TAP-la Avropaya 5 milyard kubmetrədək Azərbaycan təbii qazı çatdırılıb

“Trans-Adriatik” boru kəməri (TAP) ilə indiyədək Avropaya 5 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.

Bu sözləri İtaliya mətbuatına açıqlamasında TAP-ın idarəetmə direktoru Luca Schieppati deyib.

O, TAP-ın qitənin təbii qaz sisteminin aktiv elementi olduğunu bildirib. Qeyd edib ki, bu ilin ilk 9 ayında İtaliyaya gündəlik 20-25 milyon kubmetr qaz nəql olunub. İlin əvvəlindən isə Yunanıstan-Türkiyə sərhədindən təxminən 5 milyard kubmetr təbii qaz idxal edilib. Boru kəməri tam gücü ilə fəaliyyətə düşdükdə İtaliyanın qaz istehlakının 10-11 faizini təmin edəcək.

TAP İtaliyada təbii qazın qiymət əyrisinə əhəmiyyətli təsir göstərməyi bacarır.

“Təbii qaz dekarbonizasiyanın ən yaxşı müttəfiqlərindən biridir. Mümkün qədər inteqrasiya olunmuş, eyni zamanda, hidrogenin inkişafına üstünlük verən bir istehsal qarışığı düşünməliyik. TAP artıq bunun üçün hazırlaşır. Boru kəməri ilə hidrogenin nəqli üçün araşdırmalar aparmışıq. Qarşıdakı 2 il ərzində Avropa bununla bağlı tənzimləyici çərçivə hazırlamağı planlaşdırır. Həmçinin Yunanıstanda istehsal olunacaq hidrogenin bir hissəsini TAP qazı ilə qarışdıraraq İtaliyaya nəqlini planlaşdıran “White Dragon” layihəsinə qoşulmuşuq”, - deyə L.Schieppati vurğulayıb.

O, TAP-ın ötürücülük qabiliyyətinin ildə 20 milyard kubmetrədək artırılması üçün aparılan bazar araşdırmasına dair ilk hesabatın oktyabr ayının ikinci yarısında dərc olunacağını qeyd edib.

L.Schieppati Avropa bazarında təbii qazın qiymətindəki kəskin artımın bir neçə amildən asılı olduğunu deyib. Bildirib ki, kömürdən istifadənin azalması, nəticədə daha çox qazın istifadəsinə səbəb olur, bu da qiymət artımında əsas rol oynayır. Həmçinin Asiya bazarlarına yönəldilmiş LNG axınları, Avropada daxili istehlak və ümumi tələbatın artması, Rusiyadan tədarüklərin azalması kimi amillər də qiymətlərdə öz əksini tapır.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. TAP Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. Boru kəməri Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edir. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

Boru kəməri TANAP ilə birləşib və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənib və İtaliyanın Puqlia bölgəsində sahilə çıxır. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşib. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Mənbə:
0
591
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar