AZ

Torpaqlarımız uğrunda canlarından keçən Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər

Torpaqlarımız

Qax, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından dörd il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovublar. Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrı-acısı hiss olunmasın. Qax rayonu da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşına yüzlərlə qəhrəman övladını yola salıb, şəhidlər verib. Torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər. Onların əziz xatirəsi daim uca tutulur, ehtiramla anılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar Qax rayonunun Şəhidlər xiyabanında toplantı keçirilib.

Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Toplantıda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda başlanan savaşda Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhid olublar. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. İcra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirdiklərinə görə şəhidlərin valideyinlərinə dərin ehtiramını bildirib.

Sonra şəhid anası Təranə İsrafilova çıxış edərək, Vətən uğrunda canlarından keçən qəhrəman oğullarla hər zaman qürur duyduqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Vətən müharibəsi qazisi Polad Seyidli çıxışında şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb.

Anım tədbiri mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

 

Seçilən
10
1
azertag.az

2Mənbələr