EN

Şərəf və ləyaqət rəmzi olan Zərifə xanım kimyaçıların da hamisi idi

Akademik Zərifə xanım Əliyeva mənim hafizəmdə böyük alim, alicənab İnsan, Azərbay­can qadınının şərəf və ləyaqət rəmzi kimi qalmış­dır. Bu qənaəti istər tələbə və ya aspirant olduğum illərdə apardığım elmi-tədqiqat işlərinin nəticələ­rinin sınağı zamanı, istərsə də tələbələrin təd­ris-istehsalat təcrübələrinin rəhbəri kimi Bakı Şin Zavodunda, Yod Zavodunda, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir Rezin-Texniki Mə­mulatlar Zavodunda və "Azərelektroizolit" Zavo­dunda Zərifə xanımın müayinə etdiyi mühəndis-texniki işçilərdən onun haqqında eşitdiyim xoş xatirələr daha da gücləndirmişdir.

Zərifə xanım Əliyeva gör­kəmli elmi-tədqiqatçı olmaq­la yanaşı, həm də çox böyük praktiki işlər görürdü. O, zə­rərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstə­liklərinin yayılma qanunauy­ğunluqlarını aşkarlamaq üçün çoxlu müayinələr apar­mış və görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə araşdırmış, zərərli peşələrin törətdiyi göz xəstə­liklərini elmi surətdə əsas­landırmış, onların qarşısını almaq üçün əməli təkliflər vermişdir. Eyni zamanda, zə­rərli amillərin, məsələn, Bakı Şin Zavodunda və Mingəçe­vir Rezin-Texniki Məmulatlar Zavodunda ağ və qara dudanın, kaptaksın, tiuramın, tiazolların, ksantogenatların, plastifikatorların və digər on­larla zəhərli inqredientlərin, Mingəçevir “Azərelektroizolit” Zavodunda fenolun, formaldehidin, Sumqayıt Üz­vü Sintez İstehsal Birliyində diafraqma və civə üsulu ilə natrium hidroksid, xlorid turşu­su, sulfanol istehsalı və başqa üzvi birləşmələrin istehsalı, Gəncə gil-torpaq zavodunda metal tozlarının, o cümlədən boksit şlamının təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də öyrən­mişdir. Zərifə xanım Əliyeva yodla uzun müddət əlaqədar olan işçilərin görmə orqanının zədələnməsinin kompleks əlamətlərini də tədqiq etmişdir. Tədqiqatlarının nəticələri göstərmişdir ki, yodla uzun müddət təmasda olan işçilə­rin görmə qabiliyyəti zəiflə­yir, gözün işığa qarşı həssas­lığı pisləşir və göz təzyiqi ar­tır. Görkəmli alim sanki bu istehsal sahələrində həyə­can təbili çalmışdı. Yuxarı­da göstərilən istehsal sahələ­rində yenidənqurma işlərinin aparıldığı bir vaxtda Zərifə xanımın dəyərli elmi-tədqi­qat işlərinin nəticələri yeni yaradılan bütün zəhərli istehsal sahələrində bu gündə nəzərə alınmalı və sənaye ekologiyasına xüsusi diqqət yetirilməlidir.

Alimin elmi-tədqiqat işlə­rinin nəticələri “Şin istehsa­lında gözün peşə patologiya­sı”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologi­ya”, “Yod sənayesində gö­zün peşə xəstəliyinin profi­laktikası” kimi monoqrafiya­larda öz əksini tapmışdır. Bu monoqrafiyalar təkcə tibb iş­çiləri üçün yox, eyni zaman­da göstərilən istehsal sahələ­rində çalışan insanlar üçün də çox lazımlı əsərlərdir. Zərifə xanımın apardığı elmi-tədqi­qat işlərinin nəticələri “Azərbaycanın kimya səna­yesinin bir sıra müəssisələ­rində işçilərdə görmə orqanı­nın vəziyyəti" mövzusunda dissertasiya işində öz əksini tapmışdır. O, bu mövzuya həsr olunmuş doktorluq dis­sertasiyasını böyük müvəffə­qiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Zərifə xanım üçün elm məqsəd və ya diplom xatirinə olmamışdır, onun elmdə seçdiyi yol bunu təs­diqləyir. Xalqına, Vətəninə xidmət etmək sevinci onu bu istiqamətdə tədqiqat işləri aparmağa sövq etmişdir. Və­təndaşlıq mövqeyi, elitar zi­yalılıq, parlaq zəka, geniş erudisiya, təvazökarlıq və sadəlik onun elmi fəaliyyətinin səciyyəvi xüsusiy­yətləri idi. O, Azərbaycan oftalmologiya elmini bey­nəlxalq aləmdə tanıtmışdır. Dünyanın tanınmış oftalmoloqları Zərifə xanımın elmi tədqiqatları haqqında yük­sək fikirlər söyləmişlər. Akademik Zərifə xanım Əli­yeva ilk azərbaycanlı qadın­dır ki, beynəlxalq aləmdə ta­nınmış bir mükafata - aka­demik Mixail Averbax adına mükafata layiq görülmüş­dür.

İnsanların sağlamlığının qeydinə qalan, həyatının ən mənalı dövrünü bu xeyirxah işə sərf edən alicənab ziyalı, görkəmli alim, Azərbaycan qadınının şərəf və ləyaqət rəmzi akademik Zərifə xa­nım Əliyeva nəcib əməlləri ilə xalqımızın qəlbində özü­nə möhtəşəm bir abidə ucaltmışdır.

Keçmişə nəzər salmaq la­zımdır, çünki dünən bu gü­nün bünövrəsidir. Tarixən Azərbaycan qadınları həm ağıllı, həm də güclü olublar və bununla Azərbaycan qa­dınları öz sələfləri ilə fəxr edib. Bu gün Azərbaycan qa­dını Zərifə xanım kimi gör­kəmli alim - ləyaqətli qa­dınla fəxr edir. Bu, günkü gənc qızlarımız, qadınları­mız Zərifə xanımdan nümu­nə götürməli və gələcək nə­sillərin yad etməsi üçün iz qoymalıdır. Zərifə xanım da­im Azərbaycan xalqının yad­daşında həm görkəmli alim kimi, həm də ləyaqətli qadın kimi yaşayacaqdır, çünki o, vətənpərvər, insanpərvər, sadə, milli dəyərlərimizi qo­ruyan, təbliğ edən bu şəxsiy­yət idi.

Tamilla Naibova,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, k.ü.f.d.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
11
Sources
Comment ()
Close