AZ

Gürcüstan prezidenti ikinci müddətə namizədliyini irəli sürəcək: "Danışıqlar aparmağa hazıram"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Avropaya inteqrasiyasını təşviq etmək məqsədilə ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Mən Gürcüstanın Avropa yoluna qayıtması üçün böyük məsuliyyət götürməyə, o cümlədən ikinci müddətə namizədliyimi irəli sürməyə hazıram. Əgər təklif etdiyim xartiya (müxalifətin seçkilərdə qələbə qazanacağı təqdirdə fəaliyyət planı - TASS red.) həyata keçirilsə, mən avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram" , - deyə Zurabişvili Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib.
Zurabişvili hökuməti Gürcüstanı Avropadan uzaqlaşdırıb Rusiyanın protektoratı altına salmağa çalışmaqda ittiham edib. Prezidentin sözlərinə görə, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası öz hərəkətləri, o cümlədən xarici agentlər haqqında qanunun qəbulu ilə Moskva ilə yaxınlaşmanın lehinə çox açıq seçim edib. O, oktyabrın 26-da keçiriləcək parlament seçkisini ekzistensial adlandırıb və ölkənin Avropa yönündə gələcəyini həll edəcəyini bildirib.
Qeyd edək ki, iyun ayında Zurabişvili müxalifəti qarşıdan gələn parlament seçkisində qalib gələcəyi təqdirdə, müxalifəti yeni parlamentin və hökumətin həyata keçirəcəyi islahatları möhkəmləndirən xartiyanı imzalamağa dəvət edib. Xartiya ölkənin Avropa kursuna xələl gətirən qanunların, xüsusən də may ayında qəbul edilmiş xarici agentlər haqqında qanunun və Seçki Məcəlləsinə edilən bəzi dəyişikliklərin ləğvini nəzərdə tutur. Sənədi demək olar ki, bütün müxalifət liderləri imzalayıblar.
Xatırladaq ki, Salome Zurabişvili 2018-ci ildə 6 il müddətinə seçilib. Onun səlahiyyətləri bu ilin payızında başa çatır. Konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, gələcək prezident oktyabrın 26-da keçiriləcək parlament seçkisindən sonra parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 300 seçicidən təşkil edilən kollegiya tərəfindən 5 il müddətinə seçiləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
24
oxu.az

10Mənbələr