AZ

Belə getsə, SOCAR Ukrayna bazarını tərk edəcək- kimə daha çox ziyan....

Image

Firdovsi Şahbazov: “SOCAR-ın Ukrayna bazarında olması bu ölkə üçün çox şey deməkdir”

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və SOCAR-ın “Qazprom”la razılaşmasından sonra Ukrayna mediası, sosial şəbəkələrində ölkəmizə, SOCAR-a qarşı çirkin kampaniya aparılır.

Qazpromla əməkdaşlığını bəhanə edərək SOCAR-ı boykot etmək barədə mediada qara piar aparılır. Halbuki, SOCAR Ukraynada müharibə başlayan gündən təcili yardım, yanğınsöndürən maşınlarını, fors-major hallarda didərgin düşmüş ailələrin maşınlarını yanacaqla təmin edib. 

O baxımdan “Qazprom”la razılaşmasına görə Azərbaycan şirkətinə qarşı kampaniyaya başlamaq absurddur. Ən azından ona görə ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb. Həmin tranzitə görə Ukraynaya vəsait ödənilir. Halbuki, iki ölkə arasında şiddətli müharibə gedir və belə təcrübəyə heç bir müharibədə rast gəlinməyib. Ona görə də Ukraynada SOCAR-ı boykot etmək istəyirlərsə, SOCAR günü bu gün bütün aktivləri sayıb Ukraynanı tərk edə bilər. Yəni oradakı bazar SOCAR üçün elə də önəmli deyil. Təəssüf doğuran məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə, internet resurslarında Azərbaycan əleyhinə aparılan bu kampaniyaya Ukrayna hakimiyyəti müdaxilə etmir. Sadəcə, prosesi izləyir. Halbuki, buna mane olmaq imkanları var. 

Bütün bu deyilənlərin fonunda,  SOCAR-ın Ukrayna bazarında iştirakı nə deməkdir? SOCAR bu bazarı tərk etsə, Ukrayna nədən məhrum olacaq? Ukraynada SOCAR-a qarşı aparılan kampaniyada erməni diasporunun nə kimi rolu ola bilər?

“Bazarı tərk etsə, itirən tərəf daha çox onlar olacaq, bir sıra yardımlardan məhrum olacaqlar” 

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “SOCAR-ın Ukrayna bazarında olması bu ölkə üçün çox şey deməkdir. Birinci növbədə bu, Ukrayna bazarında rəqabət imkanları deməkdir. SOCAR bu baxımdan Ukrayna üçün daha əlverişlidir. Çünki nefti özü hasil edir, hardansa idxal edib bunun üzərinə qiymət qoymur. Digər tərəfdən, Azərbaycan nefti keyfiyyət baxımından üstündür. Yəni yüksək oktanlıdır. SOCAR, digər şirkətlərdən fərqli olaraq, Ukraynada sosial layihələrdə fəal iştirak edir. Bir sıra dağılmış sosial obyektlərin bərpasına yaxından kömək edir. Halbuki, müharibə səbəbundən Ukraynada dağıntıların miqyası çox böyükdür. Bir sıra bu kimi binalar məhz SOCAR-ın maliyyə dəstəyi ilə bərpa olunub. Ona görə də SOCAR Ukrayna bazarını tərk etsə itirən tərəf daha çox onlar olacaq. Yəni bu yardımlardan məhrum olacaqlar. SOCAR-ın Ukrayna bazarını tərk etməsi şirkət üçün böyük iqtisadi itki olmayacaq. Ona görə ki, SOCAR Balkan və digər ölkələrdə yanacaqdoldurma məntəqələri açır. Şərqi Avropa ölkələri ilə əlaqələrini genişləndirir və s. Erməni lobbisinin Azərbaycana, SOCAR-a qarşı kampaniyada çox böyük rolu var. Məsələ ondadır ki, Ukraynada yarım milyona yaxın erməni yaşayır. Onların orada çox güclü diasporu var. 2014-2021-ci ildə Ukraynanın daxili işlər naziri erməni Arsen Avakov idi. Deməyim odur ki, şəbəkələşmiş erməni lobbisinin SOCAR-a qarşı kampaniyada rolu var. Ancaq deməzdim ki, bu kampaniyada erməni diasporu həlledici gücə malikdir. Ona görə də yaxşı olardı ki, Ukrayna hakimiyyəti Azərbaycana qarşı aparılan bu çirkin kampaniyanın qarşısını alsın”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
baki-xeber.com

10Mənbələr