"İstərdim ki, bütün komandalara yanaşma eyni olsun"
Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Zirə" - "Araz-Naxçıvan" oyunundan sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
- İlk qələbəni qazandıq. Amma daha çox komandanın meydançadakı əzmkarlığı məni sevindirir. Düşünürəm ki, bərabər səviyyədə oyun oldu. Komandamı təbrik edirəm. Qarşıdakı 4 oyuna da eyni ruhla hazırlaşacağıq.
- Oyuna müdafiəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi... - Oyun seçimi mənimdir. Bəzən komadanı da nəzərə alırıq. Elə olur ki, rəqibi də nəzərə alıb, onlara uyğun oyun planı seçirik. Planımız tez hücumlara qoşulmaq idi.
- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. Deyəsən, "Zirə"ni daha yaxşı incələyirsiz? - Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.
- Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Sxadadze dedi ki, imicimi qurban verdim bura gəlməklə. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var? - Bunu payla ayırmazdım. Mən də o komanda ilə yaxşı uğurlar qazandım. Məşqçi kimi orda formalaşdım. Mənim də payım var, səbəblər çoxdur. Burada danışsam, uzanacaq. Özümü Kaxa ilə müqayisə etmək istəmirəm. Amma mənə görə o klubun Azərbaycan futboluna böyük töhfələr olub. İstəmərəm "Qəbələ" Premyer Liqanı tərk etsin.
- Hakim qərarları haqda nə düşünürsüz? - Düşünürəm kİ, hakimlər oyunu normal idarə etdi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır.
- Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir? - Səhv və qərəzli qərarlar fərqli şeylərdir. "Qəbələ"də də, burada da hakimlərin simpatiyasını görmədim. İstərdim ki, bütün komandalara yanaşma eyni olsun. Düşünürəm ki, hamıya eyni gözlə baxılsa, yaxşı olar.