Bakı, 21 iyul (AZƏRTAC). Birinci turda gürcüstanlı Tamari Çalaqanidzeni mübarizədən kənarlaşdıran Niqina Abduraimova (Özbəkistan) ikinci turda Bakı Tennis Akademiyasının 3-cü kortunda belaruslu Aliaksandra Şaşnoviç ilə qarşılaşdı.
AZƏRTAC xəbər verir ki, A.Şaşnoviç ilk turda azərbaycanlı tennisçi Züleyxa Səfərova üzərində qələbə qazanaraq ikinci tura yüksəlmişdi.
Özbəkistanlı tennisçi ilk setdə rəqibinə 5:7 hesabı ilə məğlub olsa da qələbə üçün ümidlərini itirmədi. İkinci seti 6:3 qazanaraq hesabı 1:1 edən Niqina Abduraimova 3-cü setdə üstünlüyünü daha da artırdı.
Son seti də 6:2 öndə bitirən Niqina Abduraimova oyundan da 2:1 hesablı əzmkar qələbə ilə ayrıldı.
İki qələbə ilə seçmə mərhələni (qualfying) uğurla başa vuran Niqina Abduraimova üçüncü tura yüksəldi və əsas mərhələyə (main draw) vəsiqə əldə etdi.