RU

“Qəbələ” son ümidlərini evdə “dəfn etdi” - REPORTAJ

Turnir cədvəlinin sonuncu pillələrində qərarlaşan komandalar üçün bu oyun “ölüm-qalım” mübarizəsi idi.

Düzdü, aradakı xal fərqini nəzərə alsaq, “Kəpəz”i heç-heçə də qane edirdi. Lap elə gəncəlilər uduzsaydı da, bugünkü “Qəbələ”nin qalan bütün oyunlarda qələbə qazanmaq potensialı yoxdu. Amma bu oyuna başqa prizmadan da yanaşaq. “Qəbələ” bütün hallarda qələbəyə can atmalı, elitadan gedişinin təsadüf, hadisələrin uğursuz axarının nəticəsi olduğunu sübüt etməliydi.
Hakimin start fiti yenicə səslənmişdi ki, qonaqlar hesabda önə çıxdı. Falın cərimə zərbəsindən qapı önünə asmasını səhlənkarcasına uzaqlaşdırmaq istəyən “Qəbələ” futbolçuları 7-ci dəqiqədə qapısında ilk qolu gördü. Gəncəlilərin ən sərrast futbolçusu Martins bu səhlənkarlığı bağışlamadı – 0:1. Meydan sahibləri 10-cu dəqiqədə hesabı bərabərləşdirmək üçün yüzfaizlik imkan qazandı. Rauf topu müdafiəçilərin diqqətindən yayınan Allaşa ötürdü, o isə boş qapıya yol tapa bilmədi. Bir qədər sonra “qırmızı-qaralar” növbəti qol imkanını boşa verdi. Onanuqanın səhvindən sonra təkbətək çıxan Allaş bu dəfə qapıçıyla dueldən məğlub ayrıldı. 35-ci dəqiqədə kornerdən göndərilən asmanı tamamlayan Musayevin başla zərbəsindən sonra top tirə dəyib meydanı tərk etdi. İlk hissədə yranmış fürsətləri dəyərləndirə bilməyən meydan sahibləri 2-ci hissədə yorğun görünürdü. Çünki komandanın elitadan getməsi rəsmiləşmək üzrə idi. Şükürovun yetirmələri isə lazım olan qolu vurandan sonra müdafiəyə çəkilərək, əsasən əks-hücumlarda rəqibini yaxalamağa çalışırdı. “Qırmızı-qaralar” 68-ci dəqiqədə növbəti dəfə fərqlənməyə yaxın oldu. Musayevin ötürməsindən sonra müdafiəçilərin nəzarətindən yayınan Xalayla qolkiperi keçə bilmədi. Arxada qalan hər dəqiqə “Qəbələ”ni 1-ci liqaya yaxınlaşdırırdı. Lakin “qırmızı-qaralar” bununla barışmaq istəmirdi. 75-ci dəqiqədə daha bir fürsət boşa çıxdı. Bu dəfə də Xalayla Asifin cərimə zərbəsindən göndərdiyi topu başla “çərçivə”yə yönəltdi. Amma yenə İqor topun tora qovuşmasına icazə vermədi. Portuqaliyalı qapıçı artıq 3-cü dəfə rəqibin ümidlərini sarsıdırdı. “Qəbələ” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilmədi.

Beləliklə, iki autsayderin mübarizəsi tərəflərdən birinin sevincinə, digərinin üzülməsinə səbəb oldu. Səfərdə minimal hesabla qələbə qazanan “Kəpəz” növbəti mövsümdən etibarən elitada çıxış edəcəyini, “Qəbələ” isə premyer-liqadan düşəcəyini rəsmiləşdirdi. İki dəfə Avropa Liqasının qruplarına düşmüş komandanı belə durumda görmək ancaq məyusluq doğurur.

Gözdən qaçmadı
* Gəncə təmsilçisinin “Xəmsə” və “Kəpəz Ultras”, “Qəbələ”nin isə “Red-Black Army” azarkeş qrupu tribunada idi.
* “Xəmsə” azarkeş qrupu “Ümid Səmədov, 17 (k)” – yazılı pankart açaraq: “Adil, bizim Ümidimiz var” və “Adil, Ümidi “Kəpəz”ə gətir” şüarlarını səsləndirdi. Oyun bitəndən sonra isə “Qudbay, “Qəbələ” dedilər.
* AFFA nümayəndəsi Yavər Rəhimov qəbələli azarkeşlərlə problem yaşadı.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
football-plus.az

1Источники