Əsas Səhifə > Mədəniyyət > Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi qeyd olunacaq

Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi qeyd olunacaq


13-12-2017, 15:08.
title}
Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi qeyd olunacaq


Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktrisası Zemfira Quliyevanın bu il 80 yaşı tamam olur.

SİVİL.AZ
-ın məlumatına görə, qurumun Mətbuat xidmətindən bildirilib ki, Dövlət Musiqili Teatrında 80 illik yubileyi münasibəti ilə Zemfira Quliyevanın xatirəsi anılacaq.

Belə ki, 17 dekabr saat 19.00-da dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi mərhum aktirisanın 80 illiyinə həsr olunacaq. Tamaşaçıların xatirəsində işıqlı iz qoyan Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Quliyeva vaxtı ilə bu ölməz səhnə əsərində Gülçöhrə obrazını canlandırıb.

Qeyd edək ki, Zemfira Nəriman qızı Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub. Lirik soprano tembrli səsə malik olan Zemfira xanım orta musiqi təhsilini Gəncədə alıb. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal vakültəsində ali təhsil alıb. O, ikinci kursda oxuyarkən bəstəkar Süleyman Ələsgərov və rejissor Şəmsi Bədəlbəyli tərəfindən Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) dəvət olunub. 1960-1963-cü illərdə Azərbaycan Dövlət Radiosu xorunda çalışıb. 1963-cü ildə isə Musiqili Teatra aparıcı solist təyin olunub.

Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi qeyd olunacaq


Zemfira Quliyeva 30 ildən çox çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrında Gülnaz, Gülçöhrə (“O olmasın, bu olsun”, “Arşın mal alan” – Üzeyir Hacıbəyli), Ulduz (“Ulduz” – Sabit Rəhman, Süleyman Ələsgərov), Durna (“Durna” – Süleyman Rüstəm, Süleyman Ələsgərov), Gülxanım (“Subaylarınızdan görəsiniz” – İsi Məlikzadə, Süleyman Ələsgərov), Fatı (“Hicran” – Sabit Rəhman, Emin Sabitoğlu), Səlimə, Qonşu qız, Gülər, Gülnar (“Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Olmadı elə, oldu belə” – Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Sona (“Hacı Qara” – Mirzə Fətəli Axundzadə, liberetto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif Adıgözəlov, Ramiz Mustafayev), Pəri (“Altı qızın biri Pəri” - Məhərrəm Əlizadə, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Xavər (“Höcət eləmə” – Qazı Məmmədov, Ağabacı Rzayeva, İsmayıl Quliyev), Sevda (“Qayınana” – Məcid Şamxalov, Zakir Bağırov) və onlarla bu kimi başqa obrazlara səhnə həyatı verib.

Musiqili Teatrda Əməkdar artist Zemfira Quliyevanın 80 illiyi qeyd olunacaq


Yaratdığı obrazlarla tamaşaçıların sevgisini və rəğbətini qazanan Zemfira Quliyeva 1 dekabr 1982-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı ilə təltif olunub. Aktrisa 1997-ci ildə Bakı şəhərində vəfat edib.

Geri qayıt