AZ

Nazir müavini: Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüslər irəli sürüb

Avqustun 29-30-da Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Adalet.az-a verilən məlumata görə, sessiya çərçivəsində çıxış edən nazir müavini Elnur Məmmədov Mavritaniya İslam Respublikasına İƏT XİN Şurasına uğurlu sədrliyinə görə təşəkkürünü bildirib və yeni sədr ölkə Kamerunaa müvəffəqiyyət arzulayıb.

E. Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və rəsmi İrəvanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan regionda davamlı sabitliyi təmin edəcək, tamhüquqlu regional normallaşma və əməkdaşlığa yol açacaq sülh və dövlətlərarası münasibətlərin bərqərar olması üçün fəal şəkildə çalışır. 2020-ci ildə silahlı münaqişənin başa çatması hər iki ölkə üçün onilliklər boyu davam edən düşmənçiliyin nəticələrini aradan qaldırmaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün unikal imkan yaradıb.

Nazir müavini Azərbaycanın təşəbbüs göstərdiyi və Ermənistana təklif etdiyi normallaşma prosesinə tam sadiqliyini vurğulayıb.

E.Məmmədov, həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb və tədbirin üç il ardıcıl şəkildə İƏT-ə üzv dövlətdə keçirilməsinin diqqətəlayiq hal olduğunu deyib. COP29-a ev sahibliyinin Azərbaycan üçün mühüm mərhələ olduğunu vurğulayan nazir müavini respublikamızın inkişaf səviyyələrinə və siyasi mənsubiyyətə malik ölkələrin birləşdirilməsində Qoşulmama Hərəkatına bu yaxınlarda yekun vurulmuş sədrlik təcrübəsindən istifadə edərək qlobal iqlim gündəliyinin irəliləyişində beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.

O, Azərbaycanın İƏT-in potensialını yüksəltmək üçün yeni ideyalar və təşəbbüslər irəli sürdüyünü, onlardan birinin də İƏT Əmək Mərkəzinin yaradılması olduğunu söyləyib.

Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 4 qətnamə qəbul edilib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir, işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa-yenidənqurma işlərində Azərbaycan hökumətinə və xalqına dəstək ifadə olunur.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə isə 1992-ci il fevralın 26-da Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın qınanılır, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır, “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
18
adalet.az

10Mənbələr