Müstəqillik Aktına şahidlik etmiş məşhur fotoqraf: "Mən ağlayırdım"

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 11:57
Müstəqillik Aktına şahidlik etmiş məşhur fotoqraf:


“Gözümün yaşını gizlətmək üçün fotoaparatı üzümə yaxınlaşdırdım. Bir az da yuxarı qaldırdım ki, kimsə görməsin”.

SİVİL.AZ
-ın məlumatına görə, məşhur fotoqraf Rasim Sadıqov 26 il əvvəli belə xatırlayır. 1991-ci ilin 18 oktyabrında “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul ediləndə, gözünün yaşını tuta bilməyib, amma... Tuta bildiyi o tarixi gündə çəkilən kadrlar olub.

Rasim Sadıqov “Azadlıq” radiosuna həmin günlərdən danışıb.

– Müstəqillik Aktı qəbul ediləndə Siz neylədiniz?

– Mən?.. Mən ağlayırdım. Sevincdən ağlayırdım. O hissi sözlə demək olmur, gərək o an orada olaydın, onu hiss edəydin... Millətlər çoxdur, amma hər millətin dövləti yoxdur. Azərbaycanın müstəqil dövlətinin yaranması mənim üçün böyük hadisə idi. Sensasiya idi. Bu müstəqilliyi heç kim istəməyib, nə rus, nə də İran. Böyük hadisə idi. İçimdə həm narahatlıq vardı, həm də sevinc. Narahat idim ki, bu, çox çəkə bilməz. Bizi sıxacaqlar. Bunu bizə bağışlamayacaqlar. Yəni 1918-ci ildə baş verənləri düşünürdüm. Fikirləşirdim ki, nəfəsimizi kəsəcəklər. Azərbaycanın müstəqilliyini elan etməsinə dözməzlər... O dövrün hadisələri yadınızdadır?.. Müstəqillik aktından sonra başlandı hər şey. Qarabağda əməliyyatlar başlandı, Rusiya Ermənistana kömək edirdi altdan...

– Amma həmin gün həm də sevinc vardı içinizdə.

– Həm sevinc, həm də narahatlıq. Biz sevinirdik. Sevinirdik ki, bu günün şahidi olduq. Necə deyim, müstəqilliyin dadına baxdıq.

– Həm hadisənin sevincini yaşamaq, həm də ətrafda olanları fotoya çevirmək, yəqin, çətin idi.

– Bu, böyük məsuliyyətdir. Sən hadisələrin içindəsən, həm vətəndaş kimi, həm də tarixi salnaməyə alan fotoqraf kimi. O zaman bircə şeyi fikirləşirdim, bircə anı da gözdən qaçırmamalıyam. Hərdən söz atırdılar: "Onu çəkmə, bunu çəkmə. Sən kimsən? Kimə qulluq edirsən?" Amma mən ona baxmırdım. Nə görürdümsə, çəkirdim. Qiymət də vermirdim ki, nə yaxşıdır, nə pisdir. O zaman çəkdiyim fotoları o dərəcədə qiymətləndirmirdim də. Amma sonra gördüm ki, hər fotonun bir izahı var. Mirşahin elə-belə demirdi ki, Rasimin hər fotosunda bir salnamə var.

– Zala bayraq gələndə də onu çəkən fotoqraflardan biri Siz oldunuz. Hadisə necə baş verdi?

– O gün baş verənləri həyəcanla izləyirdim. Elə ki qapı açıldı, bayraq zala gəldi, mən uşaq kimi onun dalınca qaçırdım. Çox əlamətdar hadisə idi. Hamı ayağa qalxdı, əl çaldı. Köhnə sovet Azərbaycanı bayrağını götürdülər. Bizim milli bayrağı ora sancdılar. Sovet bayrağını bir əski kimi qatlayıb, bir küncə atdılar. Deyəsən, elə arxa tərəfə atdılar, gözümüzün qabağında oldu.

– Zaldakıların reaksiyası necə idi?

– Zalda çox böyük həyəcan vardı, çox böyük. Hətta o adamlar ki, müstəqilliyə şübhəylə yanaşırdılar, onlar da əl çalırdılar, sevinirdilər. Onların da tilsimi qırılmışdı elə bil.

– Bəs, dilxor olanlar yox idi?

– Dilxor olan iki-üç nəfər vardı. Hiss olunurdu ki, nə gülüş var, nə də... Amma o təmtərağın, o böyük sevincin içində onlar it-bata düşürdülər. Sevinməyənlərdən biri də Telman Orucov (Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini – red.) idi.

– Həmin gün Heydər Əliyev zalda deyildi, səhv etmirəmsə...


– Zalda deyildi. O, hər dəfə çıxış edəndə, bəzi deputatlar ayaqlarını yerə döyürdülər, əllərini stola vururdular, sözünü kəsirdilər, çıxışına imkan vermirdilər. Ona görə sonradan iclasa gəlmədi, nümayəndəsini göndərirdi. Onun çıxışına imkan verməyənlər indi onu dəstəkləyirlər, üçrəngli bayraq zala gələndə onu alqışlayırlar. Çox qəribədir.

– Səsvermədən sonra "demblok" kimi tanınan "Müstəqil Azərbaycan" blokunun fotosu vardı...


– Hə, əllərini havaya qaldırıblar, onu deyirsiniz?.. Deyəsən, onların içərisindən kimsə qışqırdı ki, yığışın, xatirə şəkli çəkdirək. Mən də zalın bu küncündən o küncünə, bu küncündən də o küncünə qaçırdım, şəkil çəkirdim. Deyəsən, Sabir Rüstəmxanlı qışqırdı ki, toplaşın, sonra da çağırdılar ki, Rasim, çək bizi, tarix üçün. Çəkəndə gördüm, hamısı əllərini qaldırdı.

– Zalda Sizdən başqa fotoqraf vardı həmin gün?

– İki fotoqraf idik. Adını çəkməyəcəyəm, dövlət təşkilatından idi, "Azərtac"dan idi, biri də mən idim. O qədər işə, prosesə etinasız yanaşmışdı ki, bayrağın gəlişini də, deyəsən, çəkə bilməmişdi. Deyəsən, "Azərtac"dan bayraq şəklini məndən istədilər, "bayrağı çəkməyib" dedilər.

– Siz həmin günlə bağlı bütün fotoları yaymısınız, ya arxivdədir çoxu?

– Çox şey var arxivdə. Vaxt olmayıb onları yaymağa. Bəlkə də, arxivimin 5-10 faizi yayılıb.

– Parlamentdə çox çəkilişləriniz olub. Ən çox hansı gün yadınızda qalıb?

– Ən çox yadımda qalan elə müstəqilliyin elan olunduğu gün idi. Mən ağlayanda, göstərməyi sevmirəm. Yadıma gəlir ki, fotoaparatı tutdum üzümə, bir az da yuxarı qaldırdım ki, o yaşı görməsinlər. Ən yaddaqalan odur... Bircə sözüm var, bu müstəqilliyi bacardıqca qorumaq lazımdır.

Sivil.az



Diqqətinizi çəkə biləcək digər xəbərlər
Baş redaktor: Samir Hüseynov
Əlaqə nömrəsi: 055 680 19 80
E-mail: sivilinfo@gmail.com

Mobil versiya
Haqqımızda \ Əlaqə
Facebook səhifəmiz
    "Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8).

Copyright © 2016-2017 SiviL.az Xəbərlərdən istifadə edərkən istinad edilməsi mütləqdir. Created by BuludHost Company



 
Facebook səhifəmiz