Cənab Prezidentin Müstəqilliyimizin 100 illiyi ilə bağlı rəsmi qəbuldakı çıxışı zamanı dediyi “Əgər sağ olsaydılar, Cümhuriyyət qurucuları bugünkü Azərbaycanla fəxr edərdilər” sözlərini yəqin xatırlayırsınız.
Həqiqətən də fəxr edərdilər, ən azı o səbəbdən ki, onların dövlət kimi varlığını təsdiqlətmək üçün çarpışdıqları Azərbaycan əsrin əvvəlindəki beynəlxalq konyukturanın qalmasına rəğmən artıq regionun liderinə çevrilmiş və hətta BMT Təhlükəsizlik Şurasının üzvü ola bilmişdi.
Bu gün, ikinci Qarabağ savaşından sonra isə əminəm ki, ulu öndər Heydər Əliyevlə birgə Cümhuriyyət qurucularımızın da ruhları daha da şad və rahatdır. Həm də ona görə şad və rahatdır ki, bir zaman onlar Qafqazda Azərbaycan dövləti qurmağa çalşıdıqları halda hazırda Azərbaycanda, Qarabağda yeni Qafqaz qurulur. Ötən il iyunun 15-də iki qardaş dövlət arasında Şuşada imzalanan müttəfiqlik qətnaməsi, savaşdan sonra ora getmək istəməyən bəzi qərb ölkələrinin səfirlərinin indi qala qapıları önündə şəkil çəkdirib paylaşmaları, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının artıq milli passionarlıq paytaxtımıza da çevrilən o müqəddəs şəhərimizdə keçirilməsi bunun təsdiqi deyilmi? Və bu həm də onun təsdiqi deyilmi ki, yenə də dövlətimizin başçısının vurğuladığı kimi Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb?!
Əslində, təkcə Azərbaycan yox, “Bir millət, iki dövlət, tək festival” devizi altında Bakıda düzənlənən “Teknofest” də göstərdi ki, elə bu, Türkiyəyə də aiddir. Son 100 ildə Türkiyə də heç vaxt indiki kimi güclü görünməyib və ölkələrimiz də bu qədər bir-birinə həmdəm olaraq eyni hədəfə vurmayıblar.
Burada, əlbəttə, iki qardaş dövlətin liderinin böyük güclərin bütün əks cəhdlərinə rəğmən milli maraqlara dayanan müstəqil siyasət yeritməyi bacarmaları da az rol oynamır. Tanrı hər ikisinə yar, bayramınız qutlu olsun!
Millət vəkili Sahib Alıyev
Visiontv.az