Paşinyan Gürcüstanın vasitəçiliyini Rusiyanın vasitəçiliyindən üstün tutur? - NƏ BAŞ VERİR?

Gürcüstanda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb. O qeyd edib ki, Türkiyə prezidenti Ermənistanla münasibətlərin normallaşması ehtimalını açıq şəkildə şərh edib: “Bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, avtomobil və dəmir yolların bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Daha geniş kontekst əldə edə biləcək belə bir söhbətə hazırıq”.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib ki, Qarabağ müharibəsi bölgə üçün çətin çağırış olub: “Ümid edirəm ki, müharibənin başa çatması ilə yeni imkanlara yol açılacaq. Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”.
İ.Qaribaşvili Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Bu, presedenti olmayan hadisə oldu. Gürcüstan bundan sonra da Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır”.
Gürcüstanın regionda vasitəçilik missiyası haqda bir müddət əvvəl Türkiyə prezidenti Ərdoğan da açıqlama vermişdi. Aydındır ki, həm Ankaraya, həm İrəvana münasibətləri yumşaltmaq üçün vasitəçi ölkə kimi məhz Gürcüstanın olması sərfəlidir. Gürcüstan da bu vasitəçilikdə maraqlıdır. Ehtimal etmək olar ki, Sürix razılaşması Qarabağın işğalı səbəbindən baş tutmadığı üçün bu dəfə Ankara-İrəvan danışıqlarının alınması perspektivi çoxdur. Hətta ilk belə təmaslar bu qış Tiflisdə gerçəkləşə bilər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bu vasitəçiliyin mümkünüyünü bir neçə səbəblə izah etdi: “Ermənistanın baş naziri Paşinyanın Gürcüstana səfəri zamanı regionumuzda vəziyyətin normallaşdırılması ilə bağlı verdiyi açıqlamalar və bu açıqlamaların məhz Tiflisdən verilməsi heç də təsadüfi sayıla bilməz. Normallaşdırma ilə bağlı fikirlərin Tiflisdən səsləndirilməsi məsələsinə gəldikdə isə bunu zəruri edən iki səbəb var. Birincisi odur ki, Ermənistanın nə Türkiyə, nə də Azərbaycanla diplomatik əlaqələri var. Belə olduqda müzakirələr üçün mütləq bir vasitəçiyə ehtiyac yaranır ki, hazırda bu missiyaya ən uyğun namizəd elə Gürcüstandır. Ona görə ki, Gürcüstan artıq belə təşəbbüslər edib və müsbət nəticə əldə olunub, ikincisi isə, Gürcüstan regionun hər üç ölkəsi-Türkiyə, Azərbaycan və Ermənistanla yaxın qonşudur və hər üçü ilə yaxşı müansibətlərə malikdir. Başqa bir səbəb isə odur ki, Paşinyan yenə də məlum səbəblərə görə Gürcüstanın vasitəçiliyini Rusiyanın vasitəçiliyindən üstün tutur. Bu çoxsaylı səbəblərdən biri də ondan ibarətdir ki, əgər regional əməkdaşlıq çərçivəsində Gürçüstan da iştirakçı olacaqsa, onda Rusiyanın vasitəçiliyi bu prosesdə o qədər də real görünmür. Çünki hələ də Gürcüstan Rusiya ilə diplomatik əlaqələri bərpa etməyib və yaxın vaxtlarda da belə bir hadisənin baş verəcəyi də gözlənilmir. Ancaq bütün hallarda Paşinyanın normallaşdırma ilə bağlı sölədiyi fikirlər ehtiyatlı optimizim yaradır”.
Politoloq Məhəmməd Əsədullazadə artıq Ankara-İrəvan münasibətlərinin qurulmasına Azərbaycan tərəfin etirazının olmadığını söylədi: “Ermənistanla Türkiyə əlaqələrinin normallaşması ilk növbədə hazırda Cənubi Qafqazda Ankaranın mövqeyinin güclənməsinə, həmçinin Ermənistanda Rusiyanın mövqelərinin zəifləməsinə, Azərbaycanla münasibətlərin normallaşmasına töhfə verə bilər. Artıq münaqişə bitib. Azərbaycanın da iki ölkə arasında əlaqələrin qurulmasına etirazı yoxdur. Ona görə də hazırkı perspektivdə cənab Ərdoğanın Ermənistanla əlaqələrin bərpası ilə bağlı mesajına Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə müsbət açıqlama verir. Tiflis burada vasitəçi ola bilər. Düşünürəm ki, belə əlaqələrin qurulması Zəngəzur dəhlizinin açılmasına da gətirə bilər. Ona görə də düşünürəm ki, yaxın perspektivdə Ermənistan siyasi iradə göstərəcək. Ankara ilə sərhədlərin açılması və əlaqələrin bərpası Sürix protokolu ilə tənzimlənə bilər. Bu, regionda kommunikasiyaların açılmasına və təhlükəsizliyin təmininə gətirə bilər. Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasını sabotaj etməyə cəhd edə bilər. Bunu İrəvanda anlayırlar. Nikol Paşinyan sürüşkən siyasətini burada da tətbiq etməsə, Ankaranın mesajlarına praktiki olaraq əməl edəcəksə, siyasi əlaqələr qurula bilər”.

Mənbə:
0
170
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar