AZ

Zurabişvili kütləvi amnistiya haqqında qanun imzaladı, amma…

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi məhbuslara kütləvi amnistiya haqqında qanunu imzayıb, lakin bunu seçicilərin dolayısı ilə satın alınması kimi qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti öz saytında məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Zurabişvilini sənədin imzalanmasını gecikdirdiyinə görə tənqid etmişdi. Ədliyyə naziri Rati Breqadze bildirib ki, prezident bunu müəyyən edilmiş vaxt çərçivəsində etməsə, qanunu parlamentin spikeri Şalva Papuaşvili imzalayacaq.

Xatırladaq ki, sentyabrın 17-də Gürcüstan parlamenti amnistiya qanununu üçüncü oxunuşda qəbul edib. Müxalifətin əhəmiyyətli hissəsi hakim partiyanın təşəbbüsünü seçki gedişi hesab edərək səsvermədə iştirak etməyib.

Qanuna əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə biri ya cəzalarından tamamilə azad olunacaq, ya da cəzaları yarıyadək, dörddə bir və ya altıda birə qədər azaldılacaq.

Partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib ki, amnistiya 6 minə yaxın məhbusu əhatə edəcək, onlardan 1 mindən çoxu qanun qüvvəyə mindikdən sonra azadlığa buraxılacaq, qalanlarının cəzası azaldılacaq. Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum edilmiş şəxslərə şamil ediləcək. Bu, qatillərə, narkotik alverçilərinə və zorlayanlara, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilməyəcək.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim partiya 4-cü dəfə qalib gəlməyə çalışacaq. Onun əsas rəqibi əvvəlki seçkilərdə olduğu kimi, Vahid Milli Hərəkat hesab olunur. Parlamentdə təmsil olunmaq üçün partiyalar beş faizlik baryeri keçməli olacaq.

İsmayıl Bakuvi

Seçilən
5
yenicag.az

1Mənbələr