Azərbaycanlı iş adamı Mübariz Mənsimov Şuşada aksiya keçirən ekoloqlara müraciət edərək onlara dəstək olmaqla bağlı təklif edib. Bu barədə iş adamı öz facebook hesabında paylaşıb.
"İki gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinin keçirdiyi etiraz aksiyasını izləyirəm. Əli silahsız insanlar Vətən uğrunda avtomat, pulemyot, hətta qumbaraatanlarla silahlanmış rus "sülhməramlıları" ilə qarşı-qarşıya dayanıb. Bu, mərdlik, cəsurluq, vətənpərvərlik nümunəsidir. Bu, əsl qorxmazlıqdır. Bu, Azərbaycan insanının daxili aləminin gözəlliyini göstərir. Hər bir kadrı, hər bir danışığı həyəcanla izləyirəm. Ürəyim, qəlbim, ruhum sizinlədir, qardaş və bacılarım. Sizə istənilən köməyi göstərməyə hazıram. Canla-başla... Bir kəlmə sözünüz yetərlidir. Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın... Necə ki, dayanırsınız... Hər biriniz böyük və şanlı tariximizin daha bir səhifəsini yazırsız. İmzanızın səsi xoşbəxt gələcəyimizdə mütləq səslənəcək" - iş adamı yazıb.
Bazar ertəsi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və ictimai fəalların sülhməramlılarının erməni təxribatlarına qarşı Şuşanın girişində aksiya keçirirlər. Belə ki, onlar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaradılmasını tələb edirlər.Aksiya iştirakçıları Sülhməramlıların rəhbəri Andrey Volkovun aksiya yerinə gəlməsini tələb edirlər.
Ekoloqlar bildirir ki, ona Azərbaycanın müvəqqəti sülhməramlılar yerləşdirilmiş ərazilərində həm ekoloqlar, həm də QHT-lər tərəfindən monitorinqin keçirilməsi tələbi çatdırılacaq.