AZ

Talassemiyalı xəstələrin valideynlərini aldadan xanım müttəhimlər arasında dava: "Özüm də..."

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Nuridə Seyidovanın “Mərkəzi Klinika”, “Dövlət Gömrük Xəstəxanası” və digər xəstəxana ilə müqavilə bağladığı ortaya çıxıb.

Nuridə Seyidova həmin müqavilələrin vacib olduğu üçün bağlandığını söyləyib.

Məhkəmə qərar verib ki, 2022-2023-cü illər ərzində adı çəkilən xəstəxanalarla Nuridə Seyidova arasında imzalanmış bütün sənədlərin, o cümlədən müqavilələr, xəzinə orderləri, maliyyə sənədləri, hesabatlar, dəftərxana yazışmaları və digər əhəmiyyətli kağızların surəti çıxarılsın və məhkəməyə təqdim olunsun. Bununla bağlı adıçəkilən qurumlara məlumat verilib.

Daha sonra zərəçəkmişlərdən müxtəlif məbləğlərdə alınan vəsaitlərin kimdə olduğunu müəyyənləşdirmək üçün həmin xəstələri yönləndirən Aynur Bayramova ifadə verib.

Ondan zərərçəkmişlərin hər birindən alınan 10-30 min arası məbləğlərin kimdə olduğu soruşulub. Aynur Bayramova pullardan xəbəri olmadığını bildirib: “Mən sadəcə xəstələri yönləndirdim. Onları da qan köçürmələri etdiyim dövrdən tanıyırdım. Pulun hamısını Nuridə götürüb. Deyirdi ki, bir xəstəni göndərmişəm Samsunda müalicəyə, digərini başqa yerə. Amma mən heç o xəstəxanaları da tanımırdım. Pulu üç yerə böldüyümüz iddiaları da yalandır. Mən heç bir qəpik də görməmişəm”.

Bu ifadə zərərçəkənlərin etirazına səbəb olub. Aynur Bayramova isə peşman olduğunu deyib: “Mən sadəcə xəstələri yönləndirmişəm. Özüm də xəstə uşaq anasıyam. Onların vəziyyətini çox yaxşı anlayıram. Onlardan üzr istəyirəm. Nuridəyə inandığım üçün çox peşmanam”.

Çıxışına davam edən Aynur Bayramova Nuridə Seyidovaya təhqiredici ifadə işlədib. Buna görə də məhkəmə ona xəbərdarlıq edib. Daha sonra iclas zalında səs-küy yaranıb.

Növbəti proses oktyabrın 2-də davam edəcək.

Seçilən
0
5
publika.az

6Mənbələr