətnini müzakirə edilməsi, müddəaların razılaşdırılması prosesi başlayıb. Bu günə qədər Ermənistanın qarşısında biz bir sıra məsələləri dəfələrlə qaldırmışıq. Hansı ki, onlar bizim üçün prinsipialdır. Əslində bizim üçün deyil, sülh sazişinin özü üçün prinsipialdır. Çünki onlar olmadan sülhün imzalanması sadəcə bir kağız parçasından, hansısa mətni imzalamaqdan başqa bir şey olmayacaq. Ona görə ki, bu, təcrübədə artıq görünüb. Misal üçün, 2009-cu ildə Ermənistan Türkiyə ilə “Sürix protokolları”nı imzalayıb. Amma həmin o protokollar Ermənistan konstitusiyasına uyğun olmadığına görə, Ermənistan Konstitusiya Məhkəməsi bunun konstitusiyaya zidd olduğunu əsas gətirib, təsdiqləməyib. Türkiyə də bundan imtina edib. Yəni, “Sürix protokolları” kağız parçası olaraq qalıb və ratifikasiya edilməyib. Biz eyni aqibəti yaşayacaq sənədə imza atmaq niyyətində deyilik.

– Sülh sazişinin imzalanması üçün Azərbaycanın Ermənistandan əsas tələbləri nələrdir?
– Tərəflərin üzərində işlədiyi sülh sazişində bu tələblər, şərtlər açıq şəkildə göstərilib. Əsas tələblərdən biri Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsidir. Ermənistan tərəfi bu gün referendumun keçirilməsindən imtina edir. O referendum ki, Ermənistan xalq, cəmiyyət və ümumilikdə dövlət olaraq Azərbaycana qarşı konstitusional əsasda ərazi iddialarından imtina etdiyini ortaya qoyacaq. Yəni, artıq Azərbaycana qarşı ərazi iddialarının olmadığı sübuta yetiriləcək. Bunun üçün də Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Amma Ermənistan bunu etmək istəmir. Əgər bir dövlət Cənubi Qafqazda Azərbaycanla uzun illər ərzində yürütdüyü düşmənçilik siyasətinin nəticəsi olaraq konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarından əl çəkmək istəmirsə, konstitusiyasından bu müddəaları çıxarmaq istəmirsə, deməli həmin dövlətin niyyəti başqadır. Bundan başqa, ATƏT-in Minsk qrupu faktiki mövcudd olmayan və əslində keçmiş Qarabağ münaqişəsinin simvoluna çevrilmiş institutdur. Ermənistan bu institutun hüquqi olaraq ləğv edilməsi ilə bağlı müraciət etmək istəmir. Rəsmi İrəvan bundan imtina edir. Tutaq ki, konstitusiyaya dəyişiklik referendum yolu, xalqın razılığı ilə olmalıdır və bu, vaxt aparan işdir. Axı Minsk Qrupunun ləğv edilməsi üçün də referendum keçirməyə, Ermənistan xalqının rəsmən mövqeyini öyrənməyə ehtiyac yoxdur. Ermənistan dövləti Azərbaycanla birlikdə ATƏT-in Minsk qrupunun ləğv edilməsindən yana olduğunu ortaya qoya bilər. Bu, ən azından bizim üçün Ermınistanın sülhə doğru addım atmasını göstərmiş olacaq. Təəssüf ki, Ermənistan bu addımlardan, vaxt uzatmaq siyasətindən əl çəkmir və eyni zamanda sürətlə silahlanır. Qeyd etdiyimiz məqamlarla bağlı prosesdən imtina edən İrəvanın pararel şəkildə silahlanması onu göstərir ki, Ermənistan düşmənçilik siyasətindən əl çəkməyib. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək niyyətində deyil və gələcəkdə əgər imkanı, gücü olacaqsa, ordusunun gücünü bərpa edə biləcəksə, yenidən Azərbaycana qarşı revanşist müaribə aparacaq. Təbii ki, o halda imzalanmış sülh sazişinin heç bir əhəmiyyəti olmayacaq. Hətta indi sülh sazişi imzalansa belə, az öncə qeyd etdiyim “Sürix protokolları”nın aqibətini yaşayacaq. Yəni, Ermənistanda istənilən qüvvə, o cümlədən müxalifət və  ya iqtidar məsələ qaldırsa ki, imzalanmış sənəd Ermənistan konstitusiyasına ziddir, o halda həmin sənədin ratifikasiya edilməsi mümkün olmayacaq. Belədə də artıq aparılmış bu müzakirələrin, görüşlərin, təmasların heç bir mənası olmayacaq.

– Sizcə, BMT-nin Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər Ermənistan ilə Azərbaycan arasında hər hansı razılığın əldə olunması, hətta sülh sazişinin ilkin variantının imzalanması mümkündürmü?
– Bundan əvvəlki suala cavabda izah etdiyim kimi, sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin tələb etdiyi məqamlar var. Bunlar Ermənistan konstitusiyasının dəyşdirilməsi, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı İrəvanın mövqe ortaya qoyması, eyni zamanda bu ölkənin atdığı addımlarda sülhdən yana olduğunu nümayiş etdirməsidir. Amma biz bunun əksini görürük Ermənistan uzaqmənzili hədəfləri vura biləcək silahlar almaq niyyətində olduğunu göstərir və bunları edir. Ermənistan ona dəstək göstərən qüvvələr tərəfindən bütün istiqamətdə dəstəklənir, İrəvana yardımlar ayrılır. Ona görə mən düşünürəm ki, COP29 tədbiri çox ciddi tarixi şans idi ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalasın. COP29 tədbiri dünyada bəşəriyyət üçün problem olan iqlim dəyişikliyi və paralel olaraq, həm də bəşəriyyətin digər problemlərindən olan münaqişələrdən birinin tam şəkildə həllini tapması ilə yadda qala bilərdi. Azərbaycan həm də bu məsələ ilə bağlı Ermənistanı rəsmi olaraq tədbirə dəvət etmişdi. Amma bizim gördüyümüz tamamilə fərqli mənzərədir. Ermənistan bütün addımlarını Azərbaycanla sülh sazişini imzalamaqdan boyun qaçırmaq, mümkün qədər prosesi uzatmaq məqsədi ilə atır. Təbii ki, burada kənar qüvvələrin də təsiri var. Azərbaycan sülh istədiyinə görə burda məsuliyyət Ermənistanın üstünə düşür. Ermənistan öz ərazisini plasdarma çevirib. Revanşist hisslərini kənara qoymaq istəmir, silahlanır və bu da ondan xəbər verir ki, Ermənistan növbəti təxribatlara hazırlanır, yaxud hansısa böyük oyunların aləti olmağa davam edir. Bunun məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşəcək.

– Revanşist çağırışları erməni xalqı, yaxud İrəvandakı hərbi-siyasi rəhbərlik dəstəkləyirmi? Yoxsa, bu çağırışlar siyasi hakimiyyətdən uzaqlaşdırılan, hazırda müxalifəti təmsil edən rusiyapərəstlərə məxsusdur? Dəfələrlə kapitulyasiyaya uğradılan Ermənistan ciddi-ciddi yenidən müharibə etmək istəyirmi?
– Erməni xalqı əslində müharibədən yana olmadığını 2021-ci ilin parlamet seçkiləri zamanı bildirmişdi. Ermənistanın indiki baş naziri Nikol Paşinyanın və onun komandasının kifayət qədər imkanları var idi ki, kapitulyasiyaya uğramasına, məğlubiyyət sənədinə imza atmasına baxmayaraq, 2021-ci ildə ona yenidən səs verən erməni xalqı arasında maarifləndirmə işini aparsın, referendum keçirsin və konstitusiyanı dəyişsin. O zaman bizə deməyə əsas verərdi ki, Ermənistan həqiqətən də sülhdən yanadır və düşmənçilik siyasətindən, revanşizmdən birmənalı şəkildə əl çəkib. Bu şansdan yaralanmayan Ermənistanın baş naziri II Qarabağ mühribəsindən keçən 4 il ərzində Azərbaycana qarşı əsaslı ittihamlar irəli sürülməsinə nail olmaq üçün təbliğat aparmaq, ölkəmizə qarşı beynəlxaq təşkilatlarda sənədlərin qəbul edilməsinə nail olmaq üçün öz müttəfiqlərindən istifadə etmək, silahlanmaq, humanitar yardım adı altında özünün ordusunu gücləndirmək üçün yardımlar almaq və eyni zamanda sülhdən boyun qaçırmaq üçün əlindən gələni edib. Azərbaycan rəsmilərinin dəfələrlə qeyd etdiyi və eyni zamanda Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan həmişə sülh sazişi mətninin şərtlər mübadiləsi ilə bağlı sənədi gecikdirib. Hətta 70 gün ərzində Azərbaycana natamam cavablar verdiyi məqamlar da olub. Ermənistanın bu prosesdən çıxış yolu ondan ibarət olub ki, özlərinə uyğun olmayan, Azərbaycanın onların qarşısına qoyduğu tələbləri, razılaşmadıqları müddəaları saziş sənədindən çıxarıb Azərbaycana göndəriblər. Əslində bu yanaşmanın özü də göstərdi ki, Ermənistan sadəcə oyun oyanyır, sülhdən yana deyil. Azərbaycanın öhdəliyi yoxdur ki, qalib tərəf kimi Ermənistana sülh irəl sürsün. Amma bizi bunu humanist yanşmamız, Qafqaz regionunda sülhdən, təhlükəsizlikdə yana olduğumuz üçün edirik. Mən düşünürəm ki, əslində bundan dünya, beynalxaq aləmdəki güclər, prosesdə iştirak etmək, dəstək olmaq istəyən qüvvələr nəticə çıxarmalıdır və Ermənistana çağırış etməlidir. Amma çox təəssüflər olsn ki, biz nə beynəlxaq aləmin, dünya ictimaiyyətinin addımını görürük, nə də Ermənistanın baş verən proseslərdən lazimi nəticə çıxardığını müşahidə edirik. Fikrimcə, prosesin gecikməsi və sülh sazişinin imzalanmamasının səbəbkarı Ermənistandır.

Seçilən
3
3
arantv.az

4Mənbələr