EN

Ölümü ilə hamını yandıran aktrisa - Hər şeyi səhnəyə qurban verdi

“Vəfa həyatının son dörd ayını xəstəxanada keçirdi. Son günlərində də onun yanında oldum. Hətta onun haqqında veriliş hazırlamaq niyyətində idim. Bir gün “hamıya veriliş hazırladın, bir məndən başqa” dedi. “Sənə yaxşı bir veriliş hazırlayacam, o verilişdə oynamaq istədiyin rolları üzə çıxaracam” deyəndə, çox sevindi. Hətta verilişin planını da tutmağa başladıq”. Bu sözləri mənə bir neçə il öncə Əməkdar artist, Milli Dram Teatrının aktrisası Vəfa Fətullayevanın əmisi oğlu, tanınmış kinorejissor Hafiz Fətullayev demişdi. “Ömür vəfa etsəydi” filmi ekranlara çıxanda isə Vəfa Fətullayeva artıq xərçəng xəstəliyindən vəfat etmişdi. Aktrisa dünyasını dəyişəndə 42 yaşı vardı….
Vəfa Fətullayeva ilk dəfə səhnəni 8-9 yaşından tanımışdı. Şekspirin “Qış nağılı”nda anası ilə eyni səhnədə rol alması onun gələcək sənət taleyini müəyyən edir. İki böyük sənətkarın - teatrın baş rəssamı Nüsrət Fətullayevin və SSRİ Xalq artisti Hökumə Qurbanovanın ailəsində doğulması, ailələrində teatr köklərinin olması onun səhnəyə gəlişində rol oynayır.

Vaxtilə onunla səhnədə oynayan, teletamaşalara birlikdə çəkilən aktyorlar indi Vəfa Fətullayevanı səmimi insan, vəfalı dost və bəxtsiz qadın kimi xatırlayırlar.

“Açın gözlərinizi, yoldaş İvanov, açın...”

“Mən 61 ildir teatrda işləyirəm. Vəfa teatra gələn gündən birlikdə çalışmışıq, müxtəlif tamaşalarda tərəf-müqabil olmuşuq”, - deyə Xalq artisti Rafiq Əzimov xatırlayır:

“Vəfanın teatra gəldiyi illər çox maraqlı idi. Görkəmli sənətkarımız Tofiq Kazımov onu institutda oxuduğu vaxtlarda İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə roluna dəvət etdi. Vəfanın bu rolu çox uğurlu alındı”. R.Əzimov mərhum aktrisa ilə birlikdə çəkildiyi “Göz həkimi” teletamaşasını xatırlayır: “Yaddaşımda daha çox qalan “Göz həkimi” teletamaşasındakı İradə obrazıdır. O tamaşada İvanov rolunu oynamağa sonradan dəvət olunmuşdum. Rol əvvəlcə Hamlet Qurbanova verilmişdi. Amma o, məşqlərə gələ bilmirdi. Rejissor Lütfi Məmmədbəyov bu rolu mənə verdi. Vaxtilə bu rolu teatrda Ağadadaş Qurbanov oynayırdı. Çətin, psixoloji bir roldur. İvanov rolu mənə tapşırılanda artıq çəkilişlər başlamışdı. Mən az qala şok keçirdim. Səhnələrim də Vəfa xanımla bir yerdə idi. Ona yaxınlaşıb “Əgər sizi məşqə saat 10-a çağırıblarsa, biz 9-da görüşək”, - deyə xahiş etdim. Vəfa xanım etiraz etmədi. Biz özümüz hər məşqdən əvvəl bir saat çalışırdıq ki, o biri aktyorlardan geri qalmayaq. Bu rolu demək olar ki, ikimiz bir yerdə hazırladıq. Çəkilişlər Botanika bağında həyata keçirilirdi. Xəstəxananın baş həkimi Nazim Əfəndiyev tamaşanın məsləhətçisi idi.

“Olarmı, xəstəxanaya gəlim, rolumun təbii alınması üçün xəstələrin müayinə və əməliyyat prosesini izləyim?” - deyə professora müraciət edəndə o, mənə şərait yaratdı. Mən doktor İradə xanımın gözümü əməliyyat edəndən sonra “Açın gözlərinizi, yoldaş İvanov, açın...” səhnəsini oynamaq üçün boş vaxtlarımda xəstəxanada həmin prosesləri izləyirdim. “Mahnı dağlarda qaldı” tamaşasında da onun Gülgəz rolu uğurlu alınıb. Hətta tamaşa Dövlət mükafatına təqdim olundu. Fuad Poladov hərbi xidmətə gedəndə Rəhman surətini mənə tapşırdılar. Mən yenə Vəfa xanıma müraciət etdim ki, birlikdə məşqlər edək. Yenə imtina etmədi, birlikdə məşq etdik”. R.Əzimov deyir ki, Vəfa Fətullayeva hər rolda başqalaşmağı bacarıb. Onun sevilməsinin, rollarının uğurlu olmasının səbəbi də bu idi: “Vəfanın şaqraq gülüşü indi də qulağımdadır. Ölüm ona yaraşmırdı. Hamımız onun xəstəliyini eşidəndə sarsılmışdıq. Vəfanın ailə həyatı da uğursuz oldu. Ölümündən bir neçə ay sonra atası da, anası da dünyasını dəyişdi. Onlar Vəfanın ölümünə dözmədilər. Vəfanın ölümü hamımızı yandırdı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
387
12
publika.az

10Sources