QAÇIŞ
Biz bəzən qaçırıq öz-özümüzdən,
Sürətə baxmırıq, yola baxmırıq.
Elə qaçırıq ki, yolumuz üstə
Sanki arxamızdan iz buraxmırıq.
Bu günü yaşayıb, sabaha baxıb,
Görmürük dünəndə nə qaldığını.
Yaman unuduruq bu günkü günün
Dünənin üstündə ucaldığını.
Babamız kahada yuva qurmuşdu,
Biz isə fəzada yuva yaratdıq.
Kahada yetişən düşüncələrdən
Fəzalar kəşf edən idraka çatdıq.
Qaçdı öz-özündən insan övladı,
Atdı keçmişini, tamam unutdu.
Dünəndə özündən alçaq olanı
Bu günü özündən yüksəkdə tutdu.
Gələcək yaratdı öz əlləriylə,
İmkanlar gözünə sonsuz göründü.
İnsanın zəkası, insanın ağlı,
İnsanı məhv edən qüvvəyə döndü.
Özü öz bəxtini yazmaq istədi,
Bilmədi bir zaman qələmi sına.
Allahın əliylə yaranan insan
Düşərmiş Allahlıq iddiasına.
Amma düşünməyir qoca dünyanın
Əzəldən kökündə bir qanunu var:
“Bir vaxt ağlasığmaz olan yüksəklik
Bir gün də uçulub tamam məhv olar”.
Bu qaçış, bu sürət, bu cür estafet
Dünyanı içindən dağıdacaqdır.
Hansı ki nöqtədən qaçış başladı,
Yenə o nöqtəyə qayıdacaqdır.
***
ŞƏKİLLƏRİM
Düzdüm şəkilləri masanın üstə.
Baxdım şəkillərə, baxdım birbəbir.
Şəkillər ömrümdən keçən günləri
Rəngli çalarlarla mənə göstərir.
Fəsillər əks olur şəkillərimdə.
Hər şəkil bir yazmış, bir qışmış demək.
Bir vaxtlar ömrümə sığa bilməyən
Zaman şəkillərə sığışmış, demək.
Hər biri xatirə...Gözüm önündən
Keçir bircə-bircə, gözlərim dolur.
Niyə də dolmasın?
Dünən gördüyüm
Bu gün mənim üçün görünməz olur.
Niyə də dolmasın?
Dünən yanımda
Dayanan insanlar bu gün yoxdursa.
Niyə də dolmasın?
Yaş ilə yaşın,
Dünənlə bu günün fərqi çoxdursa.
Hər şəkil ömrümün bir mərhələsi.
Keçir ömür yolum şəkillərimdən.
Baxdıqca hər şəklə geridə qalan
Yaşanmış ömrümə qayıdıram mən.
Ax, uşaqlıq şəklim.. Döndüm bir anda
Həmin dəcəlliyim, şıltaqlığıma.
Ağlıma gəlməzdi uşaq olanda
Şəkildən baxacam uşaqlığıma.
Bu ki məktəb vaxtı, əvəzedilməz
O günlər, görəsən, nə tez dəyişdi?
Sinif yoldaşlarım, müəllimlərim
Hamısı birbəbir yadıma düşdü.
Bu filan şəkildir, bu filan yerdir,
Təzə yaşanılıb bunlar elə bil.
Nələri geridə buraxdığımı
Mənə asta-asta göstərir şəkil.
Zamanın hökmüdür: dəyişər günlər.
Zamanın hökmünə hər kəs baş əyir.
Bir zaman ömürdə yaşanan anlar
Bir şəkil diliylə "əlvida" deyir.
Ömrünün cızdığın cizgilərindən
Danışar şəkillər, dinər şəkillər.
Vaxt keçər, gün gələr, hansısa zaman
Şirin xatirəyə dönər şəkillər.
***
GƏNCLİK NƏĞMƏSİ
Zamanın qanunu, ömrün hökmü var:
Yaş üstə yaş gəlir, yaşlanır insan.
Dünənin sevinclə keçdiyi anı,
Bu günü özünə dərd sanır insan.
Qocalmaq istəmir yaş ötsə belə,
Ömrün nə qışında, nə baharında.
Nə qədər gənclik var, rəqs etmək istər
Gənclik nəğməsinin sədalarında.
Gənclikdə doyumsuz yaşamaq eşqi,
Gənclikdə min arzu, min bir dilək var.
Gənclikdə vurulmaq, könül bağlamaq,
Gənclikdə yorulmaz sevən ürək var.
Gəncsən, qoyacaqsan dağı dağ üstə,
Qolunda güc vardır, dizində təpər.
Göyü titrədərsən, sənin əllərin
Göydən ulduzları başına səpər.
Gənclikdən başlanır keşməkeşli yol.
Ağır sinaqlarla üz-üzəsən sən.
Gəncsən, bilirsən ki, bu sınaqlardan
Gəncliyin gücüylə keçə bilərsən.
Gənclik bir çiçəkdir, onun ətrini
İnsan ehtirasla içinə çəkər.
Sən ondan doymamış zamanın yeli
Onun ləçəyini uçurar, tökər.
Sürətlə dövr edər ömür müddəti.
Bir göz qırpımında illər dəyişir.
Saçlar ağardiqca, üz qırışdıqca
Görürsən gəncliyin sonu yetişir.
Arzular yaranır coşqun ürəklə:
"Nə olar, gəncliyi yaşayım hələ"
Ömür qapısını açıb gedəcək,
Sən onu saxlamaq istəsən belə.
Gedəcək vəfasız sevgili kimi,
İstər başına döy, sinəni dağla.
Çalıs o anadək öz gəncliyindən,
Özünə bir şirin xatirə saxla.
Ötən gəncliyinə çox üzülmə sən,
Onun da müddəti, zamanı dolmuş.
Əsası odur ki, deyə biləsən:
Mənim gör nə gözəl gəncliyim olmuş.
***
OVÇU
Yenə ov etməyə gedirsən, ovçu.
Gedirsən, bəlkə bir ruzi tapasan.
Bəxtin gətirməyi, ruzi qazanmaq
Çətindir, o qədər deyildir asan.
Səbirlə gözlərsən şikarın gələ.
Aha, gəldi şikar, sevincə bir bax.
Çünki bilirsən ki, evdə balanın
Azından bir günlük qarnı doyacaq.
Vurdun şikarını, ürəyin rahat,
Balanı bir günlük doyurmağın var.
Bəs heç düşündünmü, həmin o şikar
Hansısa balanın anası olar?
Bəlkə o da elə səninki kimi
Ruzi tapmaq üçün çıxmış yuvadan.
Ancaq hardan bilsin, atdığın güllə
Onun ruzisini kəsər baladan.
Vurdun anasını, indi balası
Ac qalıb öləcək, həyatı söndü.
Bayaq yem dolusu yaşanan həyat
İndi aclıq dolu həyata döndü.
Qəribə təzaddır, qəribə təzad,
Nələrə baismiş çəkilən əmək.
Hardasa bir bala tox olmaq üçün
Hardasa bir bala ac qalır demək.
Onun da balası, sənin də balan,
Hər biri baladır, danılmazdır bu.
Bəzən ölüm olur, bəzən də həyat
Yem tapmaq arzusu, doymaq arzusu.
Bəs kimdir günahkar, günah kimdədir?
Birinin qarnı ac, digəri toxdur.
Belə sualların cavabı müşkül.
Belə sualların cavabı yoxdur.
Belə də olmalı, axı, həyatda
Yaşamaq müddəti ya çox, ya da az.
Onsuz da həyatın qanunu budur:
Birisi ölməsə, biri yaşamaz.
***
KÖK
Bizim gördüyümüz geniş dünyada
Hər şeyin bir kökü var əzəlindən.
İstər yaxşı olsun, istər pis olsun,
Yetişər öz kökü, öz təməlindən.
Fikrin də kökü var, hissin də kökü.
Kökdən qıdalanır düşüncələr də.
Bəzən üzüləndə ümidlər belə
Yenidən boy atar kök olan yerdə.
Günlər aya dönür, aylar il olur.
Zaman öz ömrünə başlar kökündən.
Dünənin kökündən yarandı bu gün,
Sabah boy atacaq bugünkü gündən.
İnsan da elədir, onun kimliyi
Kökündən başlayır, kökdən yaranır.
Onun varlığı da, əməlləri də,
Yenə də sonunda kökdə dayanır.
Kökünü unutma! Həyatda səni
Xoşbəxt eyləyərsə ömrün hər çağı,
Bir çevril, arada kökünə boylan,
Səni yetişdirən kökün var axı.
"Ağac bar verəndə başını əyər",
Bu dövrü-qədimdən belə deyilir.
Ağac bar versə də kökü unutmur,
O, həm də kökünə doğru əyilir.
Gövdəni calama başqa gövdəyə,
Fərq etməz hardasa yaşasan da sən.
Sənin öz kökün var, dana bilməzsən
Sən o kök üstündə bitən gövdəsən.
Başqa kök üstündə gövdəyə calaq
Vurulan meyvənin dadı dad olmur.
Necə ki qartaldan qartal törəyər,
Sərçədə qartaltək qol-qanad olmur.
Kök - bizim əzəli başlanğıcımız.
Kök - həyat yolunda salınan izdir.
Kök - bizim dünyada biz olmağımız.
Kök - varlığımızdan nişanəmizdir.
Müəllif: Zaur İlhamoğlu