EN

Təhsil alan şəhid övladlarına daha bir imtiyaz verildi...

Image

Kamran Əsədov: “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əmanətlərinə xüsusi diqqətlə yanaşılmalıdır”

Universitetlərdə təhsil haqqından azad olan kateqoriyalara şahid ailələri də daxildir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azaddırlar.

Bu siyahıya özəl təhsil müəssisələri də şamil olunur. "Təhsil haqqında" qanuna dəyişikliyə əsasən özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 

“Bəzən elə hal olurdu ki, şəhid ailəsinin övladının dövlət universitetinə balı çatmırdı,   özələ imkanı uyğun deyildi, ancaq indi…” 

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Ali məktəbdə təhsil alan tələbələrin 105 mini ödənişli əsaslarla təhsilini davam etdirir: “Ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqqından azaddır. Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən şəhid ailələri üzvləri təhsil haqqından azaddır. Onlar bu imtiyazdan təhsilin bütün pilləri üçün istifadə edə bilər. Şəhid ailə üzvləri indiyədək yalnız dövlət təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alanlar təhsil haqqından azad idi. Ancaq indi özəl ali təhsil müəssisələrində də şəhid ailə üzvləri ödənişsiz təhsil ala biləcək. Bu olduqca yaxşı, alqışlanası qərardır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əmanətlərinə xüsusi diqqətlə yanaşılmalıdır. Məlumdur ki, sosial vəziyyətinə görə qeyd edilən kateqoriyaya aid edilənlər təhsil haqqını ödəyə bilmirdi. Özəl ali məktəblərdə şəhid övladlarının pulsuz təhsil alması həmin universitetlərin maliyyə dayanıqlığını təmin edəcək. Bu qərar ali təhsilin əlçətanlığına, keyfiyyətin artmasına və universitetlərin iqtisadi göstəricilərinin artmasına səbəb olacaq. Bəzən elə hal olurdu ki, şəhid ailəsinin övladının dövlət universitetinə balı çatmırdı, özələ imkanı uyğun deyildi. Ancaq indi şəhid balaları özəl universitetlərdə təhsillərini davam etdirəcək”.

Ekspert təklif edir ki, şəhid ailə üzvləri özəl orta ümumtəhsil müəssisələrində və liseylərdə də dövlət büdcəsi hesabına pulsuz təhsil ala bilsin. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources