EN

Azərbaycanda hüquqi dövlət quruculuğunda Ulu Öndərin mühüm tarixi xidmətləri olub

Zaqatala, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması çağdaş tariximizin ən mühüm hadisələrindən biridir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən milli Konstitusiya ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu üçün möhkəm zəmin yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə noyabrın 11-də Zaqataladakı Heydər Əliyev Mərkəzində keçirilən “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Xalqın adamı” filmi nümayiş olunub.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə mövzu ilə bağlı məruzəsində 28 il əvvəl ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın milli dövlətçiliyimizin formalaşması və inkişafında böyük əhəmiyyəti olduğunu bildirib. Vurğulanıb ki, ilk milli Konstitusiyanın qəbulundan ötən müddət ərzində Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanılıb, mühüm qanunvericilik aktları qəbul edilib.

Bildirilib ki, üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biridir. Dövlət Bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur.

Qeyd olunub ki, bu gün xalqımız bütün milli bayramlarını, əlamətdar tarixlərini, o cümlədən Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərini daha böyük coşqu və qürur hissi ilə qeyd edir. Çünki indi bütün torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa edilib. Tarixi Zəfərimiz dövlətimizin konstitusion əsaslarını da tam təmin edib. Artıq Konstitusiyamızın normaları bütün Azərbaycan ərazisində qüvvədədir.

Tədbirdə, həmçinin rayon Qeydiyyat Şöbəsinin rəisi Aybəniz Kələşova, Vətən müharibəsi iştirakçısı Məhəmməd Buraqov, tarix müəllimi Vüqar İsrafilov mövzu ilə bağlı çıxış ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
360
azertag.az

1Sources