İngiltərə, Yaponiya, Almaniya, Türkiyə, Qazaxıstan, Macarıstan və s. (ümumilikdə 10-dan çox ölkənin) ölkələrdən olan jurnalistlərə Ağdam Sənaye Parkında görülmüş işlər, burada sahibkarlıq fəaliyyəti üçün yaradılan işgüzar mühit, tətbiq ediləcək vergi və gömrük güzəştləri barədə məlumat verilib. Bildirilib ki, Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 9 rezident qeydiyyata alınıb.
Sonra xarici media nümayəndələri Sənaye Parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar.
Əmək Məcəlləsinin 89-cü maddəsində göstərilir ki, tam iş vaxtı – müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
Məcəllənin 90-cı maddəsinə əsasən, bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Təcrübədə istehsalat təqvimi əsasında 6 günlük iş həftəsi ilə işləyən müəssisələrdə yaranan maraqlı məqamı qeyd etmək istərdim. Hər il dekabr ayının sonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalat təqvimi” tərtib olunur. Həmin təqvimin Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən, tam iş vaxtı normasının, iş vaxtının cəmlənmiş uçotunun müəyyən edilməsi və digər iş rejimlərinin tətbiqində istfadə məqsədilə tərtib olunmasına baxmayaraq, altıgünlük iş həftəsi ilə çalışan müəssisələrdə bəzi aylarda iş saatları “İstehsalat təqvimi”ndə müvafiq aylar üzrə qeyd olunan iş saatlarına nisbətən az və ya çox olur. Bu zaman həmin müəssisələrdə aylar üzrə iş saatları “İstehsalat təqvimi”ndə qeyd olunan iş saatlarından az olarsa, həmin ay işçiyə az işləməsinə baxmayaraq, əmək müqaviləsi üzrə müəyyən olunan əməkhaqqı tam ödəniləcəkdir. Ancaq həmin müəssisələrdə müvafiq aylar üzrə iş saatları “İstehsalat təqvimi”ndə qeyd olunandan çox olduğu hallar üçünsə, əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən qurumun (Dövlət Əmək Müfəttişliyi Xidməti) yanaşması budur ki, artıq saatlar Əmək Məcəlləsinə əsasən, iş vaxtından artıq iş saatları kimi qiymətləndirilib, işçiyə əlavə əməkhaqqı ödənilməlidir.
Tutaq ki, “İstehsalat təqvimi”nə əsasən, 2022-ci ilin fevral ayında 160 iş saatı mövcuddur, lakin 162 saat iş vaxtı yaranıb. Bu halda, Əmək Məcəlləsinə əsasən, 2 saat üçün işçiyə əlavə əməkhaqqı ödənilməlidir.
Təcrübədə tam iş rejiminə uyğun olan və daha çox tətbiq olunan iş rejimi saat 09:00-da başlayıb 18:00-da bitir. Bununla bağlı ən çox verilən suallardan biri budur ki, göstərilən iki vaxt arasında faktiki 9 saat müddət olmasına başlayaraq, iş vaxtının uçotu cədvəlində (tabeldə) niyə iş vaxtı 8 saat qeyd olunur? Qanunvericiliyə əsasən, iş vaxtı ərzində işçiyə istirahət vaxtı və ya nahar vaxtı müəyyən olunur və həmin vaxt ərzində işçi işdən ayrılır. Təcrübədə nahar fasiləsi saat 13:00-14:00 arası – 1 saat müəyyən olunur. İstirahət və ya nahar vaxtı iş vaxtına daxil edilmədiyi üçün işçi saat 09:00-dan 18:00-dək 8 saat işləməlidir. Buna görə də müəssisələrdə tərtib olunan iş vaxtının uçotu cədvəlində (tabeldə) gündəlik 8 saat iş vaxtı qeyd olunur. İşçilər ilə bağlanan əmək müqaviləsində iş vaxtı müəyyən olunan zaman istər iş günü ərzində olan iş saatlarına, istərsə də həftəlik iş günlərinə xüsusi diqqət etmək lazımdır.
Əmək Məcəlləsinin 90-cı maddəsində həftəlik iş günlərinin sayının 5 və ya 6 gün müəyyənləşdirildiyi qeyd edilsə də, təcrübədə həftəlik iş günlərinin sayı tərəflərin razılığı ilə müəyyən olunur.
Misal: Tutaq ki, “HR & Accounting Center” MMC-də işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsində tərəflərin razılığı ilə həftədə 4 iş günü, 3 istirahət günü qeyd olunub. Bu, qanuna zidd deyil.
İşçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində aşağıda qeyd olunan normaları mütləq gözləmək lazımdır:
gündəlik iş saatı norması;
həftəlik iş saatı norması;
iş günlərində istirahət vaxtının və ya nahar vaxtının müəyyən olunması;
həftələrarası istirahət gününün (günlərinin) müəyyən olunması.
Bəzən müqavilədə işçinin iş vaxtı dəqiq göstərilmir, yəni sərbəst iş rejimi qeyd olunur. Bu, ciddi problemlər yarada bilər. İş və istirahət vaxtı əmək şəraitinin əsas şərtlərindəndir və əmək müqaviləsində dəqiq qeyd olunmalıdır.
Yekun olaraq bildirmək istərdim ki, Əmək Məcəlləsində qeyd olunan normaları gözləmək şərtilə, gündəlik iş saatları iş günlərində mövcud istirahət vaxtları, nahar fasiləsi vaxtları, həftəlik iş günləri və həftələrarası istirahət günlərinin vaxtları tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Adətən, iş günlərində istirahət vaxtı saat 13:00-dan 14:00-dək qeyd olunur. Amma bu o demək deyil ki, fərqli vaxtlar müəyyən oluna bilməz. Bununla bağlı qanunvericilikdə hər hansı tələb yoxdur. Həftələrarası istirahət günlərinin şənbə və bazar günləri olması ilə bağlı da qanunvericilikdə tələb yoxdur. İstirahət günləri, eləcə də iş vaxtı ərzində istirahət və nahar vaxtları tərəflərin qarşılıqlı razılığı ilə müəyyən oluna bilər.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı
Mayın 26-da Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verilib. Festival yerli startapların innovativ məhsul və xidmətlərinin tanıdılması, investorlara təqdim edilməsi və xarici startaplarla fikir mübadiləsi üçün əlverişli platformadır. Bu məqsədlə TEKNOFEST çərçivəsində müsabiqələr, “Take Off Baku” Startap Sammiti və sərgilər keçirilir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) açıq və qapalı məkanlarda keçirilən sərgilərin və “Take Off Baku” Startap Sammitinin əsas tərəfdaşlarındandır.
KOBİA-nın dəstəyi ilə yerli startaplar onlar üçün ayrılmış xüsusi stenddə innovativ layihə və həllərini təqdim edirlər. Burada kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s. kimi innovativ həllər nümayiş olunur. Qeyd edək ki, müvafiq layihələrə KOBİA-a tərəfindən “Startap” şəhadətnamələri verilib və qrant vəsaiti ayrılıb. Festival müddətində startaplar layihələrini investorlara və vençur fondlarına təqdim etmək imkanı əldə edəcək, eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışmaya qatılma imkanı olacaqdır.
KOBİA-nın stendində həmçinin, qonaqlar üçün müxtəlif müsabiqələr təşkil olunur. Sərgi ziyarətçiləri TEKNOFEST-in konsepsiyasına uyğun olaraq yeni texnoloji trendlərə və KOBİA-nın fəaliyyətinə dair sualları cavablandırmaqla hədiyyələr qazanacaqlar.
Festival çərçivəsində “Take Off Baku” Startap Sammiti də keçirilir. KOBİA-nın da əsas tərəfdaşlarından olduğu sammitin məqsədi regionda innovativ sahibkarlıq üçün əlverişli mühit yaratmaqla startup ekosisteminin inkişafına tövhə vermək və beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Sammit çərçivəsində investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və digər tədbirlər nəzərdə tutulur.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Festival mayın 29-dək davam edəcəkdir.
24-25 may tarixlərində 4SİM-in Koreya Respublikasının Milli İnformasiya Cəmiyyəti Agentliyi (NIA) ilə birgə təşkilatçılığı ilə “Koreya-Azərbaycan İKT seminarı” onlayn tədbiri keçirilib. Seminarın əsas mövzusu Koreyanın rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə bağlı ən yaxşı nümunələrini bölüşmək, bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etmək idi.
İki gün davam edən seminarda Koreyanın rəqəmsal iqtisadiyyat strategiyaları, rəqəmsal ticarət, məlumat (data) axını, “Ağıllı şəhər” siyasəti, Dördüncü Sənaye İnqilabı, “Ağıllı zavod”, rəqəmsal səhiyyə platforması ilə bağlı təqdimatlar keçirilib. Seminarda həmçinin “Rəqəmsal iqtisadiyyatda əməkdaşlığın gələcəyini formalaşdırmaq” və “Dördüncü Sənaye İnqilabının təşəbbüsləri və siyasəti” adlı panel sessiyalar təşkil edilib, iştirakçıların sualları cavablandırılib.
Seminarda dövlət qurumları ilə yanaşı, özəl sektor və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı son hesabatda qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətə düşməsinin koronavirus pandemiyası, geosiyasi gərginlik və iqlim dəyişikliyi təhlükəsi səbəbindən baş verdiyi vurğulanıb. Nəticədə bütün dünyada inflyasiya artıb, ərzaq və enerji məhsulları bahalaşıb.
BVF ekspertlərinin fikrincə, dünya iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq üçün bu addımların atılması zəruridir:
• ticarət məhdudiyyətlərinin yumşaldılması;
• borcların ödənilməsi probleminin, o cümlədən ödənişlərin restrukturizasiyası yolu ilə həll edilməsi;
• transsərhəd köçürmələr sisteminin modernləşdirilməsi;
• iqlim dəyişikliyi probleminin həll edilməsi.
BVF-nin hesabatında qeyd olunub ki, böhranın nəticələri ilk növbədə ən çox borclanmış ölkələrə və şirkətlərə təsir edəcək: onlar tədarük zəncirlərini yenidən qurmalı olacaqlar. BVF-nin qənaətinə görə, mənfi nəticələr əhalinin bütün kateqoriyalarına, o cümlədən ən zənginlərə də təsir edəcək.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasla görüşüb.
Nazir müavini qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. Vurğulanıb ki, Estoniya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verilir. Azərbaycanda iqtisadi sferanın müxtəlif sahələri üzrə 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir.
Sahib Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Estoniyanın iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ölkəsinin Azərbaycanla tərəfdaşlığın genişlənməsində, Estoniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı istiqamətləri və birgə təşəbbüslərin reallaşdırılması imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.
Qeyd edək ki, həmin gün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə kənd təsərrüfatı, dəmir yolları, logistika, rəqəmsal həllər, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən estoniyalı iş adamları və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüş keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.
Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti seminar keçirib.
Azərbaycan İnvestisiya Holdinqi ilə birgə təşkil olunan seminarda Holdinqin portfelinə daxil olan dövlət şirkətləri üçün "Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi" mövzusunda keçirilən təlimdə dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları ilə satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması müzakirə olunub.
Dövlət şirkətlərindən 50-dən çox nümayəndənin iştirak etdiyi seminarda satınalan təşkilatlar arasında mübahisəli məsələlərin həlli ilə əlaqədar fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Xəyyam Məmmədov təlim iştirakçılarına sertifikatlar təqdim ediblər.
“Kölgədən işıqlığa doğru” konsepsiyası uğurla tətbiq olunur
Son 3 ildə ölkənin əmək bazarında ciddi dəyişikliklər müşahidə edilir. Uzun illər qeyri-rəsmi əmək münasibətlərinə önəm verən sahibkarlar iş yerlərinin və əmək haqlarının “ağardılması”na önəm verməyə başlayıblar. Bunun əsas səbəbi 2019-cu ildən tətbiq olunan vergi təşviqləridir. Həmin təşviqlərin əmək bazarına təsirləri, vergi orqanlarının əmək və xidməti müqavilələrə olan tələbləri, bu sahədə görülən işlərlə bağlı suallarımızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə cavablandırır:
- Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən əmək münasibətlərinin şəffaflaşdırılması, özəl sektorda əmək müqavilələrinin bağlanmasına nəzarətin artırılması, "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, vergidən yayınmanın qarşısının alınması, bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verildi. Bu baxımdan, həmin dövrdə vergi sistemində aparılan islahatlar çərçivəsində ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə əmək bazarında vergi təşviqləri müəyyən edildi. Belə ki, vergi qanunvericiliyinə 2019-cu ildən edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan şəxslərin muzdlu işdən 8.000 manatadək əldə etdikləri gəlirləri 7 il müddətinə vergidən azad edildi. Özəl sektor üçün bu, çox əhəmiyyətli bir təşviqdir və 3 il sonra biz əldə edilmiş nəticələri qiymətləndirsək, əmək bazarına müsbət təsir etdiyini görə bilərik. 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 691 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşür.
691 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin
sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq
olunduğu qeyri-neft özəl sektorun payına düşür.
- Bəli, bu proses multiplikativ effekt daşıyır. Əmək bazarının şəffaflaşması özəl sektor üzrə digər müsbət tendensiyalara da yol açıb. Belə ki, islahatlar nəticəsində əmək müqavilələrinin sayının artması ilə yanaşı, illik əməkhaqqı fondu, dövlət büdcəsinə ödəmələrin məbləği də artıb. Əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqlarının da artımına səbəb olub. 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9%, o cümlədən qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib. Həmçinin, qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna 615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik.
- Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin, sahibkarlara isə şəffaf işləməyin vacibliyini bir daha ortaya qoydu. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə müvafiq Tədbirlər Planı təsdiq edildi. Tədbirlər Planına uyğun olaraq, iqtisadi artıma və sahibkarlığa dəstək məqsədilə muzdlu işçilərə əmək haqlarının ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyi, iqtisadiyyata güzəştli kredit dəstəyi, vergi güzəştləri və digər dəstəkləyici tədbirlər həyata keçirildi.
qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib. Həmçinin, qeyri-büdcə üzrə 2021-ci ilin
icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna
615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik.
Muzdlu işçilərə əmək haqlarının ödənilməsi dəstəyindən yalnız şəffaf işləyən sahibkarlar yararlana bildi. Belə ki, vergi ödəyiciləri maliyyə dəstəyi əldə edən zaman müraciət tarixinə faktiki əmək müqavilələri üzrə işçi saylarını elektron qaydada qeyd etməli oldular. Bu zaman onların məlumatları uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanırdı. Beləliklə, sahibkar maliyyə dəstəyini rəsmiləşdirilmiş iş yerləri və əməkhaqqı fondu üzrə əldə etmiş oldu. Bu proses də öz növbəsində iş yerlərinin rəsmiləşdirilməsinə, əməkhaqqı fondunun “ağardılmasına” daha bir stimul verdi. Məlumat üçün bildirim ki, sərəncamın icrası ilə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən ümumilikdə 01.05.2022-ci il tarixə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 25.184 vergi ödəyicisinin 243.962 nəfər muzdlu işçilərinin əmək haqlarının ödənilməsi üçün 250,8 milyon manat vəsaitin onların bank hesablarına köçürülməsi təmin edilib. Dövlətin sahibkarlara göstərdiyi maliyyə və digər zəruri iqtisadi dəstək nəticəsində Azərbaycan pandemiya dövründə əsas iqtisadi göstəricilərini həmin dövrün əvvəlinə olan səviyyədə saxlamağı bacardı.
- Məlumat üçün bildirim ki, Dövlət Vergi Xidmətində 2020-ci ildən “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə” Konsepsiya təsdiq edilib. Konsepsiyanının tələblərinə uyğun olaraq, işçiyə minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edən, o cümlədən təqdim olunmuş bəyannamələrdə sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirilən əməkhaqqı məbləğləri sahibkarın real potensialı, eləcə də həmin sektorda işləyən digər sahibkarların əməkhaqqı məbləği göstəriciləri ilə müqayisədə, həmçinin fəaliyyət göstərdiyi sahəyə, dövriyyəsinə və s. məlumalara görə fərqli olan vergi ödəyiciləri müəyyən edilir. Hər kəsə məlumdur ki, 2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum əməkhaqqının məbləği 300 manat müəyyən olunub. Bununla bağlı iş yerlərində yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik olunmalıdır. Dövlət Vergi Xidməti tərəfindən proqram təminatı vasitəsilə iş yerlərində bağlanmış əmək müqavilələrinə dair məlumatlar, o cümlədən əməkhaqları real vaxt rejimində izlənilir. Yanvar ayından bugünə artıq 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də əsas iş yerində tam iş qrafiki ilə işləyən sığortaolunanların əməkhaqqı məbləğlərinə dəyişiklik olunmayan müqavilələr qalmaqdadır. Bununla bağlı Dövlət Vergi Xidmətindən ödəyicilərə bildirişlər göndərilib. Əks halda, əməkhaqqı məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqıdan aşağı qeyd edən işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələbinə əsasən 1000 manatdan 1500 manatadək cərimə tətbiq ediləcəkdir.
dəstək nəticəsində Azərbaycan pandemiya dövründə əsas iqtisadi
göstəricilərini həmin dövrün əvvəlinə olan səviyyədə saxlamağı bacardı.
Araşdırmalar onu deməyə əsas verir ki, əmək müqavilələri qüvvəyə minmədən işlərə cəlbetmə və ya çalışdığı işə uyğun olmayan formal qaydada müqavilədə ölkə üzrə minimum əməkhaqqı məbləği səviyyəsində göstərən vergi ödəyiciləri daha çox tikinti, pərakəndə ticarət, xidmət, iaişə sahələrində fəaliyyət göstərir. Belə olan halda, sahibkar işçilərə uçotdan kənar əməkhaqqı verməklə işçilərin sosial təminatının və fərdi kapitalına yığılmalı məbləğin az olmasına səbəb olur. Biz bunu şərti olaraq “boz zonalar” adlandırırıq.
- Vergi orqanlarının apardığı yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb olunması faktlarını aşkara çıxarmaq məqsədilə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329, 2022-ci ilin 4 ayı arzində isə 1557 şəxs aşkar edilib. Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.
Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
əmək müqavilələrinə dair məlumatlar, o cümlədən əmək haqları
real vaxt rejimində izlənilir. Yanvar ayından bugünə artıq 5 aya yaxın vaxt
keçməsinə baxmayaraq, hələ də əsas iş yerində tam iş qrafiki ilə işləyən
sığortaolunanların əməkhaqqı məbləğlərinə dəyişiklik olunmayan
müqavilələr qalmaqdadır. Bununla bağlı Dövlət Vergi
Xidmətindən ödəyicilərə bildirişlər göndərilib.
- 2021-ci ildə Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib. Əmək Məcəlləsində tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib. Bu dəyişikliklərdə ən vacib və bu günə qədər mübahisə yaradan bir neçə hal var ki, həmin məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edərdim. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifə tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, bu zaman işçi ilə əmək müaviləsi bağlanılmalıdır. Əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman da tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir. Göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır. Mülki-hüquqi müqavilələr müvəqqəti xarakterə malik olduğu zaman müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranmış münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Mülki-hüquqi müqavilələrdə tərəflərdən biri digər tərəf qarşısında əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və sair kimi öhdəlikləri öz üzərinə götürürsə, bu cür münasibətlər də əmək münasibətləri hesab olunur.
2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329,
2022-ci ilin 4 ayı arzində isə 1557 şəxs aşkar edilib.
Çox zaman sahibkar işəgötürənin üzərinə düşən vergi öhdəliklərini azaltmaq məqsədilə işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayır. Belə olan halda, həmin şəxs vergi orqanında vergi uçotuna durmağa məcbur olur və bu zaman o, artıq vergi ödəyicisi kimi dövlət qarşısında öhdəliklərini (vergi, sosial ödənişlər, bəyannamələrin təqdim olunması, həmin bəyannamələri gecikdirdiyi zaman maliyyə sanksiyaları və cərimələrin ödənilməsi) yerinə yetirməyə borcludur. Dövlət Vergi Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı bu cür hallar aşkar edildikdə sahibkara vergidən yayınma halı kimi müvafiq tədbirlər görülür. Bu baxımdan belə həssas məqamlar əmək və xidməti müqavilələrin bağlanması zamanı mütləq nəzərə alınmalıdır.
Bütövlükdə, qanunvericilikdə edilmiş dəyişikliklər, biznesin fəaliyyətində “ağarma” proseslərinin sürət götürməsi, dövlət orqanları tərəfindən həyata çeçirilən müvafiq tədbirlər əmək bazarında şəffaflaşmanın, əmək müqavilələrinin və əməkhaqqı fondunun “ağarması”nın davam edəcəyinə əminlik yaradır.
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq AR Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
“Teknofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
Qeyd edək ki, “TEKNOFEST” indiyədək 4 dəfə təşkil olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Hərraca 43 dövlət əmlakı çıxarılıb. Bunlardan 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 30-u isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri arasında iaşə obyekti, yardımçı təsərrüfat, yun tədarükü məntəqəsi var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 16 kvadratmetrlə 9297 kvadratmetr arasında dəyişir.
Nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Hərraca çıxarılan 30 avtomobilin ilkin start qiyməti 1.500 manatla 6.750 manat arasında dəyişir. İstehsal tarixləri isə 1970-2011-ci illəri əhatə edir.
Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin;
2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;
2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;
2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;
3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2022-ci il
Ermənistanın dövlət borcu 4 il ərzində 2,58 milyard dollar artıb. Yerli mətbuatda yayılan məlumata əsasən, aprel ayında ölkənin dövlət borcunun məbləği 91,3 milyon dollar artaraq ümumilikdə 9,45 milyard dollara çatıb.
Hökumət antiböhran tədbirlərinin həyata keçirilməsi adı altında təkcə 2021-ci ildə dövlət borcunu 1,25 milyard dollar artırıb. Bu ilin ilk dörd 4 ayında isə dövlət borcu 222 milyon dollar artıb.
Bu məbləğin əhəmiyyətli hissəsi Mərkəzi Bank tərəfindən valyuta məzənnəsinin sabitləşməsi üçün istifadə edilib.
Hazırda Ermənistanda adambaşına düşən dövlət borcunun məbləği 3.200 dollara yaxındır. Bununla belə, borcun kəskin artması ümumi daxili məhsulun (ÜDM) proporsional artımına müsbət təsir göstərməyib.
Dörd il ərzində borc məbləğinin 2,45 milyard dolları xərclənsə də, nominal ÜDM artımı 1,6 milyard dollar olub. Orta yoxsulluq səviyyəsi isə gözlənilənlərin əksinə olaraq 27%-ə yüksəlib. Belə çıxır ki, borc ölkənin sosial-iqtisadi problemlərini həll etmək əvəzinə, mövcud problemləri daha da dərinləşdirib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın İqtisadiyyat, Maliyyə və Dirçəliş Nazirliyinin Baş Xəzinədarlıq İdarəsinin İkitərəfli əlaqələr və biznesin beynəlmiləlləşdirilməsi şöbəsinin müdiri xanım Maqali Sezana ilə görüşüb.
Elnur Əliyev Azərbaycanın Fransa ilə iqtisadi, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlığını qeyd edib, biznes dairələri arasında işgüzar əlaqələri diqqətə çatdırıb. Bildirilib ki, Fransa şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir, bir sıra layihələrin, o cümlədən infrastruktur layihələrinin reallaşmasında iştirak edirlər.
Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri, həyata keçirilən islahatlar, Ələt Azad İqtisadi Zonası, Fransa şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak imkanları barədə məlumat verilib.
Xanım Maqali Sezana ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın regionda etibarlı tərəfdaş, Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik ölkə olduğunu vurğulayıb.
Görüşdə AZPROMO və MEDEF arasında əməkdaşlığın inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təcrübə mübadiləsi, ticarətdə müxtəlif maliyyə mexanizmlərinin tətbiqi və s. məsələlər barədə müzakirələr aparılıb.
“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və dövriyyələrin şəffaflaşdırılması istiqamətində həyata keçirilən islahatlar qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının əhəmiyyətli artımına səbəb olub.
Məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
Rusiyanın MDB ölkələri vətəndaşlarının pensiya hüququ haqqında sazişdən çıxması indiyədək təyin olunmuş pensiyaların ödənilməsinə təsir göstərməyəcək.
Bu barədə Rusiya hökuməti özünün teleqram kanalında məlumat verib. Rusiya MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin üzvü olan ölkələrin hər biri ilə yeni müqavilələr imzalayacaq. Ölkə sazişdən 2023-cü il yanvarın 1-dən çıxacaq.
Rusiya hökuməti sazişin ləğv edilməsi ilə ölkənin Pensiya Fondunun 2023-2025-ci illərdə 18 milyard rubla yaxın vəsaitə qənaət edəcəyini bildirib.
Qeyd edək ki, MDB ölkələri vətəndaşlarının pensiya təminatı sahəsində hüquqlarının təminatı haqqında sazişin iştirakçıları Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandır.
Azərbaycan ilə Rusiya arasında bu sahədə ikitərəfli saziş mövcuddur. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” bu ilin aprelində Azərbaycan-Rusiya İqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanıb.
Sənədi hər iki ölkənin baş nazirlərinin müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən “Babək” firması, “Vuqma-qida” MMC, “Abşeron Treyd” MMC, “Xudafərin-1“ MMC, “Elsaan Group” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC, “Best-Tarım” MMC, “Tamashee Foods” MMC, “Araz Supermarket” MMC, “Al market” MMC, “Sun Food” MMC, “OBA Market” MMC, “Bazarstore” MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilir.
3 ildir həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: "İş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub".
Bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, yeni "Əmək və Məşğulluq" altsisteminin istifadəyə verilməsi ilə kadr inzibatçılığı insan resursları ilə əvəz olunacaq. Əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron qaydada həyata keçiriləcək.
Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunanenerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsini tədbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10% vergi tutulmamalıdır.
Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində isə göstərilir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Buradan aydın olur ki, emitent tərəfindən investisiya qiymətli kağızlar üzrə ödənilən dividendlər 10% vergidən azaddır. Göründüyü kimi, burada, ümumiyyətlə, səhmdar cəmiyyəti anlayışı yoxdur.
Vergidən azad olmaq üçün aşağıdakılar olmalıdır:
1. Dividendi ödəyən emitent;
2. Dividend adi qaydada yox, investisiya qiymətli kağızları üzrə ödənilməlidir.
Bəs emitent kimdir? İnvestisiya qiymətli kağızları nədir?
“Qiymətli kağızlar bazarı haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Deməli, emitent investisiya qiymətli kağızlarını emissiya edən hüquqi şəxsdir. Həmçinin, emitent təkcə ASC, QSC yox, MMC də ola bilər.
Mülki Məcəllənin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Məcəllənin 997.2-ci madəsində isə göstərilib ki, istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır.
Göründüyü kimi, qiymətli kağızlar çoxdur, investisiya qiymətli kağızları isə iki növdür - istiqrazlar və səhmlər.
Səhmlər ancaq səhmdar cəmiyyətləri tərəfindən emissiya edilə bilər. Yəni səhmlər üzrə təşkilati hüquqi forma Mülki Məcəllə və digər normativ aktlara görə ancaq səhmdar səmiyyətlərində olur. İstiqrazları isə müvafiq qaydada istənilən təşkilati hüquqi formalı hüquqi şəxs buraxa bilər. Odur ki, Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsindəki əməliyyatlar təkcə səhmdar cəmiyyətlərinə aid deyildir.
Ancaq səhmdar cəmiyyəti kimi qeydiyyata alınmış şəxs emitent sayılmır və adi halda 102.1.22.-ci maddə ona tətbiq edilmir.
Səhmdar cəmiyyəti emitent kimi Mərkəzi Bankda qeydiyyata alınandan və müvafiq qaydada milli depozit mərkəzində reyestrə düşəndən sonra ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsi tətbiq edilə bilər.
Misal: “AA” QSC qeydiyyata alınmış 100 səhmə malik hüquqi şəxsdir və iki səhmdarı vardır. Səhmdarların hərəsinin payı 50%-dir. QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata düşüb və depozit mərkəzindən çıxarış alıb. QSC 2020-ci ilin yekunlarına görə 100.000 manat, 2021-ci ilin yekunlarına görə 200.000 manat xalis mənfəət əldə edib.
Səhmdarlar 1 mart 2022-ci ildə qərara alıblar ki, 2020 və 2021-ci ilin xalis mənfəətindən 80.000 manat, 30 aprel 2022-ci ildə isə qərara alıblar ki, 120.000 manat dividend ödəsinlər. Bu zaman vergilər necə hesablanacaq?
QSC emitent kimi 1 aprel 2022-ci ildə qeydiyyata alındığına görə bu tarixə kimi ödənilən bütün dividendlərdən 10% vergi tutulacaq.
80.000x10% = 8.000 manat (vergi məbləği)
80.000-8.000 = 72.000 manat
72.000:2 = 36.000 manat.
Deməli, QSC 1 aprel 2022-ci ilə qədər hər səhmdara 36.000 manat dividend ödəyəcək.
30 aprel 2022-ci ildə ödənilən 120.000 manat dividenddən isə 10% vergi tutulmayacaq və hər bir səhmdara 60.000 manat dividend ödəniləcək:
120.000:2 = 60.000 manat.
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.
Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.