“Neftçi”dən çox, “Qarabağ”a inanıram - Vaqif Paşayev

Bu gün iki avrokubok təmsilçimizin – "Qarabağ” və "Neftçi”nin vacib oyunları var. Ağdam klubu Bakıda Kipr AEL-ini sınağa çəkəcək, paytaxt təmsilçisi isə Helsinkidə HİK-i adlamağa çalışacaq. Hansı komandamız daha şanslıdır?

Fanat.Az təcrübəli mütəxəssis Vaqif Paşayevin "Neftçi” və "Qarabağ”ın şansları ilə bağlı fikirlərini öyrənib.

HİK – "Neftçi”

"Mən "Neftçi”dən çox, "Qarabağ”a inanıram. Çünki Bakıdakı oyunda komandanın xeyli əziyyət əziyyət çəkdiyini hamımız gördük. Oyunu məğlubiyyətdən xilas etsələr də, görünürdü ki, rəqibə bata bilmirlər. Əksəriyyət "Neftçi”də problemin müdafiə xətti ilə bağlı olduğunu deyir. Mən isə əksini düşünürəm: problem hücumdadır. "Neftçi” kimi komandanın hücumçusu yoxdur. Ya da belə deyək, yalnız Namik Ələsgərovdan asılı olmaları heç də yaxşı hal deyil. Bildiyimə görə, onu səfərə aparmayıblar. Deməli, "Bursaspor” söhbəti var, mümkündür ki, Türkiyə klubuna keçsin. Belə olan halda çempionatın startına 3-4 gün qalmış hücumçu axtaracaqlar? Mirabdulla Abbasov niyə ilk dəqiqələrdən oynamır? Əslində mən başqa klubun məşqçisiyəm, qarışmağım doğru anlaşılmaz. Amma bunu bir mütəxəssis, Avropada çıxış edən komandamıza canı yanan biri kimi deyirəm. Bu gün "Neftçi”də əsas yük yarımmüdafiəçilərin çiynindədir. İlk görüşdə qolları məhz orta sahə oyunçuları vurdu. Açığı, eyni vəziyyətdən 10 cəhd etsən, bəlkə elə qol alınmazdı. Yaxşı ki, hər ikisi qol oldu və "Neftçi” cavab görüşü üçün şansını saxladı. Fikrimcə, təmsilçimizin şansları 50-50-yədir”.

"Qarabağ” - AEL

"Qarabağ”ın AEL-i məğlub edib pley-offa adlayacağına əminəm. Əvvəla, Kipr klubu həm özü oynayır, həm də rəqibə oynamaq imkanı verir. Qurban Qurbanovun komandası səfərdə bir neçə əlverişli imkan əldə etdi, ancaq onlardan yalnız birini reallaşdıra bildi. Az əvvəl "Neftçi”də qabartdığım hücumçu problemi "Qarabağ”da da var. Komanda 3 oyunda cəmi 2 dəfə fərqlənə bilib. Mahir Emrelinin vuran ayağı var idi. Ramil Şeydayev isə hələ ümidləri doğrultmur. Ümumiyyətlə, Azərbaycanda məhsuldar, eyni zamanda taran tipli forvard qıtlığı hökm sürür. Halbuki, futbolsuzluq dönəmində də bizdə yaxşı hücumçular yetişib. Bir qədər də irəli boylansaq, Banişevskimiz, İsgəndər Cavadovumuz, Nazim Süleymanovumuz, Vəli Qasımovumuz olub. Son 10 ildə isə yoxdur! Təkcə Mahir Emreli, vəssalam!

"Qarabağ”ın müdafiə xəttində, xüsusilə mərkəzdə sabitlik çatışmır. Bu da səbəbsiz deyil. Müdafiəçilər tez-tez sıradan çıxır. Bədavi Hüseynov zədəlidi, Rahil Məmmədov İsraildə sıradan çıxdı. Maksim Medvedov cəzalı duruma düşmüşdü. Deməzdim ki, yetirməm, hazırda köməkçisi olduğum Rəşad Sadıqovun gözü qalıb. Rəşad lider idi, o, heyətdə yer alanda, həm müdafiədəkilər, həm də bütövlükdə komanda yoldaşları sərbəst oynayırdılar. Onun yoxluğunda Azərbaycan futbolu lider sıxıntısı yaşayır. Heç bir klubda Rəşad karakterli futbolçu görmürəm.

AEL-lə ilk oyunda yaşananlar bu gün baş verməməlidir. Ona görə ki, səfərdə kiprli azarkeşlər aqressivlik nümayiş etdirib "Qarabağ”a təzyiq göstərmişdilər. İnsafən, rəqib məşqçi və ya futbolçular normal davranmışdılar. Bakıda kiprli azarkeş olmayacaqsa, rəqib komandaya qarşı eyni münasibəti göstərmək lazım deyil. Əvvəla, biz elə millət deyilik. Qonağa hörmət göstərmişik, göstərməliyik. Yaxşı olar ki, AEL-in cavabını meydanda verək, onlara kimin güclü olduğunu başa salaq. Başqa hərəkət isə komandamıza da, imicimizə də ziyan vurar”.

Mirağa

Mənbə:
0
477
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar