AZ

Məktəb tükənmişliyi, aqressiya, mənəvi sağlamlıq - Şagirdlər hansı testlərdən keçirilməlidirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məktəblərdə şagirdlərin psixoloji vəziyyətinin qiymətləndirilməsi onların təhsil həyatında uğurlu olmaları və cəmiyyətə daha yaxşı inteqrasiya etmələri üçün vacib addımlardan biridir.
Son illərdə psixoloji xidmətlərin təhsil müəssisələrində həyata keçirilməsi məsələsi gündəmdədir və bu kontekstdə psixoloji testlərin tətbiqi xüsusilə diqqət çəkir. Bəzi valideynlər isə IQ (intellektual qabiliyyət), EQ (emosional intellekt), D2 (diqqət), Morse, CAT (uşaq proyektiv testi), Kettel, Porteus, Denver (psixi inkişaf) kimi testlərin məktəbdə aparılıb-aparılmadığı, həmçinin bunun ödənişli, yaxud pullu əsasda gerçəkləşdirildiyi ilə maraqlanırlar.
Oxu.Az məsələ ilə bağlı ekspertlərin rəyini öyrənib.
Təhsil eksperti İlqar Orucov saytımıza açıqlamasında məktəb psixoloqlarının fəaliyyət xüsusiyyətlərini şərh edib:
"Psixoloq, məktəbin və təhsil sisteminin subyektlərindən biri kimi, çox mühüm vəzifəyə malikdir. Məktəb psixoloqunun fəaliyyətini tənzimləyən bir sıra normalar mövcuddur. Burada psixoloqun həyata keçirəcəyi psixoloji xidmətin məqsədlərinin nədən ibarət olduğu qeyd olunur - təhsilalanların akademik davranışı, ilboyu nailiyyətləri, onlarda müsbət davranışın formalaşması, məktəbdə təhlükəsiz və sağlam mühitin formalaşması, mənəvi-psixoloji sağlamlığın təmin olunması, eyni zamanda, ailə ilə təhsil müəssisəsi arasında münasibətlərin tənzimlənməsi və s.".
O qeyd edib ki, ümumilikdə əsas psixoloji xidmətə maarifləndirmə, ayrı-ayrı testlərin, müayinələrin aparılması və əlbəttə ki, profilaktik tədbirlərin qurulması, konsultasiya xidmətinin göstərilməsi daxildir:
"Məktəblərdə psixoloji və zəka testlərinin keçirilməsi psixoloqun vəzifələrindən biridir. Bu prosesin hər yaş qrupu üzrə aparılması zəruridir. Ancaq bu işə formal yanaşma yolverilməzdir.
Bir neçə il öncə bu istiqamətdə Ombudsman Aparatı, BMT İnsan Hüquqları Üzrə Ali komissarlığı və BMT-nin Uşaq Fondu ilə birgə icra etdiyimiz layihədə zamanı əksər məktəb psixoloqlarının formal vəzifə daşıyıcıları olduqlarını müşahidə etdim. Hazırda bu istiqamətdə müəyyən işlər görülür. Amma məsələyə xüsusi diqqət ayırmağın vacib olduğunu düşünürəm. Son illərdə tələbələrin davranışındakı dəyişikliklərin, aqressivliyin altında psixoloqların vəzifələrini tam şəkildə icra etməməsi durur. Onların sayının az olması, həmçinin, bu sahənin peşəkarlarının daha yüksək maaş alacaqları yerlərə, özəl sektora üz tutması halları məktəblərdə kadr çatışmazlığına yol açır".
Psixoloq Fuad Əsədov isə Oxu.Az-a açıqlamasında məktəblərdə aparılan psixoloji testlərin xüsusiyyətləri barədə məlumat verib:
"Məktəblərdə psixoloji testlərin keçirilməsi şagirdlərin psixoloji və emosional inkişafını izləmək, potensial problemləri erkən aşkar etmək və onların fərdi dəstəklənməsinə kömək etmək baxımından olduqca vacibdir. Bu testlər altı yaşdan başlayaraq məktəbin sonuna qədər müxtəlif yaş qrupları üçün tətbiq olunur. Hər yaş qrupu üçün uyğun olan spesifik testlər və qiymətləndirmələr var.
Şagirdlərlə IQ (intellektual qabiliyyət), EQ (emosional intellekt), D2 (diqqət testi), Morse, CAT (uşaq proyektiv testi), Kettell (Cattell şəxsiyyət testi), Porteus (problemlərin həlli bacarığı) kimi müxtəlif testlər aparılır. Bu testlərin keçirilməsi, xüsusilə öyrənmə çətinlikləri, davranış problemləri və sosial-emosional vəziyyətlərinin diaqnostikasında əhəmiyyətlidir.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, biz də məktəblərdə tətbiq olunması üçün emosional intellekt testi, məktəb iqlimi sorğusu və məktəb tükənmişliyi şkalasını Azərbaycana adaptasiya etmişik. Bu testlər şagirdlərin emosional vəziyyətini və məktəb mühitinin təsirlərini daha yaxşı anlamağa imkan verir və məktəb psixoloqlarına dəstək olmaq məqsədi daşıyır".
"Bildiyim qədərilə, xüsusilə dövlət məktəblərində bu testlər ödənişsiz şəkildə tətbiq olunur", - deyə F.Əsədov əlavə edib.
Aytac Qasımova
Seçilən
12
50
oxu.az

10Mənbələr