• Şikayət et

Veteran boksçu: "Sotomayor azərbaycanlı ilə döyüşdə yerə sərilirsə..."

Legionerə o halda gərək duyular ki, həmin çəkidə sənin yerli idmançın olmasın. Sotomayor azərbaycanlı boksçu ilə döyüşdə yerə sərilirsə, ona təzədən nə ehtiyac var?".

Bunu Fanat.Az-a boks üzrə Azərbaycan yığmasının keçmiş üzvü Emil Məhərrəmov deyib. 2005-ci ildə Çində keçirilən dünya çempionatının bürünc mükafatçısı millimizin üzvlərinin Tokio 2020-dəki nəticəsindən danışıb:

"Olimpiadada nəticəmiz çox zəif oldu. Yaxşı nəticələr gözləyirdik. Ümidlərimiz doğrulmadı. Əslində, hakimlərin boksçularımıza qarşı bəzi məqamlarda haqsızlıq etməsi fikrini mən də bölüşürəm. Konkret deyim ki, Tayfur Əliyev və Cavid Çələbiyevin döyüşlərində yanlış qərarlar sözünü dedi. Yoxsa hər iki idmançımız medala doğru gedirdi. Cavid elə bir boksçudur ki, o, finala da çıxa, hətta çempion ola bilərdi. Sadəcə, mənim qəbul etmədiyim Sotomayorun irəli çəkilməsidir. Dominqesi başa düşdük, çəkisində onunla baş-başa gələn yerli boksçu yoxdur. Tokioda medal almasaydı belə, fikrim dəyişməyəcəkdi. İnsafən, uzun müddətdir yaxşı formadadır. Amma fakt budur ki, Sotomayorun çəkisində ondan da güclü azərbaycanlı var. Sayları bir deyil, iki deyil".

Hazırda məşqçi kimi çalışan veteran dəri əlcək ustası boksa diqqətin az olmasından gileylənib. Məhərrəmov keçmiş günləri xatırlayıb: "Olimpiya Oyunlarına lisenziyaların azlığında pandemiya ilə bağlı yeni təsnifat qaydalarının təsiri oldu. Minimum bir-iki vəsiqə də qazanmaq olardı. Qıraqda qalan boksçularımızdan Kamran Şahsuvarlı bir çox yarışlarda iddiasını ortaya qoyub, mükafat əldə edib. Ümumiyyətlə, pandemiya ölkədə idmanı arxa plana keçirdi. Boksçularımız Rio 2016-ya Amerikada hazırlıq keçmişdisə, indi əsasən ölkə daxilində və bir o qədər nəzərəçarpmayan yerlərdə oldular.

Digər idman növlərində də dövr əvvəlkilərlə müqayisədə zəif keçdi. Bircə cüdo hər cür şəraitlə təmin olunmuşdu.

Açıq danışaq ki, ölkədə boksa insanların diqqəti də əvvəlki səviyyədə deyil. Bizim vaxtımızda respublika çempionatında tribunalar ağzına kimi dolurdu, iynə atsan, yerə düşməzdi. İndi bəlkə, dünya çempionatı da keçirilsə, o qədər tamaşaçı gəlməz. Yaxşı xatırlayıram, mən o vaxt Azərbaycan çempionatında döyüşəndə bir yaşlı kişi yaxınlaşıb demişdi ki, bu yarışa səni izləmək üçün gəlmişəm.

Marağın azalmasının səbəbləri müxtəlifdir. Qayda dəyişikliklərinin də, boksçularımızın zəif çıxışının da rolu var. Boks Federasiyasında mütləq silkələnmə lazımdır. Azərbaycanda boksun ənənəsi olub. Vaxtilə biz dünyanın ən güclülərindən sayılmışıq".

Mütəxəssis Paris 2024-də uğursuzluqları sığortalamağın mümkün olduğunu düşünür: "Üç il az vaxt deyil. Təcrübəliləri qoruyub-saxlayıb, gəncləri də inkişaf etdirmək olar. Azərbaycanda yaxşı cavan boksçular indi də var. Boks bizim qanımızdadır. Nə qədər zəifləsək də, ənənə tam itməyib".

Sahib Əsədbəyli

Mənbə:
0
2057
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar