RU

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Türkiyənin

Ankara, 3 may, AZƏRTAC

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və Avropa Birliyi üzrə departament rəhbəri Gözde Şahinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasını yüksək qiymətləndirən Gözde Şahin, yeni qurumun mədəni əlaqələrimizin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini qeyd edib.

Departament rəhbəri, hər iki ölkənin mədəniyyət nazirliklərinin birgə layihəsi çərçivəsində Azərbaycanda tarixi binaların bərpası üzrə laborotoriyanın yaradılması üzrə işin getdiyini, bu təşəbbüsə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstək verdiyini bildirib.

Mədəniyyət nazirlərinin 2023-cü il noyabr ayında Ankarada keçirdiyi görüş və imzaladıqları Əməkdaşlığa dair Sazişdə nəzərdə tutulan məsələlərin icrası barədə fikir mübadiləsi aparılıb, mədəniyyətin müxtəlif sahələrinə dair təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə ilə mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətini qeyd edərək, dövlət başçılarımızın qarşılıqlı səfərləri, ikitərəfli imzalanan sənədlər, Şuşa bəyannaməsi, habelə Hökümətlərarası Mədəniyyət sahəsinə dair Əməkdaşlıq Sazişinin əlaqələrin inkişafında mühüm imkanlar açdığını vurğulayıb. O, son illər mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi barədə görülən işlərdən danışaraq, mədəniyyətin bir çox sahələrində birgə layihələrə ehtiyac olduğunu qeyd edib.

Azərbaycanın aparıcı muzey rəhbərlərinin Türkiyəyə səfəri, onların Ankara və İstanbuldakı böyük və tarixi muzeylərin təcrübələri ilə tanışlıq, birgə görüşlərin keçirilməsi, muzey işi sahəsində yeni təcrübə - İstanbul digital muzeyinin təcrübəsindən Azərbaycanda faydalanmaq, muzey, opera və balet sahəsində əməkdaşlıq da müzakirə predmeti olub.

Simfonik orkestrlərin birgə konsertlərin təşkili (bir sıra iştirakçıların - drijor, solistlərin qarşı tərəfdən iştirakının təmin edilməsi), Azərbaycanda Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyənin Güzel Sanatlar Universiteti arasında əlaqələrin yaradılması müzakirə olunub. Qeyd olunan təkliflərin reallaşdırılmasına dair birgə plan razılaşdırılıb.

Samir Abbasov son illərdə Türkiyədə keçirilən və milyonlarla insanın iştirak etdiyi “Kültür yolu” (“Mədəniyyət yolu”) festivalına Azərbaycan tərəfinin də maraq göstərdiyini və Festivalda ölkəmizin müxtəlif mədəniyyət kollektivlərinin və yaradıcı qrupların iştirakının milli mədəniyyətimizin daha geniş platformada təbliği və əlaqələrimizin daha da yaxınlaşmasına səbəb ola biləcəyini bildirib.

Gözde Şahin, Türkiyənin 16 şəhərini əhatə edən və 8 ay davam edən festivalın əhəmiyyətini qeyd edib, mədəniyyəti, incəsənəti, tarixi, ədəbiyyatı bir yerdə birləşdirən Türkiyənin ən böyük festivalında Azərbaycan tərəfinin təmsil olunmasının mühüm olduğunu və bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

Görüşdə koordinasiyalı işin aparılması, birgə layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

Gözde Şahinə "Aziz Şehir Şuşa" kitabı hədiyyə edilib.

Görüşdə ikitərəfli əlaqələr üzrə şöbə koordinatoru, Azərbaycan üzrə kurator Semin Nurel də iştirak edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara-

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
1
azertag.az

2Источники