EN

Rudimentləşmə: Üç sahədəki problem genetikamızı dəyişir...

Aqşin Kərimov yazır...

Canlıların təkamül prosesindən keçməsi nəticəsində bəzi orqanlar əhəmiyyətini itirib. Onlar rudimentdir, yəni özü var, funksiyası yoxdur. Var olmasa belə, canlıların bioloji müvazinəti dəyişməz.

Amma onlar bioloji zərurətdən irəli gələrək mövcuddurlar - yəni anadangəlmə canlıların vücudunun tərkib hissəsidirlər.

Söhbəti onun üzərinə gətirirəm ki, ictimai-siyasi həyatda da rudimentlər az deyil, özləri olub, funksionallığı olmayanları hərə öz arşını ilə müəyyənləşdirə bilər.

Vay ola o günə ki, rudimentlik problemi dövlətin idarəetməsində iştirak edən institutlara sirayət etsin. Bəs bizdə belə bir qurum varmı?

Mənə görə ictimaiyyətdə özləri haqqında rəy yaratmaq baxımından qurumlar üç qrupa bölünür: fəaliyyətini təqdir edən məlumatları addımbaşı ictimailəşdirənlər, yarıgizli, yarıaçıq fəaliyyət göstərənlər və yalnız qapalı hesabatlar hazırlayıb onların cəmiyyətlə bölüşülməsində “xəsislik” edənlər.

Bu cəhətdən bütün məlumat və hesabatlara çıxışımız olmadığından qurumların fəaliyyətini bütünlüklə əhatə edə biləcək fikirlər söyləyə bilmərik.

Yalnız üç istiqamət üzrə ciddi problemlər olduğu aydındır - buna görə qurumların üzərinə məsuliyyət düşür. Dəxli yoxdur ki, onların da fəaliyyətini aşan məsələlər az deyil, çünki ümumi şəkildə kök atmış sistem və şəbəkəni bir neçə ilə tamamilə çökdürmək çətindir.

Ölkənin inkişafına təsir edəcək üç mühüm sahə var: qida sektoru, təhsil sahəsi və səhiyyə sferası.

Təəssüflər olsun ki, hər üç sahə üzrə ciddi problemlər mövcuddur, ən azından ard-arda gələn şikayətlər, gündəlik rastlaşdığımız qayğıların sayəsində problemin modelini qurmaq mümkündür.

Qida təhlükəsizliyi üzrə bilmirəm hansı işlər görülür. Sözün düzü, bu məni çox da maraqlandırmır. Məni maraqlandıran gündəlik rastlaşdığımız neqativlərdir - ya aldığımız məhsullar yaxşı deyil, ya yağlarda problem var, ya da mənşəyi məlum olmayan qidalar bizə zəhər kimi yedizdirilir.

Qida yaxşı olmayanda bu, insan beyninə də təsir edir və problemin ikinci qatı - təhsildə problem - yaranır. Məqsədim konkret bir hal üzrə fikir bildirmək deyil, çünki ölkədə qida və təhsillə əlaqədar o qədər problem səslənir ki, onları bir səhifəyə sığdırmaq mümkün deyil.

Deməli problemlər əzəldən başlayır, böyüyür, daha sonra səhiyyəyə iki cür sirayət edir. Birincisi, insanlar o qədər zəhərli qidaları qəbul edirlər ki, axırda səhiyyə onların dərdinə çarə tapa bilmir. Çarə tapmayanda da başqa diaqnozlar qoyulur, səhv müalicə ilə insanın həyatının rəngi qaralır. 

İkincisi, qida və təhsil sahəsindəki problemlərin harmoniyası elə həkimlər yetişdirir ki, onların zehni tamamilə fərqli yönə işləyir.

Sadaladığım üç sahə üzrə məsul şəxslərin daha çox varlanmaq instinktini də bura əlavə etsək, vəziyyətin acınacaqlılıq dərəcəsi çılpaqlığı ilə göz önündə canlanar.

Kimsə deyə bilər ki, niyə ki, ölkədə savadlı qida mütəxəssisləri, müəllimlər və həkimlər var, lakin mənə görə bunları tamamlayan ideal bir anlayış da xarakterdə olmalıdır. Bu, vicdandır, vicdan olmayanda ədalət hissi itir, məsuliyyət yoxa çıxır, kim nə istəyirsə, onu da edir. Vicdan mal satan insanlarda da olmalıdır! Ölmüş heyvanların, ölmüş at və ya eşşək ətlərinin satışını həyata keçirənlərin vicdanı təbii ki, aşınıb.

Qida sektoru üzrə çatışmazlıqları aradan qaldırmaq təkcə dövlət aparatının yox, həm də malsatan insanların şəxsi məsuliyyət və vicdanının səsi olmalıdır.

Bunlar təkcə adını qeyd etdiyim üç sahədə özünü göstərmir, başqa sahələrdə də kifayət qədər problemlər mövcuddur və onlar görünür ki, tənlikləri həll etməkdə çətinlik çəkirlər. Tənliklər öz həllini tapmadıqca isə problemlər genetikamıza da təsir edir.

Belə getsə, qurumlardan funksionallığını itirənlər rudiment olacaqlar, buna görə də, təcili həyəcan təbili çalınmalıdır.

Deməli, nəticə olaraq ona varırıq ki, bəlkə də qida sektorundakı problemlər bir mənbədən qaynaqlanmır, hərçənd ki, bazara çıxan mallara görə rəy yazanlar elə qurumlardır.

Digər iki - təhsil və səhiyyə - sahəsi isə daha çox aidiyyəti orqanların məsuliyyəti ilə əlaqəlidir.

Qidamız TƏMİZ, təhsilimiz ƏLA, səhiyyəmiz SAĞLAM olsun, yalnız bu zaman kollektiv məsuliyyət hissimiz artacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
232
oxu.az

1Sources