• Şikayət et

Təkbaşına yaralı yoldaşını təxliyə edən qəhrəman kəşfiyyatçı

“Sağ cinah kənd Horadiz olmaqla sol cinah Cəbrayılın Nüzgar kəndi istiqamətində mühasirəyə düşdük. O mühasirədə İlyas tək başına yaralı yoldaşımızı təxliyə eləmişdi. Biz başqa istiqamətə, İlyas başqa istiqamətə getmişdi. Və İlyasın çıxdığı, yarğan deyilən yer var, ora çıxmışdı. Oranı da artilleriya ilə vurmuşdu düşmən. Biz gəldik ki, artıq İlyas yaralıları təxliyə eləyib orada ilkin tibbi yardım göstərib və həmin yarğana söykənib bizi gözləyir”.

Bunu şəhid Arzuman Nəsirovun döyüş yoldaşı Asim Əliyev deyir.

APA TV xəbər verir ki, şəhid, İlyas Arzuman oğlu Nəsirov 1985-ci il iyulun 4-də Beyləqan rayon Milabad kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. O, kəşfiyyatçı əsgər kimi xidməti başa vurub doğma kəndinə qayıdıb. Ancaq İlyas Nəsirov ömrünü hərbə bağlayıb əsgəri ixtisasını daha da rəsmiləşdirir. Əlahiddə kəşfiyyat taburuna xidmətə qəbul olunur... Vətən müharibəsinə qrup komandiri kimi qatılıb.

Şəhidin anası Sona Mayılova deyir ki, İlyas uşaqlıqdan vətənsevər olubdur: “Həmişə, məsələn bir şey olanda bayraq götürürdü. Həmin dövrlərdə də müharibə olmuşdu. Bilirdi müharibə nədir. Birinci sinfə gedəndə evə bayraq gətirdi. Dedi ki, ana bunu müəllim vermişdi. Dedim hə yaxşı. Yekəldi, əsgərliyə getdi, əsgərlikdə də getdi bu kəşfiyyat qrupunda iştirak elədi.”
Orta məktəb illərindən vətənpərvərliyi və qoçaqlığı ilə seçilən Nəsirov çoğrafiya dərslərini daha mükəmməl öyrənib xəritə üzərində daha yaxşı işləməyi ilə yadda qalır. Məhz elə buna görə də o, öz ixtisasında daha da mahir olur.
İlyas Cəbrayıl, Füzuli və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Onun sonuncu döyüşü Qubadlı rayonunda olub. O, öz qrupu ilə rayonun Bala Soltanlı kəndini azad etdikdən sonra Padar kəndi istiqamətinə hərəkət edir. Məhz elə həmin döyüş İlyas Nəsirovun son döyüşü olur.

Şəhidin həyat yoldaşı Aytəkin Əliyeva onunla qürur duyduğunu deyir: “Şəhidlər yaşayır. Həqiqətən də belədir, şəhidlər heç bir zaman ölmür. Biz hər zaman İlyasın gəlməyini gözləyirik. Gözləyirik ki, bu dəqiqə İlyas qapını açıb içəri girəcək. Və deyəcək ki, mən gəlmişəm. Bizə ancaq bir söz qalır ki, Vətən sağ olsun.”
İlyas Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. İlyasın bir qız, iki oğul övladı yadigar qalıb.

Elgün Gəncimsoy

Mənbə:
0
560
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar