• Şikayət et

Brüssel görüşündən dərhal sonra Ankara, Moskva, Bakı, İrəvan və Vaşinqton bir anda hərəkətə keçdi...

Bəhruz Quliyev: “Bütün bunlar onu göstərir ki, sonuncu görüş beynəlxalq diqqət mərkəzindədir”

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan görüşdükdən dərhal sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hər ikisi rusiyalı həmkarı Sergey Lavrovla, Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla, Ermənistanın baş naziri Nikol Paşinyan isə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Sözügedən təmaslarda tərəflər Brüssel görüşünün təfərrüatları barədə fikir mübadiləsi aparıblar.

Maraqlıdır, bütün bunların demək olar eyni vaxtda baş verməsi nə anlam ifadə edir? Belə həssas maraq nədən irəli gəlir?

“Bunların hər biri regional sabitliyin, sülhün, inkişafın əldə edilməsinə hesablanıb”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bunu bir sıra faktorlarla əlaqələndirdi: “Bütün bunlar onu göstərir ki, sonuncu görüş beynəlxalq diqqət mərkəzindədir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü və vasitəçilyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü yalnız regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. O üzdən, burada bir neçə aspektlər mövcuddur. Məhz həmin görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rusiyalı həmkarları Sergey Lavrovla telefon danışıqları aparmaları, eləcə də, Prezident İlham Əlyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla, Paşinyanın isə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışmaları bu məsələnin kifayət qədər diqqət mərkəzində olduğunu göstərir. Ümumiyyətlə, tərəflərin Brüssel görüşünün təfərrüatları barədə fikir mübadiləsi aparmaları və paralel olaraq eyni vaxtda baş verməsi də bəzi məqamlara aydınlıq gətirir. Sirr deyil ki, Rusiya məlum səbəblərə görə regiondakı maraqlarını itirməyə başlayıb və bu gün açıq-aydın şəkildə deyə bilərik ki, regionun lider dövlət kimi Türkiyə daha çox öz uğurlu fəaliyyəti ilə seçilir. Nəzərə alsaq ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər yalnız Qarabağ mövzusunda deyil, digər geosiyasi maraqlar üzərində də paralellik təşkil edir, o zaman mənzərə tam aydınlaşır. Bu zaman əminliklə qeyd edə bilərik ki, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan bütövlükdə bir sıra digər mövzularla da əlaqəli qarşılıqlı hesabatlar verirlər, məsləhətləşmələr aparırlar, nəticələrə gəlirlər. Təbii ki, bu, eyni zamanda strateji müttəfiqlik baxımından da faydalıdır. Həmçinin, bu gün Türkiyə ilə Azərbaycan ölçüyəgəlməz dərəcədə birgə siyasi baxışlarını beynəlxalq siyasi arenaya təqdim edirlər. Əlbəttə ki, bütün bunlar müttəfiqlik reallıqlarının məntiqi nəticəsidir. Yəni, Türkiyənin maraqları Azərbaycan üçün, Azərbaycanın da maraqları Türkiyə üçün əhəmiyyət kəsb edir. Bunların hər biri regional sabitliyin, sülhün, inkişafın əldə edilməsinə hesablanıb”.

Politoloq onu da qeyd edib ki, bu reallıqdan fərqli olaraq, Paşinyanın ABŞ-ın dövlət katibi Blinkenə zəng etməsi və hesabat verməsi tamamilə fərqli məsələdir və burada daha çox görünən amil Paşinyanın “ev tapşırığıdır”: “Məhz bu yanaşmadan çıxış etsək deyə bilərik ki, Ermənistanın baş naziri Qərbin uşağıdır və o Qərbdən verilən tapşırıqları icra edir, ardınca isə hesabatını verir. Əbəs deyil ki, erməni baş nazirin siyasi idarəçisi özü deyil, onun ipi bilavasitə ABŞ-ın siyasi diarələrinə bağlı olan, hətta həmin dairələrə sifarişlər verən Sorosun əlindədir. Təkcə Soros faktorunu Paşinyanla əlaqələndirsək artıq bütün mənzərə çılpaqlığı ilə ortaya çıxmış olur. Hətta deyərdim ki, ABŞ da Brüssel görüşünün hesabına Rusiyanı regiondan çıxdaş etməyə çalışır, üstəlik Türkiyənin də artan nüfuzuna müəyyən baryerlər qoymağa çalışır. Düşünürəm ki, sonuncu Brüssel görüşündən sonra edilən telefon zənglərini bir neçə hissəyə bölmək olar. Azərbaycan və Türkiyə regional inkişafın və sülhün təmin olunması istiqamətində dolğun, səmimi, səlis addımlar atırlar. Rusiya get-gedə zəifləyən maraqlarını tamamilə itirməmək üçün hələ də Ermənistan vasitəsi ilə təzyiqlər göstərməyə cəhdlər edir. ABŞ-ın isə maraqları hər iki cinaha qarşıdır və amerikalılar öz uşaqları olan Paşinyan vasitəsilə təsir imkanlarını önə sürməyə çalışırlar. Ancaq fakt budur ki, regionu minlərlə kilometrlərdən idarə etməkdənsə, elə regional ölkələrlə sabitliyə doğru aparmaq olar”.

Bütün bunlardan çıxış edən politoloq hesab edir ki, proseslərin gedişi Azərbaycanın xeyrinədir.

Vidadi ORDAHALLI

Mənbə:
0
182
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar